Azərbaycan neokolonialist siyasətə qarşı kəskin mövqeyi olan ölkədir
Siyasət

Azərbaycan neokolonialist siyasətə qarşı kəskin mövqeyi olan ölkədir

Bakı Təşəbbüs Qrupu (BTQ) XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir. Bu məqsədlə oktyabrın 20-də paytaxtda BTQ-nın təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçirilib. Toplantıda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsika təmsilçiləri də iştirak edib.

Mövzu ilə bağlı konfransda iştirak edən politoloq Tural İsmayılov bildirib ki, bu gün dünyada neokolonializm qəbuledilməz bir siyasətdir: "Xüsusilə insan hüquqlarının və beynəlxalq bəşəri dəyərlərin bu qədər aktual olduğu bir məqamda  neokolonializmin dünyada hələ də davam etdirilməsi və insan haqlarına zidd olaraq müstəmləkəçilik siyasətinin dünyada trendləşdirilməsi əsla qəbuledilməzdir. Azərbaycan dünya səviyyəsində istər Qoşulmama Hərəkatının sədri kimi, istərsə də BMT platformalarında neokolonialist siyasətlərə qarşı kəskin mövqeyi olan ölkələrdən biridir. Bakıda BTQ tərəfindən neokolonializmə qarşı mübarizə çərçivəsində keçirilən konfransın çox böyük əhəmiyyəti var. Çünki nəzərə almaq lazımdır ki, Azərbaycan müstəmləkəçiliyin və onun yeni formalarının bütün növlərinə qarşı  kəskin mübarizə aparır. Biz heç bir zaman kolonialist siyasətlərin dünyada trendləşdirilməsinə göz yummamışıq. Ölkəmizin bununla bağlı prinsipial, aydın və dəqiq mövqeyi var. Bu baxımdan hesab edirəm ki, bu gün Azərbaycan paytaxtında Fransanın müstəmləkəçi siyasətinin təsiri altında olan və imperialist siyasətin bütün acılarını, ağrılarını yaşayan ölkələrin, xalqların, adaların nümayəndələrinin çıxışları da bu siyasətin nə qədər çirkin olduğunu ortaya qoymuş oldu. Tədbirdə Fransanın müstəmləkəçilik siyasətindən narazı olan yerli xalqlar öz mədəniyyətlərinin, dəyərlərinin, ənənələrinin Fransa tərəfindən məhv edildiyinə etirazlarını bildirdilər. Hesab edirəm ki, dünya birliyi bu məsələdə vahid konseptual mövqeyə malik olmalı və həmrəylik nümayiş etdirərək Fransanın çağdaş dünyanın prinsipləri ilə ayaqlaşmayan bu siyasətinə etiraz etməlidir".

Tural İsmayılov,

politoloq