DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NETANYAHU: İSRAİL QƏLƏBƏ QAZANMADAN MÜHARİBƏ BİTMƏYƏCƏK

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında hərbi əməliyyatları beynəlxalq təzyiqlərə baxmayaraq davam etdirəcəklərini bildirib. Bu barədə “Report” agentliyinin xəbərində qeyd olunur.

Bildirilir ki, İsrailin cənubundakı hərbi qərargahı ziyarət edən baş nazir Qəzza zolağında əməliyyatlar həyata keçirən ordunun rəsmiləri ilə telefonla danışıb.

“Biz sona qədər bunu davam etdirəcəyik. Mən bunu beynəlxalq təzyiqlər qarşısında deyirəm. Biz qələbə qazanmadan, HƏMAS-ı məhv etmədən bu müharibə bitməycək”, - deyə Netanyahu bildirib.

Baş nazirin sözlərinə görə, İsrail ordusunu heç nə dayandıra bilməz.

İMRAN XANA QARŞI YENİ İTTİHAM İRƏLİ SÜRÜLÜB

Pakistan məhkəməsi ölkənin keçmiş baş nazir İmran Xana qarşı yeni ittiham irəli sürüb. “Trend” agentliyinin bu barədə Pakistan mediasına istinadən xəbər verib.

Məlumata əsasən, keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi gizli motivlərlə və şəxsi faydaları üçün, faktları təhrif edərək dövlət sirrini yaymaqda ittiham olunurlar.

Eyni zamanda, qeyd olunub ki, keçmiş nazirlər bununla Pakistan dövlətinin təhlükəsizliyini təhdid altında alıblar.

Verilən xəbərə görə, sözügedən it

tihamlar Ravalpindi şəhərindəki “Adiala” həbsxanasında dövlət sirri haqqında qanunun pozulması ilə bağlı xüsusi məhkəmənin açıq iclasında elan edilib.

Xatırladaq ki, İmran Xana qarşı ümumilikdə 150-dən çox məhkəmə işi açılıb. Keçmiş baş nazirin məhkəməsi siyasətçinin saxlandığı həbsxanada keçirilib. İctimaiyyət nümayəndələrinin məhkəmə iclaslarında iştirakına icazə verilib.

ÇİN DƏNİZ SUYUNDAN URAN ƏLDƏ ETMƏK NİYYƏTİNDƏDİR

Çin alimləri dəniz suyundan uran çıxaran filtr yartmağa müvəffəq olublar. “TASS” agentliyinin verdiyi xəbərə görə, alimlər aromatik karbohidrogenlərə əsaslanan məsaməli material hazırlayıblar.

Bildirilir ki, bu material uran birləşmələrinin ionlarını sudan çox effektiv şəkildə udur və minimal enerji sərfiyyatı ilə onu toplayır. Filtrlər dünya okeanının sularından uranın çıxarılması üçün istifadə oluna bilər.

Tədqiqatçılar “ACS Central Science” jurnalındakı məqalələrində qeyd ediblər ki, bu materialın hər qramı üç həftə ərzində dəniz suyundan 12,6 mq uran çıxarmaq qabiliyyətinə malikdir.

Məlumata əsasən, sözügedən filtrasiya sistemi Çinin Çanqun Universitetinin professoru Zhao Ruinin rəhbərlik etdiyi bir qrup alim tərəfindən hazırlanıb. Quruluşuna görə arı pətəyinə bənzəyən və aromatik üzvi birləşmələrin molekullarından ibarət materiallar Sarı dənizin şimal-qərb hissəsindəki Bohai körfəzindən toplanmış su nümunələri üzərində sınaqdan keçirilib.

Mütəxəssislərin sözlərinə görə, gələcəkdə belə qurğular Yer kürəsində insanlar üçün mövcud olan uran ehtiyatlarının həcmini əhəmiyyətli dərəcədə genişləndirəcək.

İSTANBULUN TARİXİ MƏRKƏZİNƏ AVTOMOBİLLƏ GİRİŞ ÖDƏNİŞLİ OLA BİLƏR

Türkiyənin İstanbul şəhərinin rəhbərliyi şəxsi avtomobillər üçün şəhərin tarixi mərkəzinə girişi ödənişli etmək niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı İstanbul Davamlı Şəhər Hərəkəti Planına (SKUP) istinadən məlumat yayıb.

Bildirilir ki, səlahiyyətlilər bununla tıxaclar və havanın çirklənməsi ilə bağlı problemləri həll etməyə ümid edirlər.

Plana əsasən, avtomobil sahibləri tarixi mərkəzə giriş üçün Eminönü ərazisində yerləşəcək köşklərdə ödəniş etməli olacaqlar. Rüsum açıqlanmasa da, bunun həyata keçirilməsi üçün 3,4 milyon dollardan çox vəsaitin tələb olunacağı qeyd edilir.

İstanbulun meri Əkrəm İmamoğlu bildirib ki, bu addım yerli sakinlərin həyatını yaxşılaşdıracaq. Eyni şəkildə, şəhər rəhbərliyi əhalini ekoloji cəhətdən təmiz nəqliyyatdan istifadəyə təşviq etmək niyyətindədir.

VLADİMİR PUTİN YAXIN ŞƏRQDƏKİ VƏZİYYƏTİ FƏLAKƏT ADLANDIRIB

“İsrail və Fələstin arasında davam edən münaqişə bir fəlakətdir”. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin vətəndaşlarla “birbaşa xətt” zamanı bildirib.

Məlumata əsasən, dövlət başçısı qeyd edib ki, Qəzza zolağında minlərlə qadın və uşağın həlak olması narahatlıq doğurmaya bilməz.

Eyni zamanda, Vladimir Putin Qəzza zolağının “dünyada uşaqlar üçün ən böyük qəbiristanlıq” olduğunu deyən BMT-nin baş katibi Antonio Quterreşin qiymətləndirməsini dəstəkləyib.

Bir müddət öncə Vladimir Putin bildirmişdi ki, Rusiya Federasiyası Qəzza zolağında öz xəstəxanasını açmağa hazırdır, lakin İsrail anklavda Rusiya xəstəxanasının açılmasının təhlükəli olduğunu bəyan etmişdi.

Məlumat üçün qeyd edək ki, oktyabrın 7-dən İsrailin zərbələri nəticəsində eskalasiyanın artmasından sonra Qəzza zolağında həlak olanların sayı 18,6 min nəfərə çatıb, 50,6 minə yaxın insan isə yaralanıb.

COZEF BAYDENİN İMPİÇMENT SORĞUSU İLƏ BAĞLI QƏTNAMƏ DƏSTƏKLƏNİB

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri impiçment prosesi çərçivəsində prezident Cozef Baydenlə bağlı təhqiqatın davam etdirilməsi barədə qətnaməni dəstəkləyib. “Report” agentliyinin xəbərinə görə, sözügedən qətnaməni 221 konqresmen dəstəkləyib, 212-si isə sənədin əleyhinə səs verib.

Eyni zamanda, bildirilir ki, Nümayəndələr Palatasının spikeri Mayk Conson qətnamənin “zəruri və məqsədəuyğun” olduğunu bəyan edib.

Spiker qeyd edib ki, bu səsvermə impiçment deyil, impiçment prosesi çərçivəsində istintaqı davam etdirməkdir. Mayk Conson Ağ Evin Cozef Bayden haqqında konqresmenlərin tələb etdiyi məlumatları verməkdən imtina etdiyi üçün bu cür tədbirlərin tələb olunduğunu açıqlayıb.

Məlumata əsasən, səsvermədən sonra ABŞ Administrasiyasından prezident haqqında lazımi məlumatları axtarmaq daha asan olacaq.

Amerika mediası bildirir ki, Nümayəndələr Palatasının Milad tətilinə dekabrın 15-dən yanvarın 9-dək çıxacağı gözlənilir, ona görə də impiçment araşdırması məsələsi bu müddətdə həll edilməli idi.

SƏHVƏN 27 İL HƏBSDƏ OLAN ŞƏXS 50 MİLYON DOLLAR TƏZMİNAT İSTƏYİR

İstintaq səhvinə görə 27 il həbsxana həyatı yaşayan amerikalı Tomas Malik Nyu-York administrasiyası və iki özəl detektivdən 50 milyon dollar məbləğində təzminat tələb edib. Bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.

Xəbər verilir ki, Tomas Malik və daha iki nəfər 1995-ci ildə metroda jeton satıcısı Harri Kaufman adlı şəxsi diri-diri yandırmaqda günahlandırılıblar. Bu cinayətdə iştirakda ittiham olunan daha iki nəfər iyirmi ildən çox həbsxana həyatı yaşayıblar.

İfadələri Malik və digər iki zərərçəkmişin həbsinə səbəb olan şəxslər bunu təzyiq altında verdiklərini etiraf ediblər.

Tomas Malikin cinayətə dair “etirafına” nail olan detektivlər Stiven Çemil və Luis Skarçella son illərdə dəfələrlə saxta ifadələr vermək məqsədilə şahidlərə və müttəhimlərə təzyiq göstərməkdə ittiham olunublar. Bununla yanaşı, qeyd edilir ki, L.Skarçellanın işini apardığı ondan çox ittiham hökmü ləğv olunub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.