ERMƏNİLƏRİN VİRTUAL SAXTAKARLIĞI
Siyasət

ERMƏNİLƏRİN VİRTUAL SAXTAKARLIĞI

Ermənistan aprelin 24-də qondarma erməni "soyqırımının" "ildönümünü" qeyd edir. Hər dəfə də bu qondarma tarixlə bağlı yazılanların gözünə yeni absurd ideyalar qatır, sərsəmlik dərəcəsinə çatdırdıqları bu düzməcələri dünya ictimaiyyətinə sırımağa çalışırlar. Haqlı olaraq düşünürsən ki, "ermənilər illərdir ki, xəstə təxəyyülün məhsulundan ibarət olan bir tarix icad edib onu virtuallaşdıraraq yaşayırlar...". Ən qədimlərə gedib çıxan virtual tarix, əzabkeş obrazı, ilk sivilizasiya yaradıcısı və hər şeyi əhatə edən virtual mədəniyyət. Bu virtual düzməcələrdə hər gün yeni bir "icad" ilə rastlaşırıq. Həm də ən dəhşətlisi odur ki, düzüb-qoşduqlarına utanıb-çəkinmədən dünyanın bir hissəsini də inandırmağa çalışırlar.

Bu saxta iddiaların ildönümləri rəhbərliyə dürtülmüş erməni mikoyanların, kostandyanların, sitaryanların təkidi ilə ötən əsrin 50-ci illərindən keçmiş Sovet İttifaqında da qeyd edilirdi. Başqa cür də ola bilməzdi. Qafqaza köçürülən ermənilər müsəlmanlar içərisində "xristian anklavı"nın yaradılmasına nail ola bilmişdilər. Halbuki Rusiya ilə İran arasında Azərbaycanı bölən Gülüstan (1813) və Türkmənçay (1828) sülh müqavilələrinə qədər bu ərazilərdə bir nəfər də olsun erməniyə rast gəlmək olmazdı. Elə Osmanlı imperiyasının Şərqi Anadolu ərazilərinə də ermənilər Fərat və Dəclə çayları arasındakı Mesopotomiya ərazilərindən köçüb gəlmişdilər. Bunu ona görə xatırlatmağı lazım bilirik ki, ermənilər vay-şivən qopararaq bütün dünyaya səs salırlar ki, qondarma soyqırımda guya 1,5 milyon erməni öldürülüb. Saxtalığı şübhə doğurmayan bu rəqəm akademik Maarın belə bir ifadəsini təsdiqləyir ki, "Ərzurumdan Vana qədər böyük ərazidə 1914-cü il Osmanlı siyahıyaalmalarına görə ermənilərin sayı heç 900 min nəfərə çatmırdı. Ciddi tədqiqatlar göstərir ki, bu, real tarixdən çox erməni tarixçilərinin təxəyyül səyləri hesabına düzəldilmiş hekayətdir." Erməni uydurmaları bununla bitmir ki. Onların öz tarixlərini saxtalaşdırıb şişirtməyə meyilli olduqlarını elə erməni tarixçilərinin özləri də etiraf edirlər. Bu nöqteyi-nəzərdən Xarkovda yaşayan erməni tarixçisi Filipp Ekozyantsın fikirləri diqqətçəkicidir: "Mən çoxdan bir maraqlı fakta diqqət kəsilmişəm. Bütün sivil dünya - ABŞ-dan tutmuş Çinə, İsraildən Norveçə kimi - Ermənistanı Ermənistan, erməniləri - erməni adlandırır. Ancaq dünyada bir azsaylı, cırtdan deyilə biləcək qədər kiçik bir xalq var ki, onun dilində "erməni" və yaxud ona az da olsa oxşayan başqa bir söz yoxdur. Nə qədər paradoksal olsa da, bu xalq - ermənilərdir. Onlar bütün dünyadan fərqli olaraq özlərinə "hay" deyir, öz Vətənlərini isə "Hayestan" adlandırırlar".

Yəni "erməni" sözünə əsla oxşamayan bir adın erməni təhtəlşüurunda möhkəm kök salması da təsdiq edir ki, bu xalqın adından tutmuş tarixinə qədər hər şey təkcə saxta, qondarma təxəyyülün məhsulu olmayıb, həm də psixoz dərəcəsinə çatdırılmış natamamlıq kompleksinə söykənir. Yoxsa, Nuhun gəmisi, "sivilizasiyanın ilk məskəni", "dənizdən dənizə dövlət" və neçə-neçə buna bənzər sayıqlamalar erməni iddialarında yer tapa bilməzdi.

Bir dəfə ermənilər haqqında növbəti tarixi sayıqlamaları oxuyarkən özümə bir sual verdim ki, bəlkə bu "hay" xalqının erməni xalqına heç bir dəxli yoxdur? Bəlkə bu "hay" xalqının tamam ayrı, öz tarixi və bəlkə bu tarixin doğrudan da nəsə böyüklüyə yaxın ola biləcək fərqli cəhətləri var. Həm də ola bilsin "hay" xalqı başqa ad altında və başqa bir keçmişlə yaşayır. Amma diqqət etdikdə görürsən ki, bu başabəla xalqın həqiqətən də iki tarixi var - biri həqiqi, biri uydurma. Amma bu tarixin uydurma olan tərəfi daha ağır gəlir və radikal millətçilik azarına tutulmuş erməniləri öz sehrinə daha çox çəkir. Elə bunun nəticəsidir ki, ermənilər tərəfindən bu haqda artıq çoxlu sayda şişirtmə kitablar yazılıb, hətta "dost" və "düşmənlər"in, "qəhrəmanlar" və "satqınlar"ın adları da müəyyən edilib... Amma bu kitablarda nə qədər çalışsalar da belə qənaət hasil olur ki, sonuncu erməni dövləti 2 min il əvvəl mövcud olub. O vaxtdan XX əsrə kimi ermənilərin ümumiyyətlə, dövləti və dövlətçiliyi olmayıb. Özləri də köçəri qaraçılar kimi o ölkə sənin, bu ölkə mənim səfil-sərgərdan baş alıb gəziblər. Sakit, dinc, həm də ləyaqətli həyatı yalnız Osmanlı imperiyası dövründə tapıblar. Di gəl ki, erməni xisləti onlara burada da sona qədər adam kimi yaşamağa imkan verməyib.

Bəli, ermənilər öz tarixlərini qədimləşdirməyi, bir vaxtlar "dənizdən-dənizə Ermənistan" haqqında əfsanəni, Ermənistanın "qədim xristianlığın ən inkişaf etmiş sivilizasiya mərkəzi" olması haqqında həyasız iddiaları az eşitməmişik. Bütün bu müəmmalardan sonra ağlı başında olanlar bir qrup siyasi şarlatanın "hay" xalqının necə tarixi-psixi tələyə salındığını görür və aydınca başa düşürlər ki, o tələdən xalq heç cür çıxa bilmir, gah forpost, gah quberniya, gah da kiminsə hərbi bazalarının saxlanma meydançası olur. Tələnin bir forması da ondan ibarətdir ki, bu xalq sırf xəyalların məhsulu olan bir tarixi şişirtməklə məşğuldur və o, özünü indiyə qədər adlandırdığımız kimi yox, tamam basqa cür adlandırır. Azərbaycan tarixçilərinin tədqiqatlarına əsaslanaraq deyə bilərik ki, biz "tarixi Ermənistan" adlandırılan ərazidə ta bu minilliyin əvvəllərinə qədər nələr baş verdiyini dəqiq bilirik, yəni sonuncu erməni çarı II Tiqran Fərat sahillərində Bizans imperatorluğu tərəfindən məğlub edildikdən sonra XX əsrin əvvəllərinə qədər erməni dövlətçiliyi olmayıb. Akademik Yaqub Mahmudov demişkən, "Bütün məsuliyyətimlə bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və "tarixin atası" Herodot təsdiq edir".

Passionar enerji haqqında nəzəriyyənin banisi, görkəmli tarixçi Lev Qumilyov qeyd edir ki, müasir ermənilər yalnız mədəni əlamətlərinə görə erməni, etnik məzmunlarına görə isə qarışıq millətdirlər. Bu məzmunda köçəri qaraçı tayfalarından tutmuş əsrlərlə birgə yaşadıqları türklərin parçaları var.

Nə qədər qəribə olsa da, riyaziyyat üzrə elmlər doktoru Klesov da yazır ki, çoxmillətli Osmanlı imperiyasının tərkibində yaşayan ermənilər heç vaxt etnik özünüdərk və özünəməxsusluğa malik olmayıblar, daha çox Osmanlı imperiyasının böyük parçası olan türklərin antropoloji xüsusiyyətlərini əxz ediblər. Hətta DNT-nin riyazi dəqiqliklə aparılmış geneoloji testləri də erməni əhalisinin türk əhalisi ilə identikliyini birə-bir sübuta yetirib.

Hay xalqının bəzi nümayəndələri isə dəqiq bilir ki, onlar Osmanlı imperiyasının tərkibində sadə insanlarla yanaşı yaşayıb, normal həyat tərzi sürüblər.

Zori balayanlar, silva kaputikyanlar erməniləri inandıra biliblər ki, onların öz qonşuları ilə, ən yaxın xalqlarla heç bir ortaq bağları yoxdur, son 400 illik tarixləri, yəni bütün Osmanlı dönəmi onların tarixi deyil və guya bu 400 ildə böyük Osmanlı imperiyasının, zəngin, qüdrətli və maarifləndirici bir dövlətin tamhüquqlu üzvləri yox, hüquqsuz qulları olublar. Halbuki Osmanlı dövründə erməni xarici işlər, maliyyə, daxili işlər nazirləri, orduda yüksək mövqe tutan generallar haqqında yetərincə söz açmaq olar. Xəyanətlərinə görə qulağı kəsilib tayqulaq qalmış Andronik kimi.

Tarixçi Ekzoyantsın etiraf etdiyi kimi, "bizim heç bir başqa dövlətimiz gerçəkdə mövcud olmayıb. Varisi yalnız erməni xalqı olan dövlət də yüz faiz olmayıb. Mən yalnız təsdiqlənmiş və hamıya məlum olan faktlara əsaslanaraq öz keçmişimiz haqda həqiqətə inanıram".

Ermənilərin Türkiyə və Azərbaycana qarşı kin qusduqları bugünkü günlərdə işlərinə gəlmədiyinə görə bunu öz tarixləri hesab etmirlər. Halbuki bu tarixi dönəm haqda Rusiyadan tutmuş İrana, Avropa və ABŞ-a kimi ölkələrin arxivlərində olduqca böyük sayda səhih sənədlər, sübutlar var. Ən başlıcası bunlar Ermənistanın və təbii ki, Türkiyənin arxivlərində də var. Osmanlı dönəminədək olan tarix isə qaranlıqlar və boşluqlarla, şişirtmələrlə doludur, xəstə təxəyyülün, boş fantaziyaların məhsulundan savayı bir şey deyil. İnkişaf etmiş xristian sivilizasiyası, "dənizdən-dənizə dövlət" xəyalları da onun kimi. Bir çoxlarının fikrincə, bu sualın cavabı çox sadədir: bu da odur ki, hay xalqı bütün dünyaya böyük Osmanlı imperiyasının tərkibində yaşadıqlarını və əsl tərəqqiyə də bu imperiya daxilində çatdıqlarını etiraf etmək istəmirlər.

Amma onlar öz miskin xislətlərinə uyğun olaraq bu imperiyaya xəyanət etdilər. Özü də necə? Bu haqda tarixi həqiqətlər nə deyir? 1877-1878-ci il rus-türk müharibəsi rusların qələbəsi, Bolqarıstanın Osmanlı imperatorluğunun tərkibindən çıxmasını təsbit edən Ədirnə sülh müqaviləsi ilə başa çatdı. Bundan ruhlanan ruslar Qafqaz istiqamətində də Osmanlı imperatorluğunu təhrik edən hərəkətlərə başladılar. Ermənilərin rus qoşunlarına yardımı da elə bu dövrdən başladı. Onların bir hissəsi könüllü olaraq rus ordusunun tərkibinə daxil olur, rusların köməyi və təlimləri sayəsində nizami ordu dəstələri yaradaraq açıq surətdə Osmanlıya qarşı döyüşürdülər. Osmanlı imperiyasının paytaxtında hələ də müəyyən vəzifələr tutan ermənilər rusları kəşfiyyat materialları ilə təmin etməklə onların sürətli hücumuna ciddi surətdə yardım göstərirdilər. Osmanlı ordusunda general rütbəsinə qədər yüksəlmiş Andronik adlı erməni Osmanlı ordusunun Baş Qərargahından mühüm hərbi sirlərin Rusiyaya ötürülməsində ifşa olundu. Sonradan bu məlun Osmanlı və Azərbaycan türklərinin soyqırımında fəal iştirak edən quldur dəstələrinin, onlara basçılıq edən Dro, Njde, Amazaps kimi quldurbaşılarının yetişməsinə də öz alçaq töhfəsini verdi.

Ciddi hərbi-siyasi fəaliyyətləri ilə seçilən Qnçak (1878), Daşnaksütyun (1879) partiyaları da silahlı komitələr yaratmaqla bu quldur dəstələrinin sıralarını genişləndirdi. Bu, həm də rus qoşunlarının Birinci Dünya müharibəsi ərəfəsində Şərqi Anadoluda geniş istilalar edərək Ərzuruma qədər irəliləməsinə şərait yaratdı.

Osmanlı dövləti ermənilərin bu xəyanətini cavabsız qoya bilməzdi. İmperatorun 1914-cü ildə verdiyi qərarnamə ilə Şərqi Anadoluda yaşayan ermənilərin imperiyanın başqa əyalətlərinə köçürülməsilə bağlı əmr verildi. Qərarın icrası Şərq cəbhəsinin komandanı Karabəkir Paşaya həvalə edildi. Məqsəd ruslara agentlik edib, onlarla birlikdə Osmanlı qoşunlarına arxadan zərbə vuran erməni silahlı dəstələrinin tərk-silah edilməsi, onlara rəğbət bəsləyən mülki əhalinin isə dinc yolla digər ərazilərə köçürülməsi idi. Köç siyasəti əsasən dəmir yolu vasitəsilə həyata keçirilirdi. Bundan başqa, xeyli at və öküz arabaları da ayrılmışdı. Köç prosesinə 1915-ci ilin martında başlanıldı. 900 minə yaxın erməninin 650 mini dəmir yolu ilə Mersin şəhərinə, oradan isə ozamankı Osmanlı imperiyasının tərkib hissəsi olan Livan, Suriya, İraq, Misir ərazilərinə köçürüldü. Köç zamanı hər hansı repressiya tədbirlərinə yol verilmədi. Lakin köç prosesində bəzi xəstəliklərin, xüsusilə difteriya və malyariya xəstəliklərinin yayılması nəticəsində müəyyən qədər ölüm halları baş verdi. Bu, uşaqlar, qocalar və qadınlar arasında daha geniş yayıldı.

Bəli, ötən əsrin əvvəllərində böyük xəyanətin labüd nəticəsi kimi, köç hadisələri baş verib. Köç zamanı çoxu dəmiryolu, az bir qismi isə arabalarda daşınan ermənilərdən aclıq və xəstəlikdən ölənlər oldu, daha çox isə yolboyu tüğyan edən, qadınların bər-bəzəyinə, köçürülənlərin var-dövlətinə göz dikmiş kürd (quldurları) esqiyaları tərəfindən öldürüldü. Cinayətkarlar elə türk xalqının özü tərəfindən tutulub edam edilirdi. Hər halda, o vaxt türk xalqından belə bir məhkəməni heç kim tələb etmirdi və edə də bilməzdi. Türk xalqının tolerantlığı, multikultural ənənələri, ermənilərə isti münasibəti baş verənlərin dərinləşməsinin qarşısını aldı. Türkiyə mənbələrində sadəcə olaraq "köç" adlandırılan bu hadisə Osmanlı təbəələrinin bəziləri arasında böyük imperiyalardan sonra həmişə müşahidə olunan bir uçurum yaratdı. İdeya dəllalları bu uçurumu dərinləşdirmək üçün bütün qüvvələrini sərf etdilər.

Fəqət dünyanın aparıcı gücləri hay və türk xalqlarına barışıq imkanı vermədilər. Hadisədən 30 il sonra - 40-cı illərdə yəhudi xalqının polşalı nəslindən olan biri "genosid" sözünü fikirləşib tapdı. Və o, öz din qardaşları ilə birgə bütün dünyanı inandırmağa çalışdı ki, Osmanlı imperiyasında köç yox, məhz genosid baş verib. Beləcə, dünya ictimai rəyinə provakasyon bir müddəa atıldı və o erməni millətçi dairələri tərəfindən göydəcə tutuldu. Və dünya da baş verənlərin necə adlanmasına laqeyd olduğundan, yeni bir məhkəmə, yeni etiraflar və yeni cəzalar tələb edilməyə başlandı - özü də bu hadisələri həyata keçirmiş və artıq həyatda olmayanlara qarşı yox, bütöv türk xalqına qarşı. Hətta bunun fərqinə belə varmaq istəmirlər ki, erməni xalqının başına genosid ideyasını yeridənlər öz murdar fəaliyyətlərinə 30 il sonra - XX əsrin 40-cı illərində baslayıblar. Və məhz o vaxt "genosid" sözü və anlayışı meydana çıxıb və tədricən ermənilərin gündəminə yerləşməklə bu günədək davam edir. Bu "genosid"in mahiyyəti də ondan ibarətdir ki, əslində bəziləri siyasi alət olaraq erməni xalqını real dünyadan tarixi saxtakarlıqlar və xəyallar üzərində qurulan virtual dünyaya köçürmək və bu zəmində türk xalqını tarixi seytnota salmaq istəyirlər.

Ermənilərin "genosid"i iddia edildiyi kimi, heç də 100 il öncə baş verməyib. Ona qalsa, XVII-XVIII əsrlərdə Amerika qitəsində 70 milyondan çox aborigen hindunu qırıb-çatmış anqlosakslar, ispanlar, portəgizlər, fransızlar da ittiham olunardılar. 1962-ci ildə fransızlar işğal edilmiş Əlcazair ərazilərində günahları yalnız azad olmaq istəyən 1 milyona qədər insanı qətlə yetirdilər. Bu gün də Myamada davam edən müsəlman qətliamları 200 mindən çox insanın həyatına son qoyub. Elə erməni vandallarının bəzi iri dövlətlərin qəyyumluğu ilə 1828-ci ildən 1920-ci ilə qədər böyük bir coğrafi ərazidə - Qars, İğdır, Urmiya, Qərbi Azərbaycan, Şimali Azərbaycanın bütün ərazilərində 2 milyondan çox azərbaycanlını qətlə yetirmələrinin tarixi-siyasi qiymətini almaması da ikili standartlarla yanaşmanın göstəricisidir. Bu fonda kimlərinsə ermənilərə həqiqi tarix əvəzinə virtual qədimlik, virtual böyüklük anlayışlarını sırıyıb onları divanəlik həddinə çatdırmaları ermənilər üzərində psixo-tarixi eksperimenti həyata keçirməklə, əslində onların özlərini özlərinin düşməni edərək bu oyuncaq xalqı virtual bir ideyanın miskin daşıyıcısına çevirmişlər.

Bu hadisələrin bu günlərdəki təqdimatı, xüsusən xristian dövlətlərinin parlamentlərində yeni ultimatumlar paketi, yeni iddialar toplusu meydana gətirməklə erməniləri inandırmağa çalışırlar ki, bu sözü bütün dünya tanıyacaq, türklərdən böyük təzminat, hətta ola bilsin az da olsa torpaq və bir də türklərin Ağrı, ermənilərin isə Ararat dediyi dağı geri qaytaracaqlar. Xalis dəli-divanəlik deyilmi? Hay xalqı erməni xalqı qurulmuş, süslənə-süslənə ona lap körpəlikdən təqdim edilən soyqırımı adında psixo-tarixi tələ də elə məhz budur.

Son dövrlər ermənilərin bu istiqamətdə fəaliyyətləri daha da güclənib. Onlar erməni lobbisinin köməyi ilə müxtəlif ölkələrin parlamentlərinə müraciət edərək "soyqırımı" ilə bağlı qərarlar qəbul etdirməyə çalışır, buna qismən nail ola bilirlər. Bu məsələdə bəzi Qərb ölkələri, xüsusən Fransa, İsveçrə, Hollandiya daha çox fəallıq göstərir. Məsələyə Vatikan kilsəsinin qarışması, Papa Frensiskin qondarma soyqırımı XX əsrdə ilk soyqırımı kimi təqdim etməsi xristian təəssübkeşliyinə və dinin siyasətə alət edilməsinə nümunədir.

Bu ölkələr və qurumlar unudurlar ki, Türkiyə dəfələrlə hər iki ölkənin arxivlərinin açılmasını, tarixçilərdən ibarət beynəlxalq heyətin həmin dövrdə baş vermiş hadisələrin araşdırılmasını təklif edib. Bundan boyun qaçıran Ermənistan məsələni siyasiləşdirməkdə davam etməklə daha çox ölkənin qondarma soyqırımını tanımasına, məsələni beynəlxalq məhkəmə səviyyəsinə qaldıraraq Türkiyədən təzminat qoparılmasına nail olmağa çalışır.

Birmənalı sübut olunmuşdur ki, tarixdə erməni soyqırımı adlı hadisə olmayıb. Ən azından ona görə ki, bunu sübut edəcək heç bir fakt, əşyayi-dəlil, videomaterial yoxdur. Üstəlik, erməni yalanları bir də onunla təsdiqini tapır ki, bu saxta iddia ilə bağlı bir dənə də olsun məhkəmə hökmü yoxdur. Məsələn, yəhudi Xolokostunu sübut edən çoxsaylı dəlillər onu Nürnberq mühaki-məsində bütün detallarına qədər aşkarlaya bildi. Ermənilər isə bu məsələdə quru sözdən uzağa gedə bilmirlər.

Ekozyants kimi, bir çox ermənilər etiraf edirlər ki, ermənilərin soyqırımı məhz indi aparılır. Onların o qədər himayədarları peyda olub ki, tarixi hadisələri saxtalaşdırıb bəhanə qismində istifadə edərək erməni xalqını real dünyadan, müasir sivilizasiyadan kəsib ayırmaq, onları türklərə, azərbaycanlılara, hətta gürcülərə qarşı qoymaq istəyirlər. Özü də bunu əfsus ki, kifayət qədər uğurla etməyə çalışırlar və bəzən də nail olurlar. Ermənilərin bu cür sürrealist tələbləri və iddiaları artıq ona gətirib çıxarıb ki, onlar bölgənin bütün irimiqyaslı layihələrindən kənarda qalıb, coğrafi əhatələrində büsbütün davakar, militarist xarakterli bioloji tullantıya çevriliblər. Onlar heç cür anlaya bilmirlər ki, həm "soyqırımı" anlayışının yaradıcıları, həm də qonşulara qarşı mənəvi, tarixi və ərazi iddialarının təşkilatçıları - hansılar ki, çox gözəl şəkildə erməni xalqının qurbanlıq obrazını tərənnüm edirlər - əslində bu xalqın amansız və məkrli düşmənləridir. Elə bu səbəbdən, işğal edilmiş Azərbaycan ərazilərinin azad olunmasına dair BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin olmasına baxmayaraq, bu istiqamətdə aparılan sülh danışıqları ermənilərin destruktiv mövqeyi ucbatından dalana dirənirdi. Ermənilər başa düsməlidir ki, onlar artıq tarixi Azərbaycan torpaqlarında bir dəfə öz müqəddəratlarını təyin edib, öz dövlətlərini qurublar. İkinci dəfə Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılmasına Azərbaycan xalqı əsla və əsla icazə verməyəcək.

Beləcə, ermənilər on illərdir ki, onlara tamamilə yad olan insanlar tərəfindən düşünülmüş olduqca ağır "genosid" xaçı ilə dünyada veyillənir, kiminə təzim edir, kiminə ağlıyıb-sıtqıyır, bir sözlə, özlərinin məşəqqətlər çəkmiş əzabkeş obrazını yaratmaq naminə hər cür əskikliyə gedirlər. Bu müddətdə genosid sözü hərfi mənada ermənilərlə qovuşub, həm də doğmalaşıb. O, hər bir erməni ailəsinin üzvü olub, onların qəlbində yuva salıb və əslində bu xalqın həyati şirələrini oradan sorur. Bu xalq qapalı, qəzəbli, kinli Yanusa çevrilib və uydurduğu səfsəfəni qəbul etmək istəməyən hər kəsi məhv etməyə hazırdır, çünki o hamıdan "ən qədim, ən böyük, ən əzabkeşdir". Multikulturalizmin və tolerantlığın geniş yayıldığı müasir dünyada bu cür mənəviyyatla sivilizasiyalı dünyaya qovusmaq bəlkə də mümkün olmayacaq.

Hər halda, ermənilər arasında öz sağlam mühakimə qabiliyyətini və zəkasını qoruyub saxlayanlara da rast gəlinir. Onlar hamısı bir səslə tələb edirlər ki, qondarma soyqırımı iddialarından əl çəkməyin vaxtı çoxdan çatıb, yəhudilər real Xolokost cinayətinə görə almanlarla münasibəti pozmayıblarsa, biz qondarma iddialarla dünyanı bir-birinə vurmağa çalışmamalıyıq. Xocalı soyqırımının, vaxtilə işğal edilmiş 20 faizdən artıq Azərbaycan torpaqlarının və orada həyata keçirilmiş etnik təmizləmələrin,  saya gəlməyən deportasiya qurbanlarının ibrətləri də bizləri buna çağırır.

Erməni tarixçisi Ekzoyants səmimi olaraq ermənilərə müraciət edir: Mən bilirəm və əminəm ki, bizim xalq öz yaddaşını, bütün doğmalarını özünə qaytarmalıdır. Onu necə var, elə də qəbul etməlidir. Söhbət həm Türkiyə, həm Azərbaycan xalqından gedir. Mən bu xalqları bizdən hansı ardıcıllıqla aralayıblarsa və hansı ardıcıllıqla aralamağa davam edirlərsə, o ardıcıllıqla da sıraladım. XIX əsrin sonlarında türkləri XX əsrin sonlarında qəti olaraq azərbaycanlıları bizim düşmənlərimizə çevirdilərsə, indi də ruslara qarşı xalqımıza uğurlu şəkildə nifrət virusu peyvənd edirlər. Odur ki, nə qədər ağır olsa da biz öz real, təbii ailəmizə qayıtmalıyıq. Əgər bunu etməsək, mən əminəm: biz məhv olacağıq, həll olub gedəcəyik. Mən bizim virtual qədimliyimizin, qədim böyüklüyümüzün konkret nədən ibarət olduğunu göstərmək və əsas bu suala cavab vermək üçün öz üzərimə məsuliyyət götürürəm: kim və nə üçün bizi aldadır? Digər bütün xalqlar kimi, bizim də qədim keçmişimiz var. Ancaq əfsus ki, onun haqda dəqiq heç nə, yaxud demək olar, heç nə məlum deyil.

Azərbaycan tarixşünaslığı həm dəfələrlə baş verən Ermənistan ərazilərindən azərbaycanlıların deportasiyasını, həm də 1905-ci ildən başlayan və saysız-hesabsız qurbanlarla müşayiət olunan Osmanlı və Azərbaycan türklərinə qarşı erməni qətliamlarını araşdıraraq əslində soyqırımından daha çox Azərbaycan türklərinin əziyyət çəkdiyini isbata yetirmişdir. Ə.Ağaoğlu 1905-ci ildə "S.Peterburqskiye vedomosti" qəzetinin 22-25 aprel sayında "Bakı hadisələrinə dair" məqaləsində yazırdı ki, elə həmin vaxtdan bu qırğınlar Bakı sərhədlərini aşaraq əksər Azərbaycan bölgələrini, xüsusən Qarabağ bölgəsini daha geniş miqyasda əhatə etmişdir. Həm də bu soyqırımları 1916-cı ildən şiddətlənərək Türkiyə ərazisində Kars, İğdır, Cənubi Azərbaycanda Urmiyaətrafı bölgələri, Qərbi Azərbaycanın (indiki Ermənistan) əksər bölgələrini, eləcə də Şimali Azərbaycanın bir çox ərazilərini əhatə edir. Bakı şəhərində erməni vandalizmi daha böyük qırğınlarla müşayiət olunurdu. Şaumyanın bolşevik-daşnak dəstələri ilə birgə hərəkət edən erməni quldur dəstələri 1918-ci ilin martında təkcə bir gecədə 20 minə qədər azərbaycanlını soyqırımına məruz qoydu. Njdenin, Dronun, Amazapsın qaçaq-quldur dəstələri ölkənin şimal-şərq rayonlarında, xüsusən də Quba uyezdində daha amansız qətliamlara rəvac verdilər. Bu məsələlər Yusif Qazıyevin "Erməni məsələsi" adlı monoqrafik təhlilində daha geniş təfərrüatı ilə açılmışdır. Son vaxtlar orada tapılmış toplu məzarlar qırğınların nə qədər amansız və qəddar olduğunu əyani surətdə ortaya qoyur. Qırğınların, hətta Qubada yaşayan dağ yəhudilərini, eləcə də Qusar ləzgilərini əhatə etməsi erməni vandalizminin gerçək simasını əks etdirir. Təqribi hesablamalar sübut edir ki, ermənilərin bu vəhşilikləri nəticəsində 2 milyona qədər Azərbaycan türkü və 200 mindən çox Türkiyə türkü qətlə yetirilmişdir. Hələ deportasiyalar zamanı həlak olan və yaxud ağır şəraitin doğurduğu xəstəliklərdən vəfat edənləri buraya daxil etmirik.

Sovet hakimiyyəti illərində ermənilərə qondarma soyqırımından danışmağa icazə verilsə də, Azərbaycan türklərinə qarşı ermənilərin törətdikləri irimiqyaslı qırğınlar haqqında faktların tədqiq edilməsinə qətiyyən icazə verilmirdi. Amma hər il "Pravda" qəzeti qondarma erməni soyqırımına dair məqalə dərc edir, ermənilərin çoxsaylı "genosid" tədbirlərinə geniş meydan verilirdi.

Yalnız müstəqillik illəri ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və deportasiyaların əsl üzünü açmağa imkan verdi, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da verdiyi fərmanla hər il martın 31-i ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı günü kimi qeyd edilməsi qərara alınıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" adı altında keçirdiyi tədbirlərlə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər bütün dünyaya çatdırılır. Artıq dünyanın 8 ölkəsinin, ABŞ-ın 16 ştatının qanunvericilik məclisləri Xocalı qətliamını insanlığa qarşı cinayət kimi tanıyıb.

Ekozyants vaxtaşırı erməniləri saxta və yalan tarixdən, uydurma soyqırımı iddiasından imtinaya çağırır, əks halda haqlı olaraq erməni xalqının iztirablarının bitməyəcəyi barədə xəbərdarlıq edir.

Son olaraq o, öz xalqından bir suala cavab tələb edən video yayıb. Tədqiqatçı videoda erməni istifadəçilərdən soruşur: "Biz ermənilər qonşularımızla sülh və uyğunluq şəraitində yaşamaq üçün nə etmişik?". Daha sonra o, öz sualını aydınlaşdırmağa çalışır: "Bu cavablar ermənilərin xoşuna gəlməyəcək və ya onlar ümumiyyətlə cavab tapmayacaqlar. Siz və sizin son onilliklər ərzində dəyişən hakimiyyətiniz qonşular ilə sülh içində yaşamaq üçün konkret nə ediblər? Bir-birinizdən heç yana qaça bilməzsiniz! Siz onsuz da qonşularınızla yaşayacaqsınız. Variant yoxdur. Yoxsa yenə harasa gedəcəksiniz? Rusiya və Amerikada yeni kilsələr tikəcəksiniz? Özünüz seçməlisiniz".

Bütün bunlar onu göstərir ki, ermənilərin dünyaya sırıdıqları yalanlar dağılmaqda, bu regionda baş verən həqiqətlər tədricən də olsa özünə yol açmaqdadır.

Qabil HÜSEYNLİ,

fəlsəfə elmləri doktoru, professor.