DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

QƏZZADA MÜNAQİŞƏNİN HƏLLİ ÜÇÜN ÜÇMƏRHƏLƏLİ PLAN TƏKLİF OLUNUB

Misir İsrail və HƏMAS-a Qəzza zolağında müharibəyə son qoymaq üçün üçmərhələli plan təqdim edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Al-Sharq” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Açıqlamaya əsasən, İsrail hakimiyyəti bu təşəbbüsü nəzərdən keçirmək niyyətindədir.

Qeyd edilir ki, təklif olunan plana humanitar atəşkəs də daxildir. Bu zaman HƏMAS girovluqda olan 40 qadın, uşaq və qocanı, İsrail isə 120 fələstinli məhbusu azad edəcək və Qəzzaya humanitar yardımın göndərilməsini nəzərdən keçirəcək.

Bununla yanaşı, növbəti mərhələdə Misir Qəzzada humanitar yardım, anklavın bərpası, eləcə də Fələstində ümumi prezident seçkilərinə hazırlıq məsələlərinə nəzarət edəcək hökumətin yaradılmasını təklif edib.

Son mərhələdə isə tam atəşkəs elan ediləcək və əsir götürülmüş bütün İsrail hərbçiləri azad olunacaq. Bundan başqa, tərəflər İsrailin azad edəcəyi fələstinli məhbusların sayını da dəqiqləşdirməlidir.

İRAN TANKERƏ HÜCUMDA İŞTİRAKLA BAĞLI İTTİHAMLARI RƏDD EDİB

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kanani Çafi bildirib ki, İslam Respublikasının Hindistan sahillərində “Chem Pluto” kimyəvi maddələr daşıyan tankerə pilotsuz uçuş aparatı (PUA) ilə hücumda iştirak etməyib. Bu barədə İranın “IRNA” agentliyi məlumat yayıb.

Eyni zamanda, mətbuat katibi Pentaqonun gəmiyə hücum edən PUA-nın İran ərazisindən buraxılması ilə bağlı bəyanatına münasibət bildirib. O deyib: “Biz bu ittihamları tamamilə əsassız kimi rədd edirik”.

İran XİN nümayəndəsinin sözlərinə görə, bu cür bəyanatlar Qəzza zolağındakı vəziyyətdən diqqəti yayındırmaq məqsədi daşıyır.

Xatırladaq ki, dekabrın 23-də Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) PUA-nın Hindistan sahillərində üzən gəmiyə zərbə endirdiyi barədə məlumat paylaşıb.

“KAAN” İLK UÇUŞUNU HƏYATA KEÇİRMƏYƏ HAZIRLAŞIR

Türkiyənin ilk milli döyüş təyyarəsi “KAAN”ın bu il dekabrın 27-də ilk uçuşunu keçirməsi gözlənilir. “Trend” agentliyinin verdiyi xəbərə görə, “KAAN”ın istifadəyə verilməsi ilə Türkiyə 5-ci nəsil döyüş təyyarələrinə sahib ölkələr arasında yerini tutacaq.

Bildirilir ki, Türkiyənin Aviasiya və Kosmos Sənaye (TUSAŞ) şirkəti tərəfindən hazırlanan təyyarə ilk dəfə martın 17-də uçuş-enmə zolağında yerini alıb. Son doqquz ay ərzində türk mühəndisləri tərəfindən hazırlanan “KAAN” ilk uçuş sınaqlarını uğurla tamamlayıb.

Məlumata əsasən Türkiyənin milli istehsalı olan “KAAN” döyüş təyyarəsinin qanadlarının uzunluğu 14, ümumi hündürlüyü 6, uzunluğu isə 21 metrdir. Təyyarənin pilot kabinəsi bir nəfər üçün nəzərdə tutulub.

Xəbər verilir ki, qoşa mühərrikə sahib bu aviasiya vasitəsinin diqqət çəkən ən mühüm xüsusiyyətləri yüksək manevr qabiliyyəti, radarlara az görünməsi, göyərtəsində silah daşıma və elektronik döyüş qabiliyyətidir.

“APPLE” ÖZ SÜNİ İNTELLEKTİNƏ QƏZET MƏQALƏLƏRİ OXUDACAQ

Amerikanın texnologiya nəhəngi sayılan “Apple” şirkəti süni intellekt sistemlərini öyrətmək məqsədilə nəşrlərin arxivindən istifadə etmək üçün əsas xəbər mediası və nəşriyyatları ilə danışıqlara başlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, texnologiya nəhəngi xəbər məqalələrinin arxivlərini lisenziyalaşdırmaq üçün azı 50 milyon dollar dəyərində çoxillik müqavilələr bağlayıb. Şirkətin tərəfdaşları arasında həftəlik “The New Yorker”, “NBC News”, “The Daily Beast” nəşri və başqaları kimi böyük informasiya platformaları var.

Bununla yanaşı, mənbələr bəzi nəşriyyat rəhbərlərinin “Apple”ın təklifinə soyuqqanlı olduqlarını bildiriblər. Menecerlər “Apple”ın şirkətə məxsus lisenziyalı məzmundan istifadə etməsi nəticəsində üzləşə biləcəkləri hüquqi məsuliyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.

TÜRKİYƏ ORDUSUNUN MƏHV ETDİYİ TERROÇULARIN SAYI AÇIQLANIB

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində 56 terrorçu zərərsizləşdirilib. “TRT” telekanalının xəbərinə əsasən, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Açıqlamaya görə, dekabrın 23-də terrorçuların mövqelərinə endirilən hava zərbələri nəticəsində azı 26 terrorçu məhv edilib.

Bununla yanaşı, sonrakı günlərdə “Pençe-Kilit” əməliyyat bölgəsində aparılan əməliyyatlar zamanı 30 terrorçu zərərsizləşdirilib. Bununla da son üç gündə məhv edilən terrorçuların sayı 56-ya çatıb.

Məlumat üçün qeyd edək ki, dekabrın 22-23-də İraqın şimal bölgəsində terrorçuların xain hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 12 hərbçisi şəhid olub.

RUSİYADA ƏCNƏBİLƏRİN DEPORTASİYASI QAYDALARI DƏYİŞDİRİLİB

Rusiya prezidenti Vladimir Putin ölkədə xarici vətəndaşların deportasiyası üçün yeni qaydalar müəyyən edən qanunu imzalayıb. “Report” agentliyinin Rusiya mediasına istinadən verdiyi xəbərə görə, sənəd hüquqi aktların rəsmi dərc olunduğu portalda yerləşdirilib.

Məlumata görə, sözügedən qanun xüsusi müəssisələrdə saxlanılan və deportasiya edilməsi gözlənilən şəxslərə aiddir. İnzibati Xətalar Məcəlləsinə (İXM) ediləcək dəyişikliklərə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin belə yerlərdə saxlanılması 90 gündən çox ola bilməz.

Eyni zamanda, sənəd nəzarət orqanlarına deportasiyanı digər sanksiyalarla əvəz etmək hüququ verir. Əcnəbilərdən 50 min rubla qədər cərimə ödəmək və ya 200 saata qədər məcburi iş görmək də tələb oluna bilər.

Bununla yanaşı, qanun deportasiya qərarına bir neçə amilin təsir edəcəyini göstərir. Bunlara əcnəbinin peşəsi, ailə vəziyyəti və gəlir səviyyəsi, habelə Rusiya pasportu almaq üçün sənədlərin təqdim edilməsi faktı daxildir.

ARGENTİNA PREZİDENTİ 7 MİN DÖVLƏT QULLUQÇUSUNU İŞDƏN ÇIXARIR

Argentinanın yeni prezidenti Xavyer Miley bayramlar ərəfəsində 2023-cü ildə işə götürülən bütün dövlət işçilərini işdən çıxarmaq qərarına gəlib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Infocielo” nəşri məlumat yayıb.

Bununla yanaşı, nəşr qeyd edir ki, 7 minə yaxın məmur vəzifəsini itirə bilər və  hazırda 2023-cü il yanvarın 1-dən işlə təmin olunmuş kadrlar yoxlamanı gözləyir.

Prezidentin islahatları dövlət orqanlarına və nəzarət paketi dövlətə məxsus şirkətlərə təsir edəcək. Belə bir tədbirlə Argentinanın yeni hökuməti büdcə xərclərini azaltmağı planlaşdırır.

Qeyd edək ki, televiziya müraciətində Xavyer Miley argentinalılara ölkənin iqtisadi vəziyyətinin yaxşılaşmasından öncə daha da pisləşəcəyi barədə xəbərdarlıq edib və “şok terapiyası”nın yeganə çıxış yolu olduğunu vurğulayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.