Qəhrəmanlıq salnaməsi
Tarix

Qəhrəmanlıq salnaməsi

Azərbaycan xalqı 3 il bundan öncə tarixinin ən yaddaqalan və şanlı səhifələrindən birini yaşadı. 27 sentyabr 2020-ci ildə uzaq keçmişdən başlayan ədalətsiz tarixi proses dəyişdi. 30 il həsrət qaldığımız torpaqların döyüş meydanındakı qələbəmiz ilə işğaldan azad edilməsi nəinki regionda, bütün dünyada diqqətlə izlənən və maraqla qarşılanan hadisə oldu. Son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi öz unikallığı ilə fərqləndi. Lakin biz eyni zamanda bu zəfər savaşında minlərlə şəhid verdik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər oldu. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edildi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud şəkildə pozaraq müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla genişmiqyaslı təxribatlar törətdi. Azərbaycan isə öz növbəsində milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması, zərərsizləşdirilməsi istiqamətində əks-hücum əməliyyatlarına başladı. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Döyüş meydanında rəşadətli Azərbaycan ordusunun üstünlüyünə tab gətirə bilməyən düşmən isə müxtəlif təxribatlara əl ataraq, günahsız mülki insanları hədəf almaqla müharibə cinayətləri törətdi. Cəmi 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycanın şanlı tariximizə qızıl hərflərlə yazdığı bu qələbə, xüsusilə noyabrın 8-də Şuşanın düşməndən təmizlənməsi müharibənin taleyində həlledici rol oynadı. Beləliklə, Ermənistan öz məğlubiyyətini açıq şəkildə etiraf etdi. Nəhayət, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli Bəyanata əsasən  44 günlük müharibə Azərbaycanın qələbəsi ilə nəticələndi. Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

İkinci Qarabağ müharibəsi ilə bağlı fikirlərini bölüşən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev qeyd edir ki, artıq üç ildir ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etdi. Əks-hücum əməliyyatının  başlanmasının səbəbi ondan ibarət idi ki, torpaqlar işğaldan azad olunsun, Ermənistan öz işğalçı siyasətindən əl çəksin. 2020-ci ilin 27 sentyabrına qədər ermənilər bir çox istiqamətlərdə bölmələrimizin və birləşmələrimizin mövqelərinin atəşə tuturdular. Bununla da Azərbaycan əks-hücum əməliyyatları keçirməyə məcbur oldu. Ermənistanın baş naziri Paşinyan Qarabağda sərxoş halda rəqs edərək demişdi ki, Qarabağ Ermənistandır və nöqtə. Bu, Ermənistan tərəfindən müharibəyə səbəb verə biləcək bir siyasi yanaşma idi. Digər səbəb isə o idi ki, hələ 2019-cu ildə Ermənistan Amerikadan pul dilənən zaman demişdi ki, biz yeni müharibələrdə yeni əraziləri nəzarətimizə götürəcəyik, yeni ərazilər işğal edəcəyik. Bütün ermənilər deyirdi ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyə qalxsa, ermənilərin tankları gəlib Bakıya çıxacaq. Ermənistan bu cür təxribatlar törətməklə Azərbaycanı əks-hücuma məcbur etdi.

Mövzu ilə bağlı həmçinin hərbi ekspert Ədalət Verdiyev də münasibət bildirib: "44 günlük Vətən müharibəsindəki qələbə həm Azərbaycan, həm də müttəfiqlərimiz üçün böyük strateji əhəmiyyətə malik idi. İlk növbədə, bu müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərini geri qaytardı, düşmənin silahlı qüvvələrini darmadağın etdi, Ermənistan canlı qüvvə və texnikasını itirərək böyük itkilərə məruz qaldı və onların çiyinlərinə ağır məğlubiyyət yükünü qoymuş oldu. Ermənistan döyüş meydanında Azərbaycan ordusuna qarşı davam gətirə bilməyincə, raket və artilleriya sursatlarını Azərbaycanın Qarabağla əlaqəsi olmayan yaşayış məntəqələrinə yönəltdi. Bütün bunların nəticəsində Azərbaycan tarixində yeni bir mərhələ başladı və biz də şəhidlərimizin və döyüşçülərimizin sayəsində bu hadisələrin xoşbəxt şahidləriyik. Bu qələbə heç də asan olmadı. Üç minə yaxın igid Azərbaycan oğulları həyatları bahasına adımızı qalib xalqlar sırasına yazdılar. Azərbaycanın son əsrlərdə əldə etdiyi ən böyük nailiyyət olan zəfərimizin memarı Ali Baş Komandan İlham Əliyev, bu zəfərin qəhrəmanları isə bizim şəhidlərimizdir. Nəticədə Azərbaycan XXI əsrin ən qalib ölkəsi, Ermənistan isə bu əsrin ilk fərari ordusuna malik məğlub ölkə statusunu daşımaqdadır. Ölkə başçımız İlham Əliyevin sayəsində bundan sonra da Azərbaycan Silahlı Qüvvələrinin  döyüş potensialı yüksələcək, orduya ayrılan diqqət hər il daha da artırılacaq və bundan sonra Ermənistanın gözünün ucu ilə Azərbaycan torpaqlarına baxmasına imkan verilməyəcək. Bizə qarşı düşmən tərəfindən yaradılacaq istənilən təhdidlər Vətən müharibəsində və ondan sonrakı dövrdə olduğu kimi, darmadağın ediləcək, bu təhdidlərin genişlənməsinə heç bir zaman imkan verilməyəcək".

Röya RÜSTƏMLİ,

"Respublika".