Hər günü tarix olan vətən müharibəsi
Digər xəbərlər

Hər günü tarix olan vətən müharibəsi

27 sentyabr 2020-ci il. Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. Azərbaycan xalqı və ordusu yumruq  tək birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

Saat 6 radələrindən Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlar törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması barədə məlumat yaydı. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

  • Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.

Saat 12 radələrində Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlətimizin başçısı müraciətində sentyabrın 27-si səhər Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması, mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananların olması barədə məlumat verdi. Azərbaycan Prezidenti Ordumuzun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və bu zərbələr nəticəsində bir çox hərbi texnikalarının sıradan çıxarıldığını bildirdi. Ali Baş Komandan xalqa müraciətini bu sözlərlə bitirdi: "Bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

  • Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verildi. Azərbaycanda hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edildi.

Təhlükəsizlik Şurasının iclasında müdafiə naziri Zakir Həsənov Ali Baş Komandana Ordumuzun əks-hücum əməliyyatının ilk nəticələri barədə məruzə etdi: Füzuli rayonunun Qaraxanbəyli, Yuxarı Əbdurrəhmanlı, Horadiz, Qərvənd kəndləri, Cəbrayıl rayonunun Nüzgar, Böyük Mərcanlı kəndləri azad edilib. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Aparılan hərbi əməliyyatlar zamanı qarşı tərəfin Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər (Gamışdağ və Ömər aşırımı) nəzarətə götürülmüşdür. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi işğaldan azad edilmişdir.

Günorta saatlarında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etdi. Qardaş ölkənin dövlət başçısı Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu vurğuladı.

Axşam saatlarında Azərbaycan Ordusuna məxsus kamikadze tipli pilotsuz uçuş aparatları Ermənistanın işğal etdiyi ərazilərdə yerləşdirdiyi S-300 zenit-raket sistemini məhv etmişdir.

  • Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası, o cümlədən 12 ədəd "OSA" zenit-raket kompleksi aşkar edilərək məhv edilmişdir. Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilmiş və bölgədə güclü partlayış baş vermişdir.
  • Həm müharibənin ilk saatlarının gedişi, həm Prezidentin xalqa müraciəti və düşmənin uzun illərdən bəri möhkəmləndirdiyi müdafiə xəttinin cənub istiqamətində qoşunlarımız tərəfindən yarılması qələbəyə inam formalaşdırdı.

"Respublika".