Aparılan delimitasiya region üçün böyük əhəmiyyətə malikdir
Siyasət

Aparılan delimitasiya region üçün böyük əhəmiyyətə malikdir

Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam etmiş gərginlik fonunda bu yaxınlarda sərhədlərin delimitasiyası prosesində irəliləyiş əldə edilməsi iki xalq arasında potensial normallaşma istiqamətində mühüm addımdır.

Azərbaycan və Ermənistanda yaradılmış sərhədlərin delimitasiyası üzrə Komissiyanın ilk görüşü 2022-ci il mayın 23-də keçirilib. İki ölkənin baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan Ermənistan-Azərbaycan sərhədində görüşüblər. Görüşdə tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.

Bu görüşdən təxminən iki il sonra 2024-cü il aprelin 23-də Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi basdırılıb.

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanması həm hər iki ölkə, həm də Cənubi Qafqaz regionu üçün böyük əhəmiyyətə malikdir. Təbii ki, tanınmış sərhədlər və sabit region hər iki ölkənin ticarət və investisiya imkanlarının artmasına səbəb olacaq, transsərhəd əməliyyatlarda daha çox əminlik yaradacaq. Bu da iqtisadi fəallığın artması ilə nəticələnəcək. Nəzərə alsaq ki, bu gün Azərbaycan bir çox ölkəyə neft-qaz ixrac edir. Bu iqtisadi sıçrayış rəsmi İrəvan üçün daha əhəmiyyətli olmalıdır. Üstəlik, ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi nüfuzunu daha da artırır. Yəni bu məsələdə tələsən tərəf Ermənistan olmalıdır.

Həmçinin ərazi mübahisələrinin həlli Cənubi Qafqazda daha geniş regional əməkdaşlığa yol açaraq sabit və proqnozlaşdırıla bilən geosiyasi mühit infrastrukturun inkişafı, enerji, turizm və nəqliyyat kimi müxtəlif sektorlarda əməkdaşlıq təşəbbüsləri üçün əlverişli məkan yaradacaq. Aydın və təhlükəsiz sərhədlər Cənubi Qafqaz regionunda nəqliyyat marşrutlarını optimallaşdıraraq Avropa, Asiya və Yaxın Şərqi birləşdirən səmərəli tranzit dəhlizlərini inkişaf etdirəcək. Magistral və dəmir yolları, boru kəmərləri daxil olmaqla sadələşdirilmiş nəqliyyat marşrutları regionu əsas tranzit qovşağına çevirərək əlaqəni və rəqabət qabiliyyətini artıracaq.

Bu prosesin mərkəzində sərhəd bölgəsində yerləşən səkkiz kəndin statusunun həlli əsas imperativlərdəndir. Tərəflər arasında etimadın gücləndirilməsi üçün mühüm amil olan dörd kəndin qaytarılması dialoq və barışıq üçün əlverişli atmosferin formalaşmasında böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kəndin məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq. Dövlət başçısı bildirib: "Eksklavlar məsələsi başqadır, çünki onlar daha mürəkkəbdir və digər ölkənin əhatə etdiyi ərazidə yerləşir. Buna görə onlara delimitasiya prosesində baxılmalıdır".

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesi bəzi qüvvələri qıcıqlandırıb. İrəvanda daxili narazılıq, həmçinin xarici təzyiqlər də artıb. Geosiyasi gərginlik fonunda dörd kəndin qaytarılması qonşu xalqlar arasında etimadın gücləndirilməsində mühüm mərhələdir. Lakin həm Ermənistan sərhədləri daxilindəki, həm də ondan kənarda bəzi ermənipərəstlərin geri addım atmaq niyyəti yoxdur. 30 ildən çoxdur ki, işğal altında saxlanılan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin geri qaytarılması Ermənistan daxilində xaos yaradıb. Bu gün Bağanis Ayrımda vəziyyət qarışıqdır. Belə ki, kəndə gedən yol polis tərəfindən bağlanılıb. Əraziyə toplaşanlar iddia edir ki, kəndlər arasında yol tikintisi başlayacaq. Lakin Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib ki, Bağanis Ayrım, Aşağı Əskipara kəndləri arasında aprelin 23-də sərhədlərin demarkasiyası üzrə işlərə başlanılıb.

Digər bir məsələ isə Zəngəzur dəhlizi ilə bağlıdır. Bu məsələyə də diqqət çəkən dövlət başçısı bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur: "Bəli, "Zəngəzur dəhlizi" sözü qeyd olunmayıb, lakin deyilib ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi olmalıdır və Rusiya sərhəd təhlükəsizliyi qüvvələri nəzarəti təmin etməlidir. Bu sənəd Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar".

Prezident İlham Əliyev deyib ki, onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsi qurmaq imkanını bloklayır. Dəhlizin açılması, yalnız region üçün deyil, qlobal arenada da əhəmiyyətlidir. Bu yol şərqlə, qərb arasında körpü rolunu oynayır və Avropa ölkələrini də maraqlandıran məqamlardan biridir. Dəhliz ticarət üçün böyük əhəmiyyət kəsb etməklə yanaşı, siyasi, iqtisadi və təhlükəsizlik baxımından da əlverişlidir.

Sərhədlərin delimitasiyası prosesi Cənubi Qafqazda enerji təhlükəsizliyinə, xüsusən də neft, qaz və elektrik enerjisinin nəqlinə təsir göstərməklə, ərazi mübahisələrinin həlli enerji tranzit marşrutları ilə bağlı geosiyasi riskləri azaldacaq və enerji resurslarının regional və beynəlxalq bazarlara fasiləsiz çıxışını təmin edəcəkdir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".