XX əsrin bəlası - Deportasiya
Digər xəbərlər

XX əsrin bəlası - Deportasiya

Ata-baba torpaqlarımıza dönmək ümidi ilə yaşayırıqAnadolunun bir hissəsindən, Cənubi Azərbaycanın yarısı qatılmaqla Xəzərdən Qara dənizə qədər "böyük Ermənistan" yaratmaq iddiasında olan ermənilər bu qədər əhali ilə böyük ərazilərdə nə etmək fikrindədirlər? Görəsən, bu ərazi iddiaçılara verilsə hər şəhərə, kəndə neçə erməni düşər və gözləri doyarmı?

Görəsən, özlərini, həm də qonşu xalqları məhrumiyyətlərə düçar etmədən rahat həyat yaşamaq haylara nə vaxt nəsib olacaq?

1988-ci ildə erməni təcavüzünün və terrorçuluq siyasətinin növbəti mərhələsi həyata keçirildi. İndiki Ermənistanın yerli əhalisi olan Azərbaycan türkləri öz isti ocaqlarından silah gücünə çıxarılıb didərgin salındılar. Boşaldılmış kəndlərdə bu gün də tamamilə yaşayış yoxdur, ya da çox cüzi miqdarda erməni əhali yaşayır. Monorespublika yaratmaq iddiasında olan erməni millətçiləri Göyçədə, Qaraqoyunluda, Dərəçiçəkdə, Zəngibasarda, Zəngəzurda, Vedidə, Qəmərlidə, Ağbabada, Dərələyəzdə, Pəmbəkdə və başqa yerlərdə yaşayan Azərbaycan türklərinin evlərinə erməniləri yerləşdirdilər.

Tarixən ermənilər böyük dövlətlərin əlində alətə çevrilmişlər. Böyük xristian dövlətləri türk xalqlarına qarşı yeritdikləri düşmənçilik siyasətində ermənilərdən istifadə etmişlər və bu gün də bu siyasət davam etdirilir. Həm də böyük güclərə xoş gəlmək üçün yuyulmamış qaşıq kimi sıçrayıb ortaya düşürlər.

Bir neçə il əvvəl Q.K.Qabrielyanın Moskvanın "Misi" nəşriyyatında "Jemçujnıy Sevan" ("Mirvari Sevan") adlı kitabı nəşr olunmuşdur. Kitabda Sovetlər İttifaqı dövründə bu ərazidə aparılan tikinti-abadlıq işlərindən, sənayenin, kənd təsərrüfatının inkişafından, elm, təhsil və mədəniyyət sahəsindəki uğurlardan bəhs olunur.

Dünyanın heç bir yerində olmayan bir saxtakarlıq oxucunun diqqətini çəkir. Müəllif Sevan hövzəsində yerləşən rayonlardan, xüsusilə bölgənin təsərrüfat həyatındakı nailiyyətlərindən söhbət açır. Lakin burada yaşayan və bu işləri görən zəhmətsevər azərbaycanlıların adını belə dilə gətirmir, hər şeyi erməni xalqının adı ilə bağlayır.

Kitabın 92-ci səhifəsində müəllif yazır ki, Sevan hövzəsində ən böyük şəhər Kamo (əvvəlki Nor-Bayazit) şəhəridir. Bu isə ağ yalandır. Nor-Bayazit - Yeni Bayazit deməkdir. 1831-ci ildə Türkiyənin Bayazit vilayətindən gətirilən ermənilərin ilk dəstəsi buradakı azərbaycanlı kəndlərində yerləşdirilmişdir. Bu kəndin əzəli adı isə Kəvər olmuşdur. Kəvər Göyçənin tanınmış kəndlərindən biri olub. Hətta qədim aşıq havalarından biri olan "Sarıtel"in ilk adı da "Kəvəri" olub. Nor-Bayazitə 1920-ci ildə Kamo adı verilmişdir.

Tarixi sənədlərdən göründüyü kimi, İrəvanın 500 yaşı var və 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. O vaxta qədər həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə heç bir erməni imperiyasını tanımır. Rusiyanın ermənilərə köməklik etməsinə baxmayaraq, heç də onlar rusların ürək dostu olmamışdır. Bir də ki ermənilər həmişə dünya xalqlarını aldatmışlar ki, "biz xristian olduğumuza görə türklər bizi qırırlar. Siz müdafiəmizə qalxın!".

Ermənilər 1918-1919-cu illərdə Qərbi Azərbaycanın Gümrü ərazisində 10 min soydaşımızı qətlə yetirmiş, Gərnibasar, Dərəçiçək, Pəmbək, Ağbaba, Göyçə mahalında analoqu olmayan terror hadisələri törətmiş, günahsız insanları damlara doldurub yandırmışlar. 1919-cu ilin yaz aylarında Qaraqoyunlu və Göyçə üzərinə hücuma keçən daşnak ordusu Qaraqoyunlu dərəsinin Polad və Salah kəndləri istiqamətində güclü müqavimətlə üzləşərək böyük tələfatla geri oturdulub. Bu savaşda Hasanca Paşanın dəstəsi ermənilərə ağır zərbələr endirib. Polad kəndi ətrafında gedən döyüşə Qaraqoyunlu sakinləri ilə yanaşı, Göyçənin kəndlərindən də çoxlu kömək gəlmişdi. Xüsusilə, Cığal Həsənin, Topal Orucun, Məşədi Hümbətin, Dəli İsmayılın və Məcid ağanın başçılıq etdiyi dəstələr ermənilərlə döyüşdə böyük şücaət göstərmişlər.

1918-ci ilin may ayından 1920-ci ilin noyabrına qədər hakimiyyətdə olan daşnak hökuməti Qərbi Azərbaycanda dəhşətli qırğınlar törətdi. Bu müddətdə onlar 440-dan artıq azərbaycanlı kəndini yandırıb məhv etdilər, yüz minlərlə soydaşımız qaçqına çevrildi.

1920-ci ilin əvvəlində Azərbaycanın Qazax qəzasının cənub hissəsində Dilican qəzası yaradıldı. Zəngəzurun bir hissəsi Ermənistan ərazisində qaldı. Qeyd etmək lazımdır ki, XI Qızıl Ordu Ermənistanı işğal edəndən 3 gün sonra, yəni 1920-ci il dekabrın 1-də Rusiyanın təzyiqi ilə Azərbaycan Xalq Komissarları Şurası Dilicanı, Qaraqoyunlu dərəsini və Göyçəni ermənilərə verdi.

Ermənilər 1948-1953-cü illərdə öz havadarlarının köməyi ilə 150 min azərbaycanlını ata-baba torpaqlarından zorla köçürdü. 1988-ci ildə "məzlum" ermənilər yenidənqurma adı altında Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı mənfur daşnak siyasətini həyata keçirdilər. 1988-ci ilin fevralından noyabr ayına qədər Ermənistandakı azərbaycanlılar çox böyük amansızlıqlarla üzləşdilər. Onlar sonuncu nəfərə qədər min illər yaşadıqları torpaqları zülmlə tərk etdilər. Beləliklə, son 100 ildə Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlının qəddarlıqla qovulub çıxarılması prosesi başa çatdı. Azərbaycan 2 minə qədər kənd, qəsəbə və yüzlərlə abidə itirdi.

Son deportasiyadan artıq 35 il keçib. İnanırıq ki, haqq-ədalət zəfər çalacaq, erməni tapdağı altında olan əzəli türk torpaqları işğaldan azad olunacaqdır. Bir gənc kimi mən də ata-baba torpaqlarımıza dönəcəyəm. Mən tək deyiləm, vaxtilə qardaş Türkiyəyə gedən soydaşlarımız indi Qərbi Azərbaycana dönmək ümidi ilə yaşayırlar.

Xəyyam ƏLİQARALI,

Türkiyənin Ankara şəhəri, Eyitim və

 Araşdırma Xəstəxanasının cərrahı.