Azərbaycan tolerant ölkədir
Digər xəbərlər

Azərbaycan tolerant ölkədir

Qarabağda yaşayan ermənilər də bütün azlıqlar kimi, eyni hüquq və təminatlardan yararlanacaqlar

"…Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Beləliklə, bu, iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır. Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, "ixrac edilmiş" düzgün ifadə deyil, mən yəqin ki, "gizli yolla keçirilmiş" ifadəsini üstün tutardım…".

Bu sözləri fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı həmçinin bildirib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və buradakı bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar.

Moskvanın Ruben Vardanyan layihəsinin Qarabağda yaşayan erməni icması ilə danışıqlara zərbə vurması hər kəsə aydındır. Erməni icması ilə rəsmi Bakı arasında olan danışıqlara mane olmaq üçün Şərqi Zəngəzura göndərilən Vardanyan özünü nə qədər Qarabağ ermənilərinin təəssübkeşi kimi göstərsə də, əslində yerli ermənilər tərəfindən sevilmədiyi də açıq-aşkardır. Qərbin sanksiyalarından qaçıb Qarabağa sığınan rusiyalı oliqarx Şərqi Zəngəzurda "vəzifə" tutmaqla bu proseslərdən kənarda qalmaq istəyirdi. Separatçıların "dövlət naziri" sülhməramlı kontingentin yerləşdiyi ərazilərə gəldiyi ilk gündən talançılıqla məşğul olaraq əməlləri ilə sübut edirdi ki, Qarabağda yaşayan 20-25 min erməni onun və havadarlarının maraqlarından üstün deyil. "Çirkli pulların" yuyulmasının peşəkarı olan milyarderin kimlərinsə əlaltısı olmasını təkcə Azərbaycan dövləti deyil, xarici ölkələr, beynəlxalq təşkilatlar, media nümayəndələri də bilir. Təsadüfi deyil ki, separatçı rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyan BBC-nin "Hard Talk" verilişində Stephen Sackurun suallarını cavablandırmaqda çətinlik çəkmişdi. Aparıcı ona bildirəndə ki, sizin Qarabağla heç bir əlaqəniz yoxdur, buna cavab olaraq erməni xislətinə yaraşan tərzdə yalan danışmışdı. Qarabağın erməni icması bəlkə Vardanyanın bu oyunlarını gec də olsa başa düşüb və onu "dövlət naziri" vəzifəsindən azad edib. Rusiyalı oliqarxın sonrakı taleyinin necə olacağı isə hələ ki, məlum deyil.

Azərbaycanda Ermənistandan fərqli olaraq əsrlər boyu bütün dinlərin, etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Bu məsələ ilə bağlı Azərbaycan dövlətinin mövqeyi milliyyətindən asılı olmayaraq dəyişməz qalacaq. Müzəffər Ali Baş Komandan müharibəni qalibiyyətlə başa vurduqdan sonra deyib: "Qarabağda "status"la bağlı məsələ aydındır. Bəs Qarabağda yaşayan erməni əhalisinin taleyi necə olacaq? Burada da Ermənistan rəsmilərinin təlaşa düşmələrinin və yeri gəldi-gəlmədi Qarabağ ermənilərinin hüquqlarından danışmalarına heç bir lüzum yoxdur. Respublikamız dünyaya tolerantlıq, multikulturalizm nümunəsi göstərir. Ölkəmizdə milli-dini ayrı-seçkilik yoxdur. Burada ayrı-ayrı xalqların nümayəndələri yaşayırlar və bütün hüquqlardan istifadə edirlər. Azərbaycan Qarabağda erməni əhalisinin yaşamasında da hər hansı bir problem görmür. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq… Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır".

Ölkəmizdə ləzgilər, yəhudilər, ruslar, talışlar, avarlar, türklər, tatarlar, tatlar, ukraynalılar, saxurlar, gürcülər, ermənilər, kürdlər, qırğızlar, udinlər, xınalıqlar və digər millətlərin nümayəndələri yaşayırlar. Azərbaycan müxtəlif etnik qrupların, millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə fərqli inanclara malik xalqların nümayəndələrinin qədim tarixə söykənən əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik kimi dəyərlərin müstəsna rolu vardır. Bunun məntiqi nəticəsidir ki, təkcə Bakı şəhərində 30 min erməninin yaşadığı bildirilir. Regionun monodövləti olan Ermənistanda isə vəziyyət çox fərqlidir. Bu ölkədə çoxmillətlilik anlayışı yoxdur. Azərbaycanla illərdir apardıqları müharibələrə baxmayaraq, Bakı erməniləri bu günə kimi dini və etnik mənsubiyyətlərinə görə heç bir problemlə üzləşməyiblər. Qədim Azərbaycan torpaqlarında qurulan bu dövlət azərbaycanlıları dədə-baba yurdlarından deportasiya etməklə yanaşı, tarixi-mədəni irsimizi də məhv edib.

Musa BAĞIRLI,

"Respublika".