Taxıl biçini davam edir
İQTİSADİYYAT

Taxıl biçini davam edir

Respublikanın bölgələrində taxıl biçini davam edir. İndiyədək sahələrdən 598272 ton arpa, 152672 ton buğda yığılıb. Artıq arpa sahələrinin təxminən 50 faizində biçin başa çatıb, buğda sahələrində kütləvi biçinə başlanıb. Hazırda orta məhsuldarlıq arpa üzrə hələlik hər   hektardan 29,6 sentner, buğda üzrə isə 33,2 sentner təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin  mətbuat   xidməti   bildirir  ki,payızlıq əkinlər mövsümündə Saatlı rayonunda 19801 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 14873 hektarı buğda, 4928 hektarı arpa sahələridir. Bugünədək Saatlıda 6555 hektar sahədə biçin aparılıb, sahələrdən 24710 ton məhsul yığılıb. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq hər    hektardan 37,7 sentner təşkil edir. Saatlıda arpa biçini yekunlaşmaq üzrədir, arpa sahələrinin 94 faizində biçin yekunlaşıb. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün “Aqroservis” ASC tərəfindən rayona digər bölgələrdən əlavə kombaynlar dislokasiya edilib.

Hazırda respublikanın 61 rayonunda biçin gedir. İndiyə qədər 247863 hektar sahədə, yaxud payızlıq əkin sahələrinin 23,5 faizində biçin başa çatıb. Sahələrin 66342 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.

Bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl  əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahələridir.

Nəriman CAVADOV,

“Respublika”