AĞSTAFADA ÜZÜMÇÜLÜK İNKİŞAF ETDİRİLİR
Region

AĞSTAFADA ÜZÜMÇÜLÜK İNKİŞAF ETDİRİLİR

Azərbaycan tarixən üzümçülüyün yüksək təşəkkül tapdığı bir məkandır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ötən əsrin 80-ci illərindən başlayaraq Moskvanın tapşırığı ilə ölkədə minlərlə hektar çoxillik üzüm plantasiyaları məhv olundu. Hətta bir neçə il həmin torpaqlar tamamilə boş qaldı.

Dövlət başçısı İlham Əliyev ölkəmiz üçün ənənəvi sahələrin, o cümlədən üzümçülük şərabçılığın əvvəlki şöhrətinin bərpası istiqamətində bir sıra vacib qərarlara imza atdı. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" aqrar bölmənin rentabelli sahəsi sayılan üzümçülüyün inkişaf etdirilməsinə rəvac verdi.

Hazırda respublikanın hər yerində olduğu kimi, Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Ağstafada da rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahə əsl inkişaf dövrünü yaşayır.

Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün tam münbit şərait yaradılmışdır. İlbəil kənd təsərrüfatı məhsulları istehsalında bir qədər artım müşahidə olunur ki, bu da rayon iqtisadiyyatı dayanıqlılığının təmin olunmasına töhfə verir.

Ağstafanın Poylu kəndində magistral yol kənarında səliqəli üzüm plantasiyası diqqətimizi cəlb etdi. Bu səbəbdən sahəyə üz tutduq. Təsərrüfat rəhbəri Qurban Aslanov bizimlə səmimi həmsöhbət oldu. Fermer bildirdi ki, üzüm bağlarının salınmasına 2010-cu ildə başlanmışdır. İlk dəfə 1,8 hektar sahədə tinglər basdırılmış yüksək aqrotexniki qulluq göstərilmişdir. Növbəti illərdə bağların ərazisi hər il bir qədər genişləndirilmiş, hazırda isə 5,5 hektar təşkil edir.

Ərazinin 1 hektarı 3 növ gilas, ərik xurma ağaclarından ibarətdir. Tinglər Xaçmaz rayonundan gətirilmişdir. Meyvə bağı 3 ildir ki, salınıb. Bu ildən ağaclar bar verəcəkdir. Qalan 4,5 hektar sahədə əsasən süfrə sortu olan "Merlota", Moldava növü "Redbud", Fransa üzümü növü qardaş Türkiyədən gətirilmiş qara kişmiş süfrə üzüm sortları yetişdirilir. Bağlar 2025-ci ildə bütün gücü ilə bar verəcəkdir.

Fermer bir məsələni xüsusilə vurğuladı ki, üzüm plantasiyalarının genişləndirilməsi, eyni zamanda inkişaf etdirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə 3 dəfə güzəştli kredit götürərək bəhrəsini görmüşdür.

Bağların suvarma suyuna olan tələbatı subartezian quyuları vasitəsilə ödənilir. Q.Aslanov qeyd etdi ki, dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə Ağstafa rayonunda qazılması nəzərdə tutulan 6 ədəd subartezian quyusunun 1 ədədi bu ərazi üçün nəzərdə tutulmuşdur. Artıq layihələndirmə işləri başa çatdırılmış, yaxın günlərdə quyunun qazılmasına start veriləcəkdir. Beləliklə, suvarma suyu ilə bağlı mövcud problemlər tamamilə aradan qaldırılacaqdır.

Ötən təsərrüfat ilində 3,5 hektar sahədən 70 tondan artıq yüksəkkeyfiyyətli süfrə üzümü əldə olunaraq satılmışdır. Məhsul əsasən daxili bazarlarda satılmış, eyni zamanda həm adamları tərəfindən xarici ölkələrə ixrac olunmuşdur. Fermer bildirdi ki, təsərrüfata məxsus soyuducu anbar olarsa, məhsul bir müddət saxlanıldıqdan sonra satışa çıxarmaq olar. Bu zaman təsərrüfat daha çox gəlir əldə etmiş olar. Üzümçülüyə göstərilən dövlət qayğısını yüksək qiymətləndirərək bildirdi ki, hər hektar cavan bağ üçün dövlət tərəfindən 600 AZN subsidiya ödənilir. Bu proses 3 il davam etdirilir. Bağlar bar verdikdən sonra növbəti illərdə hər hektar üçün 240 manat subsidiya verilir. Üzümçülük gəlirli sahə olduğu kimi, eyni zamanda əhalinin məşğulluğunun təmin olunmasında da mühüm əhəmiyyət kəsb edir. Hazırda təsərrüfatda 5 nəfər daimi, 10 nəfər isə mövsümi işlərə cəlb olunur. Demək olar ki, bağlarda il boyu aparılır. Hər ayda bir dəfə suvarma əkinarası şumlama işləri həyata keçirilir ki, bu da bol məhsulun əldə olunmasını təmin edir.

Dövlətin dəstəyi ilə yaxın zamanlarda soyuducu anbarın inşa olunacağına əminliyini bildirdi. Hədəf yaxın gələcəkdə yüksəkkeyfiyyətli, rəqabətədavamlı üzüm məhsullarının xarici ölkələrə daha çox ixrac olunmasıdır.

V.VƏLİYEV,

"Respublika".