MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"MotisonsTower" 

Dünyanın ən gözəl ofis binalarından biri olan "Motisons Tower" Hindistanın Jaipur şəhərində inşa olunub. Nəhəng lotus çiçəyinə bənzəyən unikal bina "Kothari Associates" memarlıq bürosu tərəfindən layihələndirilib. Jaipurda tanınmış zərgər tərəfindən sifariş edilən bu möhtəşəm binanın tikinti işləri  2013-cü ildə başa çatıb.  Zərgər layihəni hazırlayan memarlardan binanın günün istənilən vaxtında nəzərə çarpmasını, turistlərin diqqətini cəlb etməsini istəyib və nəticədə belə bir memarlıq əsəri yaranıb.   

Hindistanda analoqu olmayan binanın ümumi sahəsi təxminən 4600 kvadratmetrdir. Simmetrik formada tikilən "lotus"un fasadı şüşə panellərdən ibarətdir. Hər bir ləçək qızılı rəngli şüşə liflərdən hazırlanıb ki, bu da səthə hamarlıq və parıltı qatır, həmçinin qoruyucu rol oynayır. Müxtəlif rəngli LED lampalar sayəsində gecələr dinamik işıq şousu yaranır və bina böyük şəhərin ortasında parıldayan nəhəng çiçəyə bənzəyir. Binanın  fasadındakı işıqlandırma sistemini həmçinin mobil telefonlarla da idarə etmək mümkündür. 

Şirkətin ilk iki mərtəbəsində zərgərlik mağazaları, bahalı daş-qaş salonları,  yuxarı mərtəbələrdə isə ofislər yerləşir. "Motisons Tower"in ən son mərtəbəsində isə zərgərlik şirkətinin rəhbərləri yaşayır.

Müqəddəs Çarlz Kafedralı 

Avstriyada inşa olunan məbədin tarixçəsi  1713-cü ildə ölkədə tüğyan edən vəba epidemiyası zamanı başlayıb. IV Kral Çarlz  "Qara ölümü" əbədi olaraq dəf etmək üçün Müqəddəs Çarlz Borromeonun şərəfinə kilsə tikməyi qərara alıb və kilsənin layihəsinin hazırlanması üçün müsabiqə elan edilib. Dövrün bir çox memarlarının iştirak etdiyi müsabiqənin qalibi isə saray memarlığının ustadı, bir çox məşhur əsərlərin müəllifi İohan Bernard Fişer olub. Bu layihədə İ.B.Fişer  Habsburqların gücünü, Vyananın əzəmətini, həmçinin Müqəddəs Roma İmperiyasının Roma və Bizans köklərini əks etdirib. Memarın ölümündən sonra isə layihəni onun oğlu Cozef Emanuel davam etdirib. Dəbdəbəli interyerindəki freskaların müəllifləri İohann Rotmayr, Sebastyan Riççi, Daniel Qran və Martino Altomonte  olub. Kilsənin tikintisi 24 il çəkib.

Barokko üslubunun nümunələrindən biri olan kilsənin hündürlüyü 72 metrdir. Bir neçə memarlıq üslubunu özündə birləşdirən kafedralın kənarlarında yerləşən iki nəhəng sütun Troya Sütununu, uzunsov günbəz Müqəddəs Pyotr Kafedralını, məbədin özü isə Konstantinopolun,  indiki İstanbulun ən böyük kilsəsi olan Müqəddəs Sofiya Kafedralını simvolizə edir. 47 metrlik sütunların ətrafında, fırlanan barelyeflərin üzərində isə Çarlz Borromeonun heykəli ucalır. Burada həmçinin Müqəddəs Çarlz Borromeo Muzeyi də fəaliyyət göstərir. Bu  ekspozisiyada onun geyimləri, şəxsi əşyaları, heykəltəraşlıq və rəsm əsərləri sərgilənir.

Çay Muzeyi 

4 noyabr 2010-cu ildə Çinin Quyçjou əyalətinin Meitan şəhərində Çay Muzeyi inşa olunub. Yaşıl çayın vətəni kimi tanınan bu ərazidə ucalan nəhəng qırmızı çaynik və fincan şəklində olan binalar Ginnesin Rekordlar Kitabına da daxil edilib. Maraqlısı odur ki, muzey rekordlar kitabına daxil olan kimi ziyarətçilərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

Dünyanın ən böyük çaynikinin hündürlüyü 73,8, diametri isə 24 metrdir. Binanın  sahəsi 5000 kvadratmetrdən çoxdur. Muzeyin yuxarı mərtəbəsində Çinin ən yaxşı mirzə və rəssamlarının əsərlərinin yerləşdiyi Xəttatlıq İnstitutunun zalı var. Sonuncu mərtəbədən başqa bütün digər mərtəbələrdə çay mədəniyyəti və çay məmulatlarının tarixi ilə məşğul olan şöbələr fəaliyyət göstərir. Çaynik formalı muzeydə həəmçinin, 27 otaqlı dördulduzlu otel, restoran, rəsm qalereyası və rəqs zalı da var. Dağın başında ucalan binanın bütün pəncərələrindən şəhərə möhtəşəm mənzərə açılır.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".