ADAU tələbələri “Heydər Əliyev adına təqaüd” ə layiq görülüb
Sosial həyat

ADAU tələbələri “Heydər Əliyev adına təqaüd” ə layiq görülüb

Azərbaycanda təhsilə, gənc nəslə diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi dövlətimizin ən ümdə və ali vəziflərindən biri sayılır.

24 iyun 2023-cü il tarixində isə dövlətimizin başçısı “Heydər Əliyev adına təqaüd” ün təsis edilməsi haqqında Sərəncam imzalayıb. “Heydər Əliyev adına təqaüd” ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali)) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün nəzərdə tutulub. Təqaüd yüksək kriteriyalara cavab verən tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına 3000 (üç min) manat məbləğində birdəfəlik ödəniləcək. Azərbaycan Dövlət Aqrar Universitetinin də təhsildə yüksək nailiyyətləri olan iki tələbəsi – Səbinə Rzazadə və Nuray Məmmədzadə “Heydər Əliyev adına təqaüd” ə layiq görülüb. Səbinə Rzazadə 2022-ci ildə 651 balla Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin “informasiya texnologiyaları” ixtisasına, Nuray Məmmədzadə 2020-ci ildə 596 balla Aqronomluq fakültəsinin “aqronomluq” (tədris ingilis dilində) ixtisasına qəbul olub.

Səbinə Rzazadə yüksək balla daxil olduğuna və orta müvəffəqiyət göstərici yüksək olduğuna görə ADAU tərəfindən qeyri-kənd təsərrüfatı yönümlü ixtisasda təhsil aldığı üçün aylıq 150 manat, Nuray Məmmədzadə isə yüksək balla daxil olduğuna və orta müvəffəqiyət göstərici yüksək olduğuna görə kənd təsərrüfatı yönümlü ixtisasda təhsil aldığı üçün əlavə aylıq 200 manat təqaüdlə təmin olunub. Həmçinin, hər iki tələbə əlaçı təqaüdü də alır.

Zabit XƏLİLOV,

“Respublika”.