Alən Vaqner: Fransanın “Airbus
MÜSAHİBƏLƏR

Alən Vaqner: Fransanın “Airbus" şirkəti ilə Azərbaycan arasında çox uğurlu əməkdaşlıq var

"Airbus" şirkəti Azərbaycanla əməkdaşlıqdan çox məmnundur. Artıq uzun illərdir ki, yer səthinin məsafədən müşahidə peyki sahəsində əməkdaşlığımız uğurla davam edir. Yüksək ayırdetmə qabiliyyətinə malik "Azərsky" peyki üzərində birlikdə fəaliyyətimizi xüsusi qeyd etmək istəyirəm. Əvvəlcə "SPOT 7" adlandırılmış peyk "Airbus Defence and Space"in SPOT seriyasının bir hissəsidir.

Bu fikirləri "Airbus" Müdafiə və kosmik şirkətinin marketinq və institusional satış üzrə vitse-prezidenti Alən Vaqner Parisdə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresində Azərbaycan pavilyonunu ziyarət edərkən AZƏRTAC-a müsahibəsində deyib.

"Əlbəttə ki, peyk sahəsində əməkdaşlıq təlimsiz, xidmət və məlumatları bölüşmədən mümkün deyil və bu sahələrdə də sıx əməkdaşlığımız mövcuddur. Bu, Fransanın "Airbus" şirkəti və Azərbaycan arasında çox uğurlu əməkdaşlıq sahəsidir. Bu əməkdaşlığı davam etdirməkdən çox məmnunuq. Azərbaycanla radar və optik peyk sahəsində, eləcə də bu sahədə təlim, xidmət və məlumatların mübadiləsi ilə bağlı layihəmiz də var", - deyə A.Vaqner qeyd edib.

O, 2023-cü ildə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresini qəbul edəcək Azərbaycanın pavilyonunda olmaqdan məmnunluğunu bildirib.

AZƏRTAC