Azərbaycan etibarlı tərəfdaşdır
Digər xəbərlər

Azərbaycan etibarlı tərəfdaşdır

Azərbaycanın istər Cənubi Qafqazda, istərsə də Xəzər regionunda nüfuzu getdikcə artmaqdadır. Ölkəmiz bu gün nəinki etibarlı tərəfdaş, eləcə də beynəlxalq müstəvidə söz və güc sahibi kimi tanınır. Azərbaycanın qüdrətli dövlətə çevrilməsində ölkəmizin qlobal proseslərdəki fəal iştirakı da müstəsna rol oynamışdır. Respublikamızın həm regional, həm də qlobal təhlükəsizliyə verdiyi fundamental töhfələr beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir.

Dövlətimizin enerji siyasəti nəticəsində beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformaları yaranmaqdadır. Həmçinin Azərbaycanın zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməsi onu beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdən birinə çevirmişdir. Bu baxımdan ölkəmizin iştirakı olmadan regionda hər hansı bir layihənin reallaşa bilməyəcəyi də təsadüfi deyil. Dövlətimizin sahib olduğu bütün bu üstünlüklərlə uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istiqamətində atdığı addımlar da təqdirəlayiqdir. Bir məqamı da qeyd etmək lazımdır ki, ölkəmiz hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi hesab olunur. Bu gün dünyadakı aparıcı dövlətlərlə yanaşı, bir sıra nüfuzlu təşkilatlar da Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı kimi tanıyırlar. Sözügedən geosiyasi subyektlər ölkəmizlə əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirməkdən əlavə, Azərbaycanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi yüksək dəyərə malik olduğunu da bəyan edirlər. Xatırladaq ki, dövlətimiz regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının nəinki təşəbbüskarı, həm də icraçısıdır. Məhz Azərbaycan hazırda regionda sabitləşdirici aktor kimi də çıxış edir ki, bu da regionda sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə və səmərəli əməkdaşlığın inkişafına öz müsbət təsirini göstərir.

Bununla yanaşı, Azərbaycanın Avropadakı nüfuzu getdikcə artır. Bu baxımdan, Cənub Qaz Dəhlizi də mühüm əhəmiyyətə malikdir. Çünki Cənub Qaz Dəhlizi XXI əsrin mühüm strateji enerji dəhlizi hesab olunur. Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanın həyata keçirdiyi islahatlar Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Bundan başqa, Aİ respublikamız ilə müxtəlif sahələrdə daha möhkəm əlaqələr yaratmaq marağındadır. Bu gün Azərbaycanın dünya əhəmiyyətli enerji layihələrini həyata keçirməsi və regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi bir çox dövlətlərə nümunə kimi göstərilir.

Hazırda Azərbaycanla Aİ arasında Xəzər sahillərindən Avropaya daha böyük həcmdə mavi yanacaq daşınmasını reallaşdırmaq məqsədilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində danışıqlar aparılır. Təxminən 3500 kilometr uzunluğundakı kəmərin TANAP və TAP seqmentlərinin ötürücülük imkanlarının artırılması bu danışıqlara daxildir. Qeyd edək ki, TANAP-ın indiki ötürmə qabiliyyəti 16 milyard, TAP-ın illik ötürmə imkanları isə 10 milyard kubmetrdir. Bu göstəricilərin gələcəkdə müvafiq olaraq 32 və 20 milyard kubmetrə qədər yüksələcəyi gözlənilir. Xüsusi vurğulamaq lazımdır ki, bu gün ölkəmizin beynəlxalq aləmdəki nüfuzu Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir.

Nəzrin ELDARQIZI,

"Respublika".