Bakı meqapolis olmaq yolunda
Ekologiya

Bakı meqapolis olmaq yolunda

Bu sahədə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə tariflərin tənzimlənməsi tədbirləri mühüm rol oynayacaq

İyunun 30-da Tarif Şurası bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə yeni qərar verdi.

Belə ki, 24 noyabr 2011-ci ildə qəbul edilən qərardan 13 il sonra tarif dəyişikliyi cüzi miqdarda - əhali üzrə 1 nəfərin aylıq xərci cəmi 70 qəpik artıb. Tariflərin tənzimlənməsinin əsas səbəbləri köhnə ödənişlərin xidmətlə bağlı xərcləri qarşılamadığı üçün bu sahəyə dövlət büdcəsindən subsidiya ayrılması, aşağı tariflərin özəl sektorun marağını azaltması, həmçinin tariflərin aşağı səviyyədə saxlanılmasının uçotun təşkili və yığımla əlaqədar problemlərə səbəb olması və büdcədən əhəmiyyətli dərəcədə asılılığın dövlət tənzimləməsinin təkmilləşdirilməsi siyasətinə uyğun gəlməməsi idi. Yeni qaydalar isə yuxarıda qeyd edilən problemlərin həllində dönüş yaradacaq.

Tarif dəyişikliyi paytaxt üzrə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsinin ən müasir səviyyədə təşkil edilməsi prosesinə müsbət təsir göstərəcək. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən bərk məişət tullantıları ilə bağlı müvafiq layihələr icra olunur. Bakıda tullantıların yığılması, emalı və zərərsizləşdirilməsi günün aktual məsələsinə çevrilib. Bu mənada, icra edilən layihələrdən ən əsası Böyük Britaniyanın "Mott MacDonald" şirkətinin adı ilə bağlıdır. 2019-cu ilin əvvəlindən hazırlıq işlərinə başlanan və sonra icra olunan layihə bu gün uğurla davam etdirilir. Konsepsiyanın əsas məqsədinə və 5 il ərzində görülən işlərə nəzər salaq.

Bu gün dünyada 2 milyard tondan artıq bərk məişət tullantıları yaranıb. Hər insan 0.11-4.5 kiloqram, orta hesabla isə 0.75 kiloqram tullantıya yol verir. Bu, əslində böyük rəqəmdir. 2023-cü ildə ölkədə 4086,1 min ton tullantı əmələ gəlmiş və onların 66,6 faizini bərk məişət tullantıları təşkil etmişdi. 2019-cu ildə isə bu rəqəm 3 milyondan çox tullantı dəyərində idi. Bu da öz növbəsində, layihənin uğurlarını əyani formada diqqətə çatdırır. Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olsa da, şəhərin sanitar təmizliyi normal səviyyədədir. Buna baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsinin idarə olunması ilə bağlı islahatların aparılması üçün 5 il əvvəl bu sahədə böyük təcrübəsi olan "Mott MacDonald" şirkətinin, o cümlədən şirkətin mütəxəssisləri ilə yeni islahatlar konsepsiyasının hazırlanmasına başladılar. Əsas məqsəd Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq idi.

Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə birgə hazırlanmış layihənin icrasına ilk olaraq həmin dövrdə 177 min əhalisi olan Nərimanov rayonunda başlanıldı. Belə ki, pilot layihə çərçivəsində rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara 2 rəngdə - yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırıldı. Nəticə etibarilə sakinlərin tullantıları hara gəldi atmasının qarşısı alındı. Tullantılar çeşidlənərək narıncı və yaşıl konteynerlərdə cəmləndi. Rayonun quruculuq və abadlıq işlərinə zidd olan və estetik görünüşünə xələl gətirən hallar keçmişdə qaldı. Bakı şəhər və Nərimanov rayon icra hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və könüllülər layihənin icrasında fəal iştirak etdilər. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanıldı, bloklara, həyətlərə, binalara maarifləndirici reklamlar vuruldu. Əraziyə cavabdehlər təyin olundu. 2020-ci ildə isə artıq 4 rayonda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) məişət tullantıları üçün yeni konteyner meydançaları yaradıldı, müasir konteynerlər qoyuldu, daha sonra isə daha 3 rayon (Binəqədi, Nizami və Xətai) bu konteynerlərlə təchiz edildi.

BŞİH və Böyük Britaniyanın "Mott MacDonald" şirkəti arasındakı əməkdaşlığın ilk vaxtında hesabat xarakterli iclas keçirildi. Göstəricilər gələcəkdə layihənin bütün Bakını əhatə edəcəyini əyani şəkildə bir daha göstərdi. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə birgə hazırlanmış pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi, icrasının ilk 4 ay ərzində görülən işlərin yüksək səviyyədə aparılması nəticəsində böyük irəliləyişlər əldə olunub. Vətəndaşlara izahetmə işləri, maarifləndirici tədbirlər, mətbuatda geniş yayımlanma öz bəhrəsini verdi. Layihəyə əsasən rayonlarda yaradılan konteyner meydançalarının yuyulması və dezinfeksiyası təmin edildi.

Layihənin növbəti mərhələsinə keçidlə bağlı "Mott MacDonald" şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndələri Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymon və Devid Dray ilkin vaxtlarda Bakıya səfərlər edərək Bakı Şəhər İcra Hakimiyyətində kommunal xidmətlərin və layihədə iştirak edən rayonların məsul nümayəndələrinin iştirakı ilə görüşlər keçirir, nəticələri müzakirə edir və növbəti illər üçün görüləcək işlər planlaşdırılırdı. Paytaxta səfəri çərçivəsində öz təəssüratlarını bölüşən Martin Saymon bildirdi ki, layihənin ilkin nəticələrini uğurlu saymaq olar. Müqayisə üçün qeyd olundu ki, həmin dövrdə Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faizə çatıb. Nərimanov rayonunda isə layihənin icrasının ilk 4 ayı ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 32 faizə çatdı, kağız və karton tullantıları 25 faiz oldu. Layihənin icrasının ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, 4 ay ərzində bu rəqəm 25 tona çatdırıldı.

Layihənin uğurları ilə yanaşı, bir sıra problemlər də yarandı. Bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması, meydançalardakı nəzarətçilərin işinə aqressiv yanaşmaları prosesin tam yerinə yetirilməsinə maneçilik törətsə də, onlar geniş maarifləndirmə və izahetmə işləri ilə aradan qaldırıldı. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi paytaxt Bakını aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırdı, ətraf mühitə böyük müsbət təsir göstərərək həm də Bakı şəhəri üçün iqtisadi faydalar verdi.

Nərimanov rayonundakı müvəffəqiyyətli işlər layihənin digər rayonlarda da tətbiq edilməsinə şərait yaratdı. Layihənin növbəti mərhələsinə keçidlə bağlı "Mott MacDonald" şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndəsi Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbərlərindən biri Devid Dray 2020-ci ilin yanvarında növbəti dəfə Bakıya gəldi. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə layihənin birinci mərhələsinin yekunları, 2020-ci il üçün görüləcək işlər, növbəti 2 və sonrakı illərdə nəzərdə tutulan konsepsiya və digər məsələlər müzakirə olundu, layihənin ikinci mərhələsinə keçid üçün danışıqlara başlanıldı. Bunun nəticəsində müqavilə şərtlərinə uyğun olaraq 2021-ci il martın 1-dən paytaxtın Nizami, aprelin 1-dən Nəsimi və mayın 1-dən isə Yasamal rayonları da bu layihəyə qoşuldular. Layihənin tətbiqinə hazırlıqla bağlı hər 3 rayonda tələbata uyğun miqdarda konteyner meydançası yaradıldı, 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırıldı. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə BŞİH-in əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri bu işlərə cəlb edildi, geniş maarifləndirmə işləri aparıldı.

Görülən hazırlıq tədbirlərinin və təbliğat işlərinin nəticəsi kimi layihənin icrasına 2021-ci ilin aprel ayında başlanılan Nəsimi rayonunda artıq ilkin müsbət nəticələr əldə edildi. Belə ki, əgər Nərimanov rayonunda layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 4 ton, sonradan isə tədricən 6 və 8 ton olmuşdusa, Nəsimi rayonunda aprel ayının ilk günlərindən 12 ton çeşidlənmiş tullantı yığılaraq yığım məntəqəsinə təhvil verildi. Rayon ərazisində 386 ədəd konteyner meydançası yaradıldı, yaşıl və narıncı rənglərdə yeni və müasir konteynerlər quraşdırılaraq əraziyə cavabdehlər təyin olundu. Artıq 2021-ci ilin iyununda bu rəqəm gündəlik təqribən 20-25 ton təşkil edirdi.

2022-ci ildə artıq Xətai və Səbail rayonları da bu layihəyə qoşuldular. Xətai rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 498 ədəd, Səbail rayonunda isə 277, bir il sonra isə Bakının Pirallahı rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 64 ədəd konteyner meydançası yaradıldı. Bu meydançalara 294, Suraxanı rayonunda isə 700-ə yaxın konteyner yerləşdirildi. Ümumilikdə, layihənin icrasına başlanıldığı ilk gündən 2023-cü ilin aprel ayına qədər ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 104 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq istifadəyə verildi.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq bu gün 5 il ərzində Bakı Şəhər İcra Hakimiyyətinin Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə birgə icrasına başladığı bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi hazırda uğurla davam etdirilir. Nərimanov rayonunda başlanan layihənin həyata keçirilməsində əldə edilən müsbət nəticələr imkan verdi ki, mərhələli şəkildə paytaxtın - Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Səbail və Suraxanı rayonları - ümumilikdə 8 rayon da bu işlərə qoşulsunlar.

Bu gün BŞİH və "Mott MacDonald" arasındakı əməkdaşlıq uğurla davam etdirilir. İşlərin gedişatının monitorinqi məqsədilə mütəmadi olaraq ayrıca hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi araşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir. Yerli və britaniyalı mütəxəssislərin mütəmadi olaraq birgə apardıqları monitorinqlərin nəticələri layihənin uğurla həyata keçirildiyini göstərir.

Bu tərəfdaşlıq gələcək şəhərsalma səyləri üçün etalon olan qabaqcıl layihələri əhatə edəcək. Bakı Şəhər İcra Hakimiyyəti və "Mott MacDonald" arasındakı əməkdaşlıq davamlılığı, innovasiyanı və cəmiyyətin rifahını nəzərə alaraq şəhərin inkişafına uzaqgörən yanaşmanı əhatə edir. Maraqlı tərəflər ortaq məqsədləri həyata keçirmək üçün əməkdaşlıq etdikcə, Bakı müasir meqapolisə çevrilir. Bu əməkdaşlıq Bakının gələcəyi üçün perspektivli görünür və XXI əsrdə dayanıqlı şəhər artımına nail olmaq istəyən digər şəhərlər üçün presedent yaradır.

Tacir SADIQOV,

"Respublika".