Antiterror tədbirləri zamanı yaralanan hərbçimiz evində ziyarət edilib
Sosial həyat

Antiterror tədbirləri zamanı yaralanan hərbçimiz evində ziyarət edilib

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Aparatın əməkdaşları 2023-cü il sentyabrın 19-da həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan, İmişli rayonunun Telişli kəndindən olan hərbi qulluqçumuz, çavuş Usubov Araz Hafiz oğlunu evində ziyarət ediblər.

RİH-in başçısı döyüşçünün səhhəti, müalicəsi və ailənin qayğıları ilə maraqlanıb. Terrorçulara qarşı aparılan hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlığa və şəxsi şücaətə görə onu təbrik edib. Rayon rəhbəri bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqəyə separatçıları ağ bayraq qaldırmağa məcbur etdi və lokal xarakterli antiterror tədbirləri zamanı qarşıda duran bütün vəzifələr bir gün ərzində yerinə yetirildi. Elçin Rzayev qeyd edib ki, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanlar, onların ailələri daim diqqətdə saxlanılır və bundan sonra da daim dövlətimizin qayğısını hiss edəcəklər.

Söhbət zamanı yaralı döyüşçü Usubov Araz Hafiz oğlu keçdiyi döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüb. Qeyd edək ki, Araz Hafiz oğlu Usubov Vətən müharibəsi iştirakçısıdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Hazırda müalicəsini evində davam etdirən Araz Usubov və ailə üzvləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Ərəstun ABDULOV,

"Respublika".