XATİRƏLƏRDƏ YAŞAYANLAR
Region

XATİRƏLƏRDƏ YAŞAYANLAR

Vətən müharibəsi şəhidi, baş leytenant Əyyubov Ceyhun Savalan oğlunun xatirəsi Yevlax şəhər Şəhidlər Xiyabanında anıldı. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, şəhid ailələri, hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları şəhid Ceyhun Əyyubovun Yevlax şəhər Şəhidlər Xiyabanında məzarını ziyarət edib, önünə tər gül dəstələri düzərək, ruhuna dualar oxuyub, keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər. Sonra tədbir iştirakçıları şəhidin yaşadığı evdə onun xatirəsinə həsr olunmuş, mənalı həyat və şərəfli döyüş yolunu əks etdirən fotoların və müxtəlif məlumatların olduğu ev-muzeyinin açılış mərasimində iştirak ediblər. Şəhidin təhsil aldığı şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Şəhidin ev-muzeyinin açılışında Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Şanlı Qələbə ilə başa çatdı, Ceyhun Əyyubov və Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin qanı yerdə qalmadı. Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən oğullarımızın xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaqdır. Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev və tədbirdə digər çıxış edənlər igid döyüşçünün Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan, düşmənə qarşı savaşda şücaətlərindən söhbət açdılar.

Qeyd edək ki, Ceyhun Əyyubov 16 avqust 1992-ci ildə Yevlax şəhərində anadan olub. Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Prezidentinin sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni "Vətən uğrunda" "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları, ilə təltif olunmuşdur. Şəhidin adı yaşadığı küçəyə verilmişdir.

Şəhidin anası Arzu Əyyubova qeyd edib ki, bu gün igid oğlumun ad günüdür və indi o cənnətdədir. Bu qədər insan, məktəb kollektivi onun doğum gününə yığışıb. Bir deyim var ki, övlad valideynlərə hər zaman borcludur. Amma mən düşünürəm ki, biz onlara borcluyuq. Çünki biz hazırda onların sayəsində qürurla yaşayırıq, onların sayəsində bayrağımız dalğalanır.

Sonda şəhidin ailə üzvləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".