DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ VƏ UKRAYNA ARASINDA TƏHLÜKƏSİZLİK ZƏMANƏTİ HAQQINDA SAZİŞ

ABŞ və Ukrayna NATO-nun iyul ayında Vilnüsdə keçiriləcək sammitindən əvvəl təhlükəsizlik zəmanəti haqqında saziş imzalaya bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina bəyan edib.

“Taktiki baxımdan danışıqlar aparılıb və strateji bəyannamə qəbul edilib. Bu qərar Vilnüsdə keçiriləcək NATO sammitindən öncə verilə bilər”, - deyə Olqa Stefanişina bildirib.

Ukrayna rəsmisi həmçinin əmindir ki,

 iki ölkə mütləq təhlükəsizlik zəmanətləri imzalayacaq.

Xatırladaq ki, bundan əvvəl “The Washington Post” qəzeti yazmışdı ki, ABŞ Ukraynaya 10 il müddətinə təhlükəsizlik zəmanəti verməyi planlaşdırır və plan dörd mərhələdən ibarətdir.

İRANDAN “HİZBULLAH”A ABŞ-LA BAĞLI ÇAĞIRIŞ

İran hakimiyyəti Yaxın Şərqdə münaqişənin daha da gərginləşməsindən yayınmaq üçün “Hizbullah” hərəkatını və digər silahlı qruplaşmaları ABŞ-ı təhrik etməməyə çağırıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Washington Post” qəzeti Livan və İraq məmurlarına istinadən məlumat yayıb.

“İran müharibənin genişlənməsinə və geri dönülməz nöqtəyədək gərginləşməsinə yol verməmək üçün mümkün hər şeyi edir”, - deyə nəşr vurğulayıb.

Eyni zamanda, nəşrin məlumatına görə, İran hakimiyyəti istənilən təhdidə cavab verməyə hazır olduğunu bildirsə də, ayrı-ayrılıqda yüksək səviyyəli rəhbərləri ehtiyatlı olmağa çağırır.

Bununla yanaşı, nəşrin yazdığına əsasən, İran nümayəndələri İraqda bildiriblər ki, regionda münaqişənin yenilənməsinin ABŞ qoşunlarının ölkədən çıxarılması barədə danışıqların sürətinə mane ola bilər.

ARGENTİNADA YOXSULLUQ ƏN YÜKSƏK HƏDDƏ ÇATIB

Argentinada yoxsulluq səviyyəsi yanvarda 57,4 faizə çatıb ki, bu da son 20 ilin ən yüksək göstəricisidir. Bu barədə “Röyters” agentliyi ölkənin aparıcı iqtisadi universitetlərindən birinin məlumatlarına istinadən xəbər verib. Hesabata əsasən, Argentinanın yeni prezidenti seçilən Xavyer Miley tərəfindən pesonun devalvasiyası və sonradan qiymət artımı yoxsulluq vəziyyətinin pisləşməsinə səbəb olub.

Məlumata görə, ölkədə 2023-cü ilin sonunda yoxsulluq səviyyəsi 49,5 faiz olub, yanvarda isə rekord səviyyəyə - 57,4 faizə yüksəlib. Hesabatda həmçinin qeyd olunub ki, ölkə üzrə ən azı 27 milyon insan yoxsulluq içində yaşayır, daha 9 milyon nəfər isə (ümumi 47,3 milyon əhalidən) həddindən artıq yoxsulluq içərisindədir.

Bildirilir ki, yeni prezidentin islahatları əsas ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olub. Ötən il ölkədə inflyasiya isə 211,4 faiz təşkil edib.

Ötən ilin dekabrında vəzifəsinin icrasına başlayan Argentina prezidenti Xavyer Miley ölkə iqtisadiyyatını liberallaşdırmaq üçün 300-dən çox fərman imzalayıb. O, iqtisadi böhranı aradan qaldırmaq üçün “aylarla çətinliklərə dözməyin” vacibliyi barədə xəbərdarlıq edib.

MACARISTAN HÖKUMƏTİ ABŞ SENATORLARINI QƏBUL ETMƏKDƏN İMTİNA EDİB

Macarıstan hökuməti ABŞ senatorları ilə İsveçin NATO-ya üzvlük məsələsini müzakirə etməkdən imtina edib. “Trend” agentliyinin məlumatına görə, ABŞ senatorlarından ibarət ikipartiyalı nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştə gedib və hökuməti, İsveçin NATO-ya üzv olmaq istəyini dərhal təsdiqləməyə çağırıb.

Məlumata əsasən, Macarıstanın münasibəti ilə bağlı birgə qətnamə hazırlayan qrup Macarıstan hökumətinin heç bir üzvü tərəfindən qəbul edilməyib. Senat, bu davranışına görə Macarıstana qarşı sanksiyaların tətbiqi ehtimalını gündəmə gətirib və baş nazir Viktor Orbanı “NATO-nun etibarsız üzvü” adlandırıb.

Macarıstanın xarici işlər naziri Piter Siyarto senatorların səfərini alqışlasa da, bir suveren ölkəyə təzyiq etməyin yersiz olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, bir neçə gün öncə baş nazir Viktor Orban Budapeştdə xalqa müraciətində bildirib ki, parlamentin yaz sessiyasının əvvəlində İsveçin NATO-da iştirakını təsdiqləməyə doğru addım atılacaq.

YAPONİYALI ALİMLƏR DÜNYADA İLK DƏFƏ TAXTA PEYK YARADIBLAR

Yaponiyanın Kioto Universitetinin alimləri dünyanın ilk taxta kosmik peyki olan “LignoSat”ı yaradıblar. Bu barədə “The Guardian” qəzetinin məlumatında qeyd olunur.

Xəbər verilir ki, “LignoSat” Beynəlxalq Kosmik Stansiyada il boyu aparılmış sınaqlarda üstün sabitlik və çatlara davamlılıq nümayiş etdirən maqnoliya ağacından hazırlanıb.

Mütəxəssislərin fikrincə, taxta zond iki problemi həll etməlidir - resurslara qənaət və ətraf mühitə təsirin azaldılması.

“Peyklər Yer atmosferinə yenidən daxil olduqda yanır və uzun illər atmosferin yuxarı qatında üzəcək kiçik alüminium oksid hissəcikləri yaradır. Bu, yekunda Yerin ətraf mühitinə ciddi təsir göstərəcək”, - deyə yaponiyalı astronavt və Kioto Universitetinin aerokosmik mühəndisi Takao Doi xəbərdarlıq edib.

“LignoSat”ın 2024-cü ilin yayında orbitə buraxılması gözlənilir. Sözügedən peyk oraya “Orbital Sciences Cygnus” və ya “SpaceX Dragon” raketi ilə çatdırılacaq.

Məlumata görə, zondun yaradıcıları taxta peykin Yerə yaxın kosmosda ən azı altı ay qalacağını gözləyirlər.

BRİTANİYA MƏKTƏBLƏRİNDƏ MOBİL TELEFONLAR TAM QADAĞAN EDİLİR

Böyük Britaniya məktəblərində mobil telefonlardan istifadəyə tam qadağa tətbiq ediləcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Britaniya mətbuatı məlumat yayıb. “İngiltərədə bu gün direktorlara verilən təlimata əsasən, mobil telefonlar məktəblərdə qadağan olunacaq”, - deyə “Times” nəşri xəbər verib. Bildirilir ki, bu tədbir tələbələr arasında pozuntuları minimumlaşdıracaq və siniflərdə davranışı yaxşılaşdıracaq. Qadağanı pozan və dərsə telefon gətirən məktəblilər cəza olaraq dərsdən sonra məktəbdə saxlanılacaq, mobil cihazlar isə qeyri-müəyyən müddətə müsadirə olunacaq.

Yeni qaydalara əsasən, müəllimlər şagirdlərin bel çantalarında axtarış aparmaq hüququna malikdir və itirilmiş və ya zədələnmiş telefonlara görə valideynlərin məhkəmə iddialarından hüquqi müdafiə alacaqlar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.