Azər Badamov: Ordumuz mülki əhalini əsla hədəf almayıb
Siyasət

Azər Badamov: Ordumuz mülki əhalini əsla hədəf almayıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən ölkəmizin Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Bu xüsusda, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Məsələ ilə bağlı millət vəkili Azər Badamov "Respublika"-ya açıqlama verib. Deputat bildirib ki, Azərbaycan İkinci Qarabağ savaşındakı qələbəsindən sonra müharibənin başa çatdığını elan etmişdi:

"Azərbaycan üç ilə yaxın bir dövrdə silahların yenidən işə düşməsini istəmirdi və bu müddət ərzində Ermənistanla sülh müqaviləsinin bağlanması üçün müxtəlif platformalarda danışıqlara gedirdi. Ermənistan isə danışıqlar prosesini müxtəlif növ təxribatlarla manipulyasiya edir, sürətlə silahlanırdı. Bununla yanaşı Ermənistan 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatın tələblərinə əməl etməməklə yanaşı, 10 minə yaxın silahlını Qarabağda saxlayırdı".

Azər Badamov qeyd edib ki, Ermənistan və Qarabağdakı separatçılar Azərbaycanı antiterror tədbirlərinə başlamasına vadar etdi.

"Qarabağdakı qeyri-qanuni silahlılar separatçılarla bir yerdə Ordumuzun mövqelərinə qarşı mütəmadi təxribatlar törədir, döyüş mövqelərini gücləndirmək üçün fortifikasiya qurğuların qazılmasına cəhdlər edirlər. Bundan başqa, onlar yollarımızı yenidən minalayır və işğaldan azad olunmuş ərazilərə qayıdan sakinlər üçün potensial təhlükə yaradır".

Millət vəkili deyib ki, Azərbaycan bu günə qədər separatçıların qeyri-qanuni silahlılarla bir yerdə etdikləri özbaşınalıqlara səbrlə yanaşıb və qarşı tərəfə xəbardarlıq etməklə kifayətlənib:

"Amma bu gün Füzuli-Ağdam yolunda yenidən qoyulmuş minaların partlanması nəticəsində polislərimiz və inşaat sektorunun əməkdaşları xəsarət aldı və həlak oldular. Ermənistan tərəfi radioelektron vasitələrlə mülki təyyarələrə qarşı manelər yaradır və öz çirkin əməllərinə davam etdirir. Vəziyyətin dözülməz olduğunu nəzərə alaraq Müzəffər Ordumuz bu gün lokal xarakterli antiterror tədbirlərinə başladı və Müdafiə Nazirliyi bu barədə məlumat yaydı. Ordumuzun böyük döyüş təcrübəsinə uyğun antiterror tədbirləri düşmənin legitim hədəflərinə istiqamətlənmişdir. Düşmənin döyüş texnikaları, komanda məntəqələri dəqiq silahlarla zərərsizləşdirilməklə qeyri-qanuni silahlıları neytrallaşdıracaqdır. Ordumuz mülki əhaliyə qarşı heç vaxt atəş açmayıb və bu gün də onlar hədəfə alınmır. Antiterror tədbirləri lokal şəkildə aparılır. Tədbirin Qarabağda ermənilərin yaşadığı ərazilərdə Azərbaycan dövlətinin konstitusion quruluşunun bərpası ilə başa çatacağını hesab edirəm".

Nəzrin ELDARQIZI,

"Respublika".