Antiterror tədbirləri bölgəyə sülh və sabitlik gətirəcək
Digər xəbərlər

Antiterror tədbirləri bölgəyə sülh və sabitlik gətirəcək

2020 -ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli Bəyanata əsasən, Ermənistan Azərbaycan ərazisindən öz qoşunlarını çıxarmalı və sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinə başlamalı idi. Ermənistan öz öhdəliyinin bir hissəsini yerinə yetirdi - Ağdam, Laçın və Kəlbəcər hərbi əməliyyatlarsız Azərbaycana qaytarıldı. Ancaq Bəyanatın əsas hissəsini - Azərbaycan ərazisindən qoşunlarının tamamilə çıxarılması öhdəliyini yerinə yetirmədi. Əksinə olaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələri döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər həyata keçirirdi. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu.

Azərbaycan dəfələrlə bəyan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin öz mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bu çərçivədə, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları və terror hücumları nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olub və yaralanıblar. Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bütün bunlara cavab olaraq, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirildi. Silahlı Qüvvələrimiz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı.

Prezidentimiz cənab İlham Əliyev ABŞ-ın dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir ki, "bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub. Antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır". Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın siyasi qətiyyəti, diplomatik bacarığı, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində  həllini gözləyən məsələlər  nəzərdə tutulduğu kimi yerinə yetirildi. Mən inanıram ki, xalqımız  hər zaman olduğu kimi, milli birliyi davam etdirəcək, ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanımızın suverenliyi, inkişafı, daha da güclənməsi naminə öz səylərini göstərəcəkdir. Bu bizim hər birimizin ilk növbədə vətəndaşlıq borcumuzdur.

44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiyini bəyan etdilər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunmuşdur. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər. Təəssüflər olsun ki,  hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalmış  Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası vətənsevər siyasi qüvvələrin Bəyanatına imza atmaqdan imtina edərək  bir daha öz xislətini nümayiş etdirdilər.

Tarixi Şuşa Bəyannaməsindən sonra rəsmən strateji müttəfiqlik zirvəsinə ucalan qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunasından bir daha Azərbaycanın haqq səsini ucaltdı və onu müdafiə etdiyini bəyan etdi. "Bir millət, iki dövlət" şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik. Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaqla verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başda bir statusun zorla qəbul etdirilməsi əsla qəbul olunmayacaq". Rəcəb Tayyib Ərdoğan bir daha nümayiş etdirdi ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Dövlət başçımız, möhtərəm İlham Əliyevin söylədiyi kimi "Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir".

Xüsusi olaraq vurğulamalıyam ki, rəhbərliyində təmsil olunduğum Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi, öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirmişdir. O cümlədən Milli Məclisin sədri Sahibə Qafarova, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ regionunda Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirilən antiterror tədbirləri barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlamışlar. Müraciətdə qeyd olunur ki, "Azərbaycanın suverenliyi və ərazi bütövlüyü hər bir ölkənin suverenliyi və ərazi bütövlüyü qədər vacibdir və Azərbaycan beynəlxalq hüquqda əks olunmuş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir". Müraciətin sonunda bir daha beynəlxalq ictimaiyyətə Azərbaycanın antiterror tədbirlərini dəstəkləməyə, regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin olunması naminə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribatlardan çəkinməsi, normallaşma prosesi çərçivəsində məsuliyyətli davranması üçün Ermənistana təzyiq göstərməyə çağırış edilir. Bir sözlə, Azərbaycan mövqeyində və tələbində haqlıdır. Azərbaycanın qanunlarının aliliyi təmin olunmalıdır. 44 günlük Vətən müharibəsində olduğu kimi bu antiterror tədbirlərində də bütün xalq Prezident İlham Əliyevin milli maraqlarımıza hesablanmış qətiyyətli mövqeyini dəstəkləyir, qəhrəman ordumuzun fəaliyyətini alqışlayır.

Əhliman ƏMİRASLANOV,

Milli Məclisin Səhiyyə

komitəsinin sədri, akademik.