DİPLOMATİYAMIZIN NÖVBƏTİ UĞURU
Digər xəbərlər

DİPLOMATİYAMIZIN NÖVBƏTİ UĞURU

Bu günlərdə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sayca 6-cı görüş keçirildi. Üçtərəfli görüşdə Qarabağ ərazisindən erməni qanunsuz hərbi birləşmələrinin çıxarılması, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi və digər vacib məsələlər müzakirə edilib. Qeyd olunub ki, son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində danışıqlarda irəliləyiş əldə edilib.

Mətbuata açıqlamasında Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin sülh proseslərinə sadiqliklərini təqdir etdiyini bildirib. Tərəfləri münasibətlərin normallaşması üçün qəti və cəsarətli addımlar atmağa çağırıb. Hər iki ölkənin dövlət başçıları bir-birlərinin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdıqlarını, sərhədlərin delimitasiyası üçün 1991-ci ildə qəbul olunmuş "Alma-Ata Bəyannaməsi"nə sadiqliklərini ifadə ediblər.

Görüşdə, həmçinin Qarabağın erməni əhalisinin vəziyyəti, Laçın dəhlizi ətrafında mövcud durum da müzakirə edilib. Avropa İttifaqı Şurasının prezidenti Ş.Mişel humanitar yardımların Ağdam rayonundan da çatdırılmasının, hər iki variantda əhalinin ehtiyaclarının təmin edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqları ilə bağlı irəli sürdüyü sülh təklifi beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Sülh müqaviləsinin ancaq 5 prinsip əsasında imzalana biləcəyi diqqətə çatdırılıb.

Brüssel görüşündə, həmçinin Qərbi azərbaycanlıların ata-baba yurdlarına təhlükəsiz şəkildə qayıdışı da müzakirə olunub. Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat yayıb.

Həmsöhbətim Qərbi Azərbaycanın Əştərək diyarının Təkyə kəndindən olan Yadigar Qazıyev Brüsseldə üçtərəfli görüşün nəticələrini diplomatiyamızın növbəti uğuru kimi dəyərləndirərək dedi:

- Qərbi Azərbaycan əzəli yurdumuzdur. Çoxsaylı tarixi sənədlər, xəritələr də bunu sübut edir. Ermənilər əsrlər boyu havadarlarına arxalanaraq soydaşlarımızı zorla,  ağır işgəncələrlə ata-baba torpaqlarından çıxarıb yeni ərazilərə sahib olublar. Qədim yurd yerlərimizin adlarını dəyişib, tarixi-dini abidələrimizi vəhşicəsinə dağıdıb, tarixi saxtalaşdırmaqla izi itirmək istəyiblər. Lakin həqiqəti gizlətmək mümkün deyil. Çünki ortada elə bir tarixi sənəd yoxdur ki, bu torpaqlarda erməni dövlətinin mövcudluğunu təsdiq etsin.

Mən 1970-ci illərdə İrəvan kənd təsərrüfatı texnikumunda oxumuşam. Dörd il Dəmirçilər kəndində yaşamışam. Tələbəlik illərində Göyçə mahalının əksər kəndlərində olmuşam. Yadımdadır, o kəndlərdə ancaq azərbaycanlılar yaşayırdı. Sonuncu dəfə 1988-ci ildən başlayaraq soydaşlarımız erməni millətçilərinin şovinist, etnik təmizləmə siyasətinin qurbanı oldular.

Qərbi azərbaycanlıların qayıdışının Brüssel görüşünün gündəliyinə salınması məsələnin beynəlxalq hüquqa uyğun həlli istiqamətində çox mühüm addımdır. Bu, hər birimizi ürəkdən sevindirir. Ata-baba yurdlarından zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz şəkildə doğma ev-eşiklərinə qayıdışı insan hüquq və azadlıqlarının, ədalətin təntənəsi olmaqla bərabər, həm də Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün çox vacibdir.

Möhtərəm Prezidentimizin uğurlu siyasətini, Brüsseldə diplomatik qələbəsini ürəkdən bəyənir və dəstəkləyirik. Dövlətimizin başçısının rəhbərliyi ilə tezliklə Vətən torpağına, əsir yurdlarımıza, ata-baba ocaqlarımıza qayıdacağıq.

Əlisəfa HƏSƏNOV,

"Respublika".