Unudulmaz mərd oğullar
Sosial həyat

Unudulmaz mərd oğullar

Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan  Vətən  müharibəsi Qəhrəmanı  polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovun və  Elmin Elməddin oğlu Bayramovun xatirəsi ehtiramla anıldı.

Qəhrəman şəhidlərimizin anım mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin ata ocaqlarını ziyarət edərək, valideyinləri və yaxınları ilə görüşdülər. Qəhrəman şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, üzərlərinə gül-çiçək dəstələri düzülərək əziz xatirələri ehtiramla yad edildi.

Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışıldı.  Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirələrinin bundan sonra da daim əziz tutulacağını və dövlətimizin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağı bildirildi.

Orxan Nadir oğlu Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989-1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997-1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun polkovnik-leytenantı Orxan Əkbərov Vətən müharibəsi  zamanı  Füzulinin azadlığı uğrunda gedən şiddətli  döyüşlərdə  vuruşub  oktyabrın 6-da  qəhrəmancasına  şəhid olub. Biləsuvar şəhərində dəfn olunub.

Azərbaycan  Prezidenti  İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə polkovnik-leytenant  Orxan Nadir oğlu Əkbərova  ölümündən  sonra  "Vətən  Müharibəsi  Qəhrəmanı" adına layiq görülmüş, "Vətən uğrunda,"  "Füzulinin  azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Elmin Elməddin oğlu Bayramov 21 iyul 2002-ci ildə  Biləsuvar  rayonunun  Əsgərabad  kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Əsgərabad kənd tam orta məktəbində orta təhsil alıb. 2020-ci ilin iyul ayından Ağcabədi  rayonunda  yerləşən  N saylı hərbi  hissədə həqiqi hərbi xidmətə başlamışdır. Elmin Bayramov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak etmiş, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Elmin Bayramov doğulduğu Biləsuvar rayonu Əsgərabad kəndində dəfn olunmuşdur.

Azərbaycan  Prezidenti  İlham  Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin  ərazi bütövlüyünün  təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Elmin  Elməddin oğlu Bayramov  ölümündən  sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni  və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Ərəstun ABDULOV,

"Respublika".