Sağlam həyat
Maraqlı

Sağlam həyat

Orucu xurma ilə açmaq doğrudurmu?

Adətən Ramazan ayında insanlar orucu şorba, su və ya zeytunla açırlar. Lakin bu qidalarla müqayisədə xurmaya daha çox üstünlük verilir. Bəs acqarına şirni gəbul etmək nə dərəcədə düzgündür?

Son zamanlar həkimlər uzun müddət ac qaldıqdan sonra orucu şirin bir qida, yəni xurma ilə açmağın zərərli ola biləcəyini deyirlər. Ancaq bəzi mütəxəssislər isə bunun tam əksini - xurmanın acqarına faydalı olduğunu söyləyirlər.

Xurma çox yüksək qida dəyəri sayəsində doyurucudur. Həmçinin şirniyyat istəyinin qarşısının alınmasında rol oynayır. Bu xüsusiyyətləri ilə xurma iftar zamanı ilk üstünlük verilən qidalar arasındadır.

Mütəxəssislər yüksək miqdarda lif mənbəyi olan bu qidanın enerji verməklə yanaşı, oruc tutan insanın qan şəkərini nizamladığını bildirirlər. Bundan əlavə xurma ilə iftar etmək ilk mərhələdə toxluq hissi verərək daha az yeməyə səbəb olur. Məhz bu səbəblərdən iftarda xurmadan istifadə etmək qənaətbəxş hesab edilir. Lakin xurma kimi şəkərli qidalar həddindən artıq istehlak edildikdə artıq çəkiyə səbəb ola bilər. Mütəxəssislər orqanizmin uzun müddət susuz qalmasını nəzərə alaraq iftara su ilə başlamağın ən doğru seçim olduğunu söyləyirlər.

Boyunun ölçüsü bu problemdən xəbər verir

Amerikanın Massaçusets Universitetinin alimləri boyun ölçüsü ilə ürək sağlamlığı arasında əlaqə tapıblar. Tədqiqatçılar müəyyən ediblər ki, boyun nahiyəsinin qısa və qalın olması ürək-damar sistemi ilə bağlı problemlərə işarə edir.

3300-dən artıq könüllü üzərində aparılan tədqiqatların nəticələri göstərib ki, əgər insanın beli, çəkisi normal, boğazı qalın və qısadırsa, deməli ürək xəstəlikləri riski çoxdur. Tədqiqata cəlb olunan bütün iştirakçıların boyun uzunluğu və eni ölçülüb. Qadınlarda orta göstərici 34,2, kişilərdə isə 40,5 santimetr olub. Daha sonra onların xolesterin və qlükoza analizi yoxlanılıb. Məlum olub ki, boyun çevrəsi nə qədər genişdirsə, qanda şəkər və xolesterinin səviyyəsi bir o qədər yüksək olur. Mütəxəssislər normadan artıq olan hər 3 santimetrin ürəkdə problemə işarə etdiyini söyləyirlər. Məhz bu səbəbdən 45 yaşdan sonra boğaz nahiyəsində qalınlaşma müşahidə edənlərin mütləq kardioloq nəzarətindən keçmələri tövsiyə olunur.

Alzheimer xəstəliyinin daha bir səbəbi tapıldı

Amerikalı elm adamları Alzheimer xəstəliyinin daha bir səbəbini müəyyən ediblər. "Nature" jurnalında dərc olunan araşdırmaya görə, bioloqlar "APOE4" mutasiyasının beynin dəstəkləyici hüceyrələrində piy damcıları əmələ gətirdiyini aşkarlayıblar. Alimlər bu prosesin Alzheimer xəstəliyinin inkişafını sürətləndirdiyini güman edirlər.

Tədqiqatçılar bu prosesi bəzi immun hüceyrələrinin bakterial infeksiyalara cavab olaraq yağ ləkələri əmələ gətirməsinə bənzədirlər. Hansı ki, bu yağ ləkələri beta-amiloid və digər zəhərli zülallara cavab olaraq beynin dəstəkləyici hüceyrələrindən biri - mikroqlia tərəfindən istehsal olunur. Ailmlər bu kəşfin Alzheimer xəstəliyi ilə mübarizə üçün yeni üsulların yaradılmasına işıq salacağına ümid edirlər.

Alzheimer xalq arasında "zehnin itirilməsi" olaraq təyin olunan nevroloji bir xəstəlikdir. Beyin hüceyrələrinin vaxtından tez ölməsi ilə müşaiyət olunan bu xəstəlik, beynin kiçilməsinə səbəb olur. Bununla əlaqədar olaraq xəstələrdə unutqanlıq problemləri başlayır. Yaddaş, düşüncə və davranış funksiyalarının azalmasına da səbəb olan bu xəstəlik yaşla özünü göstərir. Onu da qeyd edək ki, xəstəliyin səbəbi hələ də tam olaraq məlum deyil.

Suyu isti için ki...

Çinlilərin ən sevimli içkisi isti sudur. Demək olar ki, ilin bütün fəsillərində termosda isti su daşıyan bu millət sağlamlıq məsələsinə çox həssas yanaşır.

Elmi sübutu olmasa da, yeməkdən əvvəl isti su içməyin sağlamlıq üçün faydalı olduğuna inanılır. Çinlilərin fikrincə, yeməkdən əvvəl isti su içmək həzmi asanlaşdırır, boğazdakı ağrıları sakitləşdirir, bundan başqa, burun tıxanıqlığını aradan qaldırır. Bundan əlavə, həzm sistemini yaxşılaşdırır, bağırsaqların fəaliyyətini tənzimləməkdə mühüm rol oynayır. Qarın əzələlərinə də sakitləşdirici təsir göstərən isti su, müxtəlif sancıların və spazmların qarşısını alır, xüsusən ağrıları azaldır. Həmçinin saç köklərindəki sinir uclarına enerji verir, nəticədə saçlar yumşaq və parlaq olur.

Artıq çəkidən xilas olmağa yardım edən isti su arıqlamaq üçün də faydalıdır. Eyni zamanda gün ərzində qəbul edildikdə qan dövranını tənzimləyir, sinir sistemini sakitləşdirir. Lakin indiyə qədər aparılan araşdırmaların nəticələri göstərir ki, yemək arasında içilən soyuq su isə orqanizmdə yağları bərkidir, nəticədə köpə səbəb olur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".