Avropa Parlamentindən növbəti qərəzli riyakarlıq
Digər xəbərlər

Avropa Parlamentindən növbəti qərəzli riyakarlıq

Avropa Parlamentinin yaxın günlərdə qəbul etməyə hazırlaşdığı  Azərbaycanın əleyhinə növbəti, Ermənistanın irəli sürdüyü əsassız iddia və ittihamlardan ibarət böhtan xarakterli, qərəzli qətnamənin ilkin mətnində yenə də yalanlarla dolu məlumatlar yer alıb. Azərbaycanın guya Ermənistana "hərbi təcavüz etməsi", Laçın yolunun guya "blokada"da olması kimi iddialar, eləcə də "Minsk qrupu", "status", "Dağlıq Qarabağ" və sair bu kimi artıq ikrah doğuran köhnəlmiş, illər öncə tükənmiş sərsəmləmələr açıq riyakarlıqdır.

Avropa Parlamenti kimi bir qurumun belə yalan və uydurmalarla dolu qətnamə qəbul etməsi bir daha onun qeyri-ciddiliyini, qərəzliliyini və ermənilərin əlində alətə çevrildiyini göstərir. Bu qərəzli və uydurma qətnamənin təşəbbüskarları ermənipərəst Avropa parlamentariləridir. Onlar öz şəxsi maraqları naminə beynəlxalq hüququ və qanunları ayaqlar altına atırlar. 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, yüz minlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə, on minlərlə günahsız insanın, o cümlədən uşaqlar və qadınların, ahılların xüsusi amansızlıqla qətlə yetirilməsinə, xalqımıza məxsus tarixi, dini, mədəni abidələrin, yaşayış məskənlərinin dağıdılmasına, kəndlərin, qəsəbələrin, şəhərlərin vəhşicəsinə talan edilməsinə, yer üzündən silinməsinə seyrçi qalan, imkan düşdükcə təcavüzkara birbaşa və dolayısı ilə dəstək verən Avropa Parlamentinin ölkəmizi növbəti dəfə "Ermənistana hərbi təcavüz etməkdə" günahkarlandırmağa hazırlaşması siyasi əxlaqsızlığın və simasızlığın bariz nümunəsidir. Görünən odur ki, Avropa parlamentariləri adət etdiyi ənənələrini davam etdirir, obyektivlikdən uzaq ikili yanaşmalara rəvac verirlər.

Avropa Parlamentinin (AP) davamlı olaraq həyata keçirdiyi anti-Azərbaycan fəaliyyəti ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etmək cəhdidir. Görünür, rəsmi Bakının uğurlu xarici siyasət kursu, o cümlədən bir sıra mühüm beynəlxalq tədbirlərə evsahibliyi bəzi qurumlarda olduğu kimi, Avropa Parlamentində də qısqanclıq yaradır. Qətnamə layihəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün şərtlər kontekstində Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinin vacibliyi vurğulanır. Deməli, AP beynəlxalq hüququn norma və prinsiplərinə bir daha selektiv yanaşır, 30 il ərzində Ermənistanın işğalına haqq qazandırdığı kimi davranır. Azərbaycanın sürətli inkişafı, insanların rifahının yaxşılaşdırılması, ölkəmizdə fundamental hüquq və azadlıqların qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur. Avropa parlamentarilərinə yaxşı məlum olan digər həqiqət isə Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün pozulan hüquqlarıdır. Təəssüf ki, onların hüquqlarının pozulması, doğma yurd-yuvalarına qayıtması barədə qətnamə müəllifləri indiyədək hər hansı tələb irəli sürməyiblər. Ermənilər 30 il ərzində bizə humanitar terror törətmələrinə baxmayaraq, indi belə təəssürat yaranır ki, guya bunun əksi olub. Bir milyondan çox insanın kütləvi surətdə pozulmuş hüquqlarına biganə qalan təşkilatın həqiqətə uyğun olmayan faktlar əsasında Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi ədalətsizlikdir.

30 ilə yaxın işğalda qalan torpaqlarımızda məscidlər, məqbərələr dağıdılıb, məzarlıqlar yerlə bir edilib. Qədim tarixi abidələrimiz demək olar ki, baxımsız vəziyyətdən və təhqiramiz münasibətdən uçuq-sökük vəziyyətə düşüb. AP ermənilərə aid olduğunu iddia etdiyi mədəni abidələri qədim xristian irsinin bir hissəsi kimi təqdim edir. İşğal dövründə dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti abidələrini inkar edir ki, bu düşüncə tərzi dini, irqi ayrı-seçkiliyi təşviq etməklə olduqca təhlükəli tendensiyalara rəvac verir. AP-nin mədəni irsə yanaşması da siyasiləşib, dini çalar alır. "Xristian irsi qorunmalı, müsəlman irsini isə dağıtmaq olar" yanaşmasına şahidlik edirik. AP artıq müasir səlibçilərə çevrilib. Son 30 ildə Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz mindən çox daşınan mədəni irs nümunələri qənimət kimi Ermənistana aparılaraq mənimsənilmiş, 747 arxeoloji abidə, 64 monumental qurğu və 1814 memarlıq abidəsi işğal dövründə ermənilərin mədəni irs nümunələri kimi təbliğ edilmiş, o cümlədən 800-dən çox tarixi əhəmiyyətli qəbiristanlıq dağıdılmış, 200 monumental qurğu və heykəltaraşlıq nümunələri məhv edilmiş, xristianlıq dövrünə qədər olan 150 memarlıq nümunələri sovmələr, bazilikalar, inzibati binalar dağıdılmış, 68 məscid tamamilə, 4 məscid qismən dağıdılaraq yararsız hala salınmış, 182 inanc yeri, pir və ziyarətgah tamamilə məhv edilmiş, 346 yaşayış evi, saraylar dağıdılaraq yararsız hala salınmışdır. Eyni zamanda alban dövrünə aid 250 memarlıq abidəsi üzərindəki yazılar, bədii daş nümunələri, xaç daşları üzərindəki ornamentlər dəyişdirilərək saxtalaşdırılmış, 50 məbəd və bazilika öz orijinal görkəmindən məhrum edilərək erməniləşdirilib. İndiki Ermənistan ərazisində yaşayan 250 mindən artıq azərbaycanlı öz yurdlarından zorla qovulduqdan sonra oradakı Azərbaycan, habelə müsəlman irsi tamamilə məhv edilib. Bütün məscidlər dağıdılıb, yalnız bir məscid saxlanılıb ki, o da İran hökumətinə jest kimi fars məscidi adlandırılıb. Lakin bu dəhşətli cinayətlər qarşısında AP susub.

Bu gün Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan bir sıra ölkələrlə ciddi strateji əlaqələrə malikdir. Belə bir vəziyyətdə Avropa Parlamentinin ermənilərin sifarişi əsasında belə bir qərəzli bəyanat yayması bu qurumun statusuna və prinsiplərinə tamamilə ziddir. Vaxtilə həmin bu Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxmışdı. Lakin zaman Cənub Qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün vacibliyini  sübut etdi. Bu mənada deyə bilərik ki, Avropa Parlamenti Azərbaycana qarşı sərgilədiyi davranışları ilə əslində oturduğu budağı kəsməklə məşğuldur. Daim ədalət mövqeyindən çıxış edən Azərbaycanla beynəlxalq hüquqa arxa çevirən Ermənistanın Avropa İttifaqının həyatında oynadıqları rol bir-birlərindən tamam fərqlənir. Respublikamız qoca qitənin enerji təhlükəsizliyinin təmin olunmasına sanballı töhfələr verir. İndiki geosiyasi reallıqlar fonunda Aİ-nin enerji daşıyıcılarına, xüsusən də mavi yanacağa tələbatı daha da artıb. Avropa Komissiyası əlavə qaz tədarükü ilə bağlı ölkəmizə müraciət ünvanlayıb. Azərbaycan bu müraciəti həssaslıqla qarşılayıb. Azərbaycanofob, islamofob Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinə rəğmən, 2022-ci il 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun, eləcə də ötən il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji" sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanması fonunda Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıq daha da genişlənməkdədir.

Ermənistanda antisemitizm ən təhlükəli həddə çatıb. Ermənistan nadir monoetnik ölkələrdən biridir. AP isə bu irqçı, faşist ideyalarını dövlət səviyyəsində təşviq edən ölkəni müdafiə edir. Avropa Parlamentinin bir sıra deputatları, irqçi, Azərbaycanofob, türkofob mövqeləri və ikili standartları ilə tanınır. Avropa Parlamentinin yanaşmasında ərazi bütövlüyü anlayışı ancaq Ermənistan kontekstində keçərlidir. Azərbaycana gəldikdə ərazi bütövlüyü yada düşmür. Bu isə həmin qurumun məsələlərə ikili standartlardan yanaşmasının ən bariz təzahürüdür.

Mustafa KAMAL,

"Respublika".