Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Süni zəka sayəsində bu peşə də yox ola bilər

Son zamanlar süni zəka əsaslı sistemlər sayəsində bəzi peşələrin tədricən yox olması artıq ictimaiyyəti narahat edir. "Stability AI" şirkətinin təsisçisi və CEO-su olan Emad Mostaquenin fikrincə süni zəkanın inkişafı sayəsində proqramçı peşəsi də digər bəzi peşələr kimi yaxın gələcəkdə yoxa çıxa bilər.

"Biz, süni zəka ilə birgə olacaq gələcəyə qaçılmaz bir şey kimi baxmalıyıq. Artıq indi "GitHub"dakı proqram təminatı kodlarının 41 faizi bu cür sistemlər tərəfindən tərtib edilib. 6 aydan sonra "ChatGPT" artıq "Middle" səviyyəsində proqramçı üçün imtahandan keçə biləcək. 5 ildən sonra isə proqramçı peşə kimi artıq mövcud olmayacaq" - deyə Emad Mostaque bildirib. Onun fikrincə süni zəkanın inkişafı sayəsində istənilən şəxs məhsul istehsalçısına çevrilə biləcək. O bildirib ki, standart süni zəka sistemlərinin hazırlanması ilə İT sahəsinin bir neçə lider şirkəti məşğul olacaq. Onların arasında "Microsoft", "Google", "OpenAI" və "Stability AI" kimi şirkətlər də var. Onlar biznes və müəssisələr üçün personallaşdırılmış süni zəka sistemlərini təqdim edəcəklər.

 

Yeni super kütləli qara dəlik kəşf edildi

Kainatın öyrənilməsində əvəzsiz rolu olan James Webb kosmik teleskopu elmə məlum ən uzaq məsafədə yerləşən yeni super kütləli qara dəliyi kəşf edib.

Qalaktikanın mərkəzində yerləşən "CEERS 1019" adlı super kütləli qara dəliyin böyük partlayışdan təxminən 570 milyon il sonra formalaşdığı düşünülür. Onun fərqləndirici özəlliyi həm Günəş sistemindən çox uzaq məsafədə yerləşməsi, həm də kütləsinin Günəşin kütləsinə bərabər olmasıdır.

"CEERS 1019"un mərkəzindəki qara dəliyin nisbətən böyük olmayan ölçüsü hələ ki, kainatın əsas sirlərindən biri olaraq qalır. Belə ki, alimlər hələ ki, böyük partlayışdan qısa müddət sonra bu cür həcmli qara dəliklərin necə formalaşdıqlarını anlaya bilmirlər. Daha öncə onlar güman edirdilər ki, kainatın ilkin inkişaf mərhələlərində bu cür kosmik obyektlər formalaşa bilərlər. Lakin indi ortaya çıxıb ki, nisbətən kiçik kütləyə sahib super kütləli qara dəliklərin sayı kainatda əslində daha çoxdur. Sadəcə olaraq onlar hələ kəşf edilməyib. Bundan əlavə, məlum olub ki, "CEERS 1019" daxilində yeni ulduzların yaranması prosesi hələ də davam edir. Ola bilər ki, bu, onun digər qalaktika ilə birləşməsi hesabına baş verir.

 

Bu eynəklə electron kitabları oxumaq olacaq

"Sol" şirkəti elektron kitabların oxunması üçün nəzərdə tutulmuş qeyri-adi cihazını təqdim edib. Cihazın qeyri-adiliyi qarışıq reallıq (AR + VR) və ya AR eynək tərzində dizayn edilməsidir.

"Sol Reader" adlı cihaz elektron kitabların oxunması üçün nəzərdə tutulan planşet tərzindəki cihazların alternatividir. Sözügedən cihaz iki ədəd ekranı özündə birləşdirir. Bu səbəbdən də istifadəçi eynəyi taxan zaman onun gözlərinin qarşısında mətnlər əks olunur. Daxili yaddaşı olmayan eynək, elektron kitabların ekranda əks olunması üçün smartfona Bluetooth vasitəsilə qoşulur və xüsusi tətbiqdən istifadə edir. Bu cihazın əsas üstünlüyü optikanın ayarlanmasının mümkünlüyüdür. Beləliklə, əgər istifadəçi zəif görmə qabiliyyətinə sahibdirsə, əlavə linza və ya eynəkdən istifadə etməyə ehtiyac qalmayacaq. Cihaz özündə həmçinin LED işıqlandırmanı və naqilsiz pultu birləşdirir. Pult eynəyin komplektinə daxildir və elektron kitabdakı səhifələrin çevrilməsi üçün nəzərdə tutulub. Eynəyin özü heç bir naqil olmadan çalışa bilir və çalışma müddəti 25 saat təşkil edir. Onun tam şəkildə şarj olunması üçün isə 2 saat vaxt lazımdır. Eynəyin yaxın zamanda 350 dollara satışa çıxarılacağı planlaşdırılır.

 

"Apple" ilk elektromobilini hazırlayır

İndiyə qədər məlum idi ki, "Apple" şirkəti öz ilk elektromobilini istehsal etməyi planlaşdırır. Verilən məlumata əsasən şirkət hazırda sözügedən layihə üzərində çalışmağa davam edir. Hətta şirkətin mühəndisləri elektromobil üçün yeni audiosistem üzərində də işləyir.

Sözügedən texnologiya barəsində yeni patentlər əldə edən şirkət, hətta elektromobilin oturacağının baş hissəsinə səsgücləndiricilər yerləşdirməyi nəzərdə tutur. Şirkətin ideyasına əsasən sərnişinin baş hissəsinin hansı istiqamətə çevrilmiş vəziyyətdə olmasından asılı olmayaraq o, səsgücləndiricilər vasitəsilə ötürülən səsi aydın şəkildə eşitməlidir. Daha bir neçə səsgücləndiricinin elektromobilin qapılarına da yerləşdirilməsi nəzərdə tutulub. Gözləntilərə əsasən elektromobilin audiosistemini smartfon kimi portativ cihaza qoşmaq mümkün olacaq. Bununla belə, akustika səsin hansı səsgücləndiricilər tərəfindən ötürüləcəyinə özü qərar verəcək. Nəticədə şirkətin öz elektromobilində bu cür audiosistemi reallaşdırıb-reallaşdırmayacağı bilinmir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".