Azərbaycan Mühəndislik Akademiyasının Bakı Bəyannaməsi qəbul edilib
Elm və təhsil

Azərbaycan Mühəndislik Akademiyasının Bakı Bəyannaməsi qəbul edilib

Azərbaycan Mühəndislik Akademiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Mühəndislik Akademiyasının Bakı Bəyannaməsi müzakirə olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib. İclasda çıxış edən akademiyanın prezidenti, akademik Arif Paşayev qeyd edib ki, Azərbaycan Mühəndislik Akademiyası UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasına (WFEO) tamhüquqlu üzv seçilib: "Bu, əlbəttə böyük uğurumuzdur və eyni zamanda, cəmiyyət qarşısında böyük məsuliyyətimizdir".

Akademik Arif Paşayev bildirib ki, Azərbaycan Mühəndislik Akademiyası, Ümumdünya Mühəndislik Təşkilatları Federasiyası və onun Baş Assambleyasının, eləcə də 7-ci Ümumdünya Mühəndislik Konqresinin tövsiyələrini əsas tutaraq, planetar problemləri həll etmək və texnoloji yeniliklərin və transdisiplinar yanaşmaların necə təmin edilə biləcəyini araşdırmaq, təhlükəsiz, ədalətli, sağlam və dinc gələcəyi, ekoloji, sosial və iqtisadi davamlılığı təmin etmək məqsədilə ölkə mühəndislərini bir araya gətirməyi qarşısına qoyaraq bəyan edir.

Mühəndislik və həyat arasında ayrılmaz bir əlaqə olduğunu və bu əlaqənin dünyaya əsaslı töhfələr verə biləcəyini diqqətə çatdıran akademik Arif Paşayev deyib: "Mühəndislik cəmiyyətləri məqsədlərinin həllinə və həll yollarının tapılmasına önəmli töhfə verməyə borcludur. Xüsusilə iqlim dəyişikliyi dövrümüzün ən kritik və aktual məsələsidir. Buna görə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, gələcək rifahımızı, həyat keyfiyyətimizi təhdid edən bəşəriyyətin üzləşdiyi misli görünməmiş qlobal problemlərin həlli üçün göstərilən tövsiyələri yerinə yetirmək istiqamətində mühəndislər bir araya gəlməlidirlər".

Yekunda akademik Arif Paşayev akademiyanın qəbul etdiyi Bakı Bəyannaməsinin, bəşəriyyətin innovativ mühəndisliyə ehtiyacını və eləcə də ehtiyac duyulan paradiqma dəyişikliyini təmin etmək üçün bir açar olacağına ümidvar olduğunu bildirib.