SAĞLAM HƏYAT
Səhiyyə

SAĞLAM HƏYAT

Diabet xəstələri mürəbbə yeyə bilər?

Məlumdur ki, bir çox şəkərli qidalar kimi mürəbbə də diabet xəstələrində qan şəkərinin səviyyəsinə mənfi təsir göstərir. Mürəbbənin şəkərli diabet xəstələrinə təsiri bir neçə faktordan, o cümlədən diabetin növündən, istehlak miqdarından asılıdır. Burada bəzi məqamlar nəzərə alınmalıdır.

Şəkərli diabet xəstələri üçün əsas narahatlıq mürəbbənin tərkibində yüksək şəkərin olmasıdır. Belə ki, mürəbbədəki şəkər qanda qlükoza səviyyəsini  yüksəldir. Tərkibində çox şəkər olan mürəbbələr ümumilikdə yüksək Glisemik indeksə (qan şəkərinin səviyyəsini göstərən ölçü) malik olduğu üçün istehlak edildikdə qan şəkəri sürətlə artır.

Digər əsas məqamlardan biri də  porsiyaya nəzarətdir. Porsiya miqdarını idarə etmək diabetli insanlar üçün çox vacibdir. Bir dəfəyə çox mürəbbə yemək qan şəkərinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Bu səbəbdən də yeməyin və ya qəlyanaltının porsiya ölçülərinə və ümumi karbohidrat tərkibinə diqqət yetirmək mütləqdir. Bundan əlavə, qan şəkərini idarə etmək üçün insulinə ehtiyacı olan 1-ci tip diabetli insanlar mürəbbə kimi şəkərli qidalar qəbul edərkən insulin dozasını tənzimləməlidirlər. Tip 2 diabeti olanlar qan şəkəri səviyyələrini idarə etmək üçün porsiya ölçülərinə və karbohidrat qəbuluna çox diqqət yetirməlidirlər. Lakin elə mürəbbələr var ki, tərkibindəki yüksək miqdarda lif və az əlavə edilən şəkər qan şəkərinin səviyyəsinə daha az təsir göstərə bilər. Bu səbəbdən diabet xəstələrinə az şəkər əlavə edən mürəbbələrə və onun  şirəsindən çox meyvəsinə üstünlük vermək tövsiyə edilir.

Mürəbbəni sağlam yağlar və zülal olan qidalarla birləşdirmək şəkərin udulmasını ləngitməyə və qan şəkərinin səviyyəsinə təsirini azaltmağa kömək edir. Məsələn, bu qidanı tam taxıllı çörəyin üzərinə yaymaq və ya qatığa əlavə etmək onu tək istehlak etməkdən daha yaxşı seçimdir. Ümumiyyətlə, şəkərli diabet xəstələrinə mürəbbə kimi şəkərli qidaların istehlakını məhdudlaşdırmaq məsləhətdir.

Sən demə, bu vitaminlər...

Məlumdur ki, vitaminlər insan orqanizminin sağlamlığı baxımından hava və su qədər vacibdir. Hətta onların çatışmazlığı qısa müddətdə  orqanizmdə xəstəlik şəklində üzə çıxır. Lakin isveçli elm adamları bunun tam əksini söyləyirlər.  Belə ki, Karolinska Universitetinin  alimləri müəyyən ediblər ki, insan bədənində C və E vitaminlərinin çox olması ağciyər xərçənginin inkişafına təkan verə bilər.

Tədqiqatçılar antioksidantların gəmiricilərin orqanizminə təsirini öyrəniblər. Məlumat üçün qeyd edək ki, antioksidantlar orqanizmdə oksidləşdirici proseslərlə mübarizə aparan molekullardır. Məlumdur ki, C və E vitaminlərinin tərkibində bu maddələrin böyük miqdarı mövcuddur.  Araşdırma zamanı məlum olub ki, onların yüksək tərkibi daimi qan tədarükünə ehtiyacı olan şişlər də daxil olmaqla yeni qan damarlarının böyüməsinə səbəb olur. Bu da öz növbəsində qanda olan oksigenlə xərçəngli böyümələri qidalandırır və onlar şişməyə başlayırlar.

Alimlərin siçanlar üzərində  bir neçə dəfə apardıqları təcrübələr nəticələri təsdiqləyib. Məlum olduğu kimi, şişlərin böyümə sürəti antioksidantların dozasının artması ilə birbaşa mütənasibdir. Mütəxəssislərin fikrincə, bu, vitaminlərin həddindən artıq istehlakının təhlükəsindən xəbər verir.

Araşdırmanın nəticələri "The Journal of Clinical Investigation (JCI)"  jurnalında dərc olunub.

Belə vərdişlər qaraciyəri məhv edir 

Qaraciyər ən davamlı orqanlarımızdan biridir. Bədənin laboratoriyası kimi fəaliyyət göstərən və orqanizmdəki bütün toksinləri təmizləyən yeganə orqan olan qaraciyərin sağlamlığı böyük əhəmiyyət kəsb edir. Lakin buna baxmayaraq, ildən-ilə qaraciyər xəstəliklərinin sayı artır. Əksər hallarda bunun səbəbi insanın öz sağlamlığına qarşı biganə olmasıdır. Elə bu səbəbdən də mütəxəssislər sözügedən orqanın sağlamlığı üçün bəzi sadə qaydalara əməl etməyə çağırıblar.

Mütəxəssislərin sözlərinə görə, qaraciyəri məhv edən birinci səbəb artıq çəki problemidir. Çünki piylənmə şəkərli diabet, ürək-damar xəstəlikləri və onkologiyanın inkişafı üçün əlverişli şərait yaradır. Piylənmə nəinki qaraciyər iltihabının inkişafına, bəzi hallarda sirroza gətirib çıxara və digər xəstəliklərin gedişatını ağırlaşdıra bilər.  Qaraciyərin zədələnməsinə yol aça  biləcək digər  səbəblərdən biri  isə yanlış təyin olunan dərmanlardır. Belə ki, bəzi pəhriz əlavələri, vitaminlər, antibiotiklər, ağrıkəsicilər, oral kontraseptivlərin yersiz qəbulu, hətta sadəcə parasetamolun belə zəhərli hepatitə səbəb olma ehtimalı yüksəkdir. Buna görə də hər hansı səbəbdən müalicə yalnız həkim tərəfindən təyin olunmalıdır.

Bundan əlavə, alkoqol da qaraciyərə zərərlidir. Mütəxəssislərin fikrincə,  qaraciyər üçün təhlükəsiz spirt dozaları yoxdur. Belə ki, etanolun 40 qramdan çox dozası kişilər üçün, 20 qramdan çox isə qadınlar üçün təhlükəli hesab olunur. Alkoqolun müntəzəm istifadəsi bəzi qaraciyər xəstəliklərinə gətirib çıxarır ki, bunun da son nəticəsi sirroz ola bilər.

Eyni zamanda, əsas mənbəyi "fast-food" olan heyvan və trans yağlarla zəngin qidalar da qaraciyər üçün təhlükəlidir. Xüsusilə sərinləşdirici içkilərdəki süni dadlandırıcılar və istənilən sadə karbohidratların artıqlığı qaraciyər yağlanmasının inkişafına kömək edir. Bundan əlavə, qaraciyərdə yaranan iltihab  bağırsaqlarda bakteriyaların çoxalmasına da yol açır.

Gündə bir xiyar turşusu yesəniz...

Marinad edilmiş xiyar heç də təzə xiyardan geri qalmır və fermentləşdirilmiş qida hesab olunur. Adətən onu qəlyanaltı və salatlarda istifadə edirlər. Lakin mütəxəssislər gündə 1 və ya 2 ədəd sadəcə duzlu xiyar istehlakının orqanizm üçün olduqca faydalı olduğunu söyləyirlər. 

Xiyar turşusu vacib vitamin və  minerallarla zəngin olduğu üçün beyinə müsbət təsir edir. Aparılan araşdırmalar zamanı məlum olub ki, bu qida qorxunu azaldan, stressi rahatlaşdıran, yuxunu normallaşdıran, gərginliyi aradan qaldıran, emosional vəziyyəti bərpa edən anksiolitik təsirə malikdir. Nəinki duza qoyulmuş xiyar ümumiyyətlə, turşu məhsulları probiotiklə zəngin olduğundan   həzm sisteminə də effektiv təsir göstərir. Alimlər hesab edirlər ki, həzm sistemi sağlam olanda beyin də sağlam olur. Gərgin fikirlər xeyli azalır. Məhz bu səbəbdən özünü həyəcanlı hiss edən insanların gündə bir ədəd duzlu xiyar yeməsi tövsiyə edilir.

Xiyar turşusu K vitamini ilə zəngin olduğundan sümükləri möhkəmləndirir. Onun tərkibindəki C vitamini  immuniteti möhkəmləndirir, A vitamini isə dəri və gözlər üçün faydalıdır. Bundan əlavə, duzlu xiyar çox az kalorili olduğundan arıqlamaq üçün də ideal qəlyanaltıdır. Belə ki, onun tərkibindəki laktobakteriyalar bağırsaq mikroflorasını zənginləşdirir.

Duzlu xiyarın tərkibindəki natrium və kalium əzələ spazmını götürür, ürəyin işini yaxşılaşdırır. Xüsusən əzələ qıcolması olanlar, idman məşqləri edənlər məşqdən sonra 2 ədəd xiyar yeyə bilər. Diabet xəstələri üçün də duzlu xiyar faydalıdır, çünki qanda şəkəri salır. Qeyd edək ki, mağazalarda satılan xiyar turşuları  konservant olduğu üçün onların faydası olmur. Odur ki, ev şəraitində qoyulmuş duzlu xiyara üstünlük verməyiniz məsləhətdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".