Azərbaycan Tibb Universitetinin professoru İnönü  Universitetinin Fəxri doktoru seçilib
Türk dünyası

Azərbaycan Tibb Universitetinin professoru İnönü  Universitetinin Fəxri doktoru seçilib

Türkiyə
Türkiyə və Azərbaycan arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasındakı səhiyyə sahəsində əlaqələrin qurulması, müstəqilliyimizin ilk illərinə təsadüf edir. İlk dəfə 1994-cü ildə Türkiyə və Azərbaycan arasında səhiyyə və tibb elmi sahəsində ikitərəfli əməkdaşlıq Protokolu imzalanıb. Protokola əsasən hər iki ölkənin tibb universitetləri, həkimləri, təkmilləşdirmə institutları, səhiyyə müəssisələri arasında əlaqələr qurulub və protokolun bütün müddəaları hazırda layiqincə yerinə yetirilir.

Hazırda, Türkiyənin 20-yə yaxın nüfuzlu universiteti, Azərbaycan Tibb Universiteti ilə səmərəli əməkdaşlıq edir. Belə təhsil müəssisələrindən biri də İnönü Universitetidir. Hər iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlıq əlaqələri 2010-cu ildən başlayıb. 2012-ci ildə İnönü Universiteti ilə müqavilə bağlanıb və əməkdaşlıq rəsmiləşib.  Qarşılıqlı əməkdaşlıq sayəsində, bu günlərdə (ATU) I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov İnönü Universitetinin Fəxri doktoru seçilib.  Fəxri doktor diplomunu universitetin rektoru, Prof. Ahmet Kızılay azərbaycanlı alimə təqdim edib. O, qeyd edib ki, ATU ilə İnönü Universiteti və Qaraciyər Nəqli İnstitiutu arasında əlaqələr iki qardaş ölkə arasındakı əməkdaşlığın ən yaxşı örnəklərdən biri hesab olunur.

 Ahmet Kızılay vurğulayıb ki, Professorlar Dr. Sezayi Yılmazın və Prof. Nuru Bayramovun həmsədirliyi ilə 2015-ci ildən etibarən  hər il fevral-mart aylarında Bakı-Malatya Transplantasiya Günləri adlı beynəlxalq konfrans keçirilir.

Həmçinin hər il İnönü Universiteti Qaraciyər Nəqli İnstitutunda qaraciyər transplantasiyası üzrə beynəlxalq tərdis kursları keçirirlir. Bu kursların birində eyni gündə beş canlı qaraciyər transplantasiyası yerinə yetirilib və Ginnesin Rekordlar Kitabına düşüb. İndiyədək Azərbaycandan olan 15 nəfərdən çox həkim və tibb bacısı Qaraciyər Nəqli İnstitutunda bir il  müddətində ixtsasartırma kursu keçib.

Esmira Yazkan Aslanova,

‘‘Respublika’’ qəzetinin Türkiyə üzrə müxbiri.