“Himayədar ailə
Digər xəbərlər

“Himayədar ailə" modeli uşaqların xoşbəxt böyüməsi üçün nəzərdə tutulub

İnsan heç nədən sığortalanmayıb, bəzən bir qəzavü-qədər ailənin sonunu gətirir. Yaxud bir təbii fəlakət, ağır bir xəstəlik, mənasız münaqişələr, müharibələr uşaqları valideynlərindən məhrum edir. Kimsəsiz qalan fidanlar dövlət himayəsinə götürülür. Doğrudur, həmin müəssisələrdə kimsəsiz uşaqların yaşaması, təhsil alması üçün hər cür şərait yaradılır, ancaq bu, isti doğma ailə ocağını əvəz etmir. Bu mənada "Himayədar ailə" modelinin tətbiqi zərurətə çevrilir. Bəs "Himayədar ailə" modeli nədir və o, kimsəsiz uşaqların taleyində nə kimi dəyişikliklər edir? Mövzunun aktuallığını nəzərə alaraq Amerika Sosiologiya Assosiasiyasının üzvü, sosioloq Rüfət İsmayılzadənin fikirlərini oxuculara təqdim edirik.

"Dünyada körpə qığıltısından gözəl himn yoxdur", deyirdi Viktor Hüqo. Çünki körpələrdir ailələrin sevinci, sabaha olan arzuları… Amma bəzən həyat başqa qanunları diktə edir. Uşaqlar valideynsiz qalır, ata-anasız böyüyürlər. Çox sevindirici haldır ki, uşaqların xoşbəxt, qayğısız böyümələri üçün bütün dünyada aktual olan "Himayədar ailə" modeli bu gün ölkəmizdə də tətbiq edilir. Əslində, bu model dünyanın əksər ölkələrində uğurla həyata keçirilir. Hətta Amerikanın özündə belə bir çox məşhur insanların himayədar ailə kimi tanındığının da şahidiyik. Bu zaman həm uşaqların isti evi olur, həm də onları himayəyə götürən insanların həyatına məna qatılır.

"Himayədar ailə" modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. Bu zaman uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalınır, onların ailə mühitində böyüməsinə şərait yaradılır.

Övladlığa götürmədən fərqli olaraq "Himayədar ailə" qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır və uşaq ailənin varisi hesab olunmur. Belə ki, uşağın qəyyumları (himayəçiləri), bioloji və ya ögey valideynləri himayədar valideyn ola bilməzlər. Amma onu da deyək ki, hər insan da himayədar ola bilməz. Uşaqların xoşbəxt və qayğısız gələcəyi üçün onların qayğıya, müdafiəyə, sevgiyə ehtiyacı var. Bunlar valideynlik bacarıqları və motivasiyası ilə bağlıdır. Əlbəttə ki, uşağı himayəyə götürən şəxsin və ya şəxslərin maddi-mənəvi vəziyyəti qənaətbəxş olmalıdır. Ona görə də bu məsələdə əsas məqsəd himayədar ailələri düzgün qiymətləndirib, daha uğurlu himayədar valideynlərin seçilməsi prosesini təşkil etməkdir.

Zakirə ZAKİRQIZI.