ƏRDOĞAN: 14 MAY SEÇKİLƏRİ TÜRKİYƏDƏ DİKTATURA İDDİALARINA SON QOYDU
14 may prezident seçkiləri və parlament seçkiləri Türkiyədə diktatura ilə bağlı iddialara son qoydu. “Report” agentliyinin məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Twitter”də etdiyi paylaşımda qeyd olunur.
“Biz dünyaya göstərdik ki, müəyyən xarici KİV-lərdə dərc olunan yazılarla ictimai rəyi manipulyasiya etmək cəhdləri heç bir nəticə verməyəcək. Türkiyə xalqının iradəsi sarsılmazdır!”, - deyə dövlət başçısı bildirib.
Eyni zamanda, Ərdoğan seçkilər ərəfəsində müəyyən dairələrin Türkiyədə guya diktaturanın olması ilə bağlı yalanları şişirtməyə çalışdığını xatırladıb.
“Türkiyəyə qarşı dezinformasiya kampaniyasının arxasında öz ölkələrində seçicilərin yarısını belə seçkilərə gətirə bilməyənlər dayanırdı. Mayın 14-də keçirilən seçkilər ölkəmiz haqqında yayılan yalanları dağıtdı”, - deyə Türkiyə lideri əlavə edib.
Ərdoğan siyasi məqsədlərə nail olmaq üçün separatçılara və terrorçulara yaltaqlanmağın yolverilməz olduğunu vurğulayıb.
Bununla yanaşı, Ərdoğanın sözlərinə görə, 14 may seçkiləri Türkiyə demokratiyasının gücünü göstərdi.
BMT İRANI BU CƏZALARI LƏĞV ETMƏYƏ ÇAĞIRIB
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İranı məcburi hicab qaydalarının pozulmasına görə cinayət məsuliyyətini nəzərdə tutan maddələri ləğv etməyə çağırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə qurumun ali komissarı Volker Türk Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.
Komissar vurğulayıb ki, BMT Tehran hakimiyyətini edamları dərhal dayandırmağa çağırıb. “Məhkəmələrin çıxardığı ölüm hökmlərinin və icra edilən edamların sayının artması dəhşətli haldır”, - deyə komissarlığın açıqlamasında qeyd olunur.
Xatırladaq ki, İranda parlamentinə hicab qaydalarına əməl etməyənlərin cinayət məsuliyyətinə cəlb edilməməsinə dair qanun layihəsi təqdim olunub. Layihəyə görə, qaydaları pozanlara əsasən cərimə cəzası veriləcək. Hicab qaydalarını təkrar pozan şəxslər isə cərimələnəcək. Belə hal dördüncü dəfə təkrarlanarsa, həmin şəxs məhkəmə orqanlarına təhvil veriləcək.
ALMANİYA NATO-nun ŞƏRQ CİNAHINI GÜCLƏNDİRMƏYƏ KÖMƏK EDƏCƏK
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rumıniyaya rəsmi səfəri çərçivəsində Buxarestdə rumıniyalı həmkarı Klaus İohannis ilə görüşüb. Bu barədə “Report” agentliyi Almaniya mətbuatına istinadən xəbər verib.
Bildirilir ki, prezidentlərin görüşü zamanı Ştaynmayer Ukraynada münaqişənin davam etməsi fonunda Berlinin NATO-nun şərq cinahının gücləndirilməsinə kömək etməyə hazır olduğunu qeyd edib.
Eyni zamanda, Almaniya prezidentinin sözlərinə görə, onlar artıq Şimali Atlantika alyansının şərq sərhədinin monitorinqində iştirak edirlər.
Frank-Valter Ştaynmayer həmçinin vurğulayıb ki, Berlin blokun sərhədlərinin müdafiəsində məsuliyyətdən yayınmaq fikrində deyil.
AVROPA PARLAMENTİ MACARISTANIN SƏDRLİYİNƏ MANE OLA BİLƏR
Avropa Parlamenti Macarıstanın Avropa İttifaqına sədrlikdən məhrum edilməsinə dair qətnamə layihəsi hazırlayıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Macarıstanın ədliyyə naziri Yudit Varqa açıqlamasında bəyan edib.
“Gələn həftə Avropa Parlamenti Macarıstanın 2024-cü ilin ikinci yarısında Aİ-yə sədrliyinin qarşısını almaq üçün Macarıstanın əleyhinə qətnaməyə yenidən səs verəcək. Biz bu fürsəti Macarıstanın əlindən almalarına imkan verməyəcəyik”, - deyə ədliyyə naziri vurğulayıb.
Eyni zamanda, Yudit Varqa qeyd edib ki, Avropa İttifaqına sədrliklə bağlı qərarı Avropa İttifaqı Şurası verir və ölkə onun baş katibliyi ilə gündəlik əlaqə saxlayır.
ÇİNDƏN UKRAYNA MÜNAQİŞƏSİ İLƏ BAĞLI ÇAĞIRIŞ
Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Berlində Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreas Mixaelis ilə danışıqlar zamanı Avropa ölkələrini Ukrayna ətrafında yaranmış böhranın əsas səbəblərini aradan qaldırmağa və sülh danışıqları üçün şərait yaratmağa çağırıb. Bu barədə “Sputnik” informasiya agentliyi Çin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Eyni zamanda, Çin rəsmisi ölkələri Avropa qitəsində uzunmüddətli sabitliyi təmin etməyə çağırıb.
Li Huey həmçinin bildirib ki, Çin Ukraynada yaranmış böhranla bağlı mövqeyini qorumağa davam edərək, sülh danışıqlarını və münaqişənin siyasi həllini təşviq edəcək.
“Çin sədri Si Cinpinin qeyd etdiyi kimi, böhranı aradan qaldırmaq üçün heç bir iksir yoxdur, bütün tərəflər özlərindən başlamalı və qarşılıqlı etimad yaratmaqla sülh danışıqlarının bərpası üçün əlverişli şərait yaratmalıdırlar”, - deyə Li Huey vurğulayıb.
Xatırladaq ki, fevralın 24-də Çin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün 12 bənddən ibarət plan təqdim edib. Rəsmi Pekinin əsas təklifləri sülh danışıqlarının bərpası və hərbi əməliyyatların dayandırılmasıdır.
Aİ RUSİYANIN 200 MİLYARD AVRODAN ÇOX BANK AKTİVLƏRİNİ DONDURUB
Avropa İttifaqı Ukrayna müharibəsinə görə indiyədək Rusiya Mərkəzi Bankının aktivlərini dondurub. Bu barədə “TRT” telekanalının məlumatında qeyd olunur.
Avropa Komissiyasının sözçüsü Kristian Viqand Belçikanın paytaxtı Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Aİ-nin müharibə səbəbiylə indiyə qədər dondurduğu Rusiya Mərkəzi Bankının aktivləri ilə bağlı açıqlamalar verib.
Mətbuat katibi Aİ-nin 10-cu sanksiya paketi çərçivəsində üzv ölkələrdəki qurumların Rusiya Mərkəzi Bankının bloklanmış aktivləri və ehtiyatları barədə mayın 12-dən etibarən Aİ Komissiyasına məlumat verməli olduğunu diqqətə çatıdırıb.
Kristian Viqand Aİ-yə üzv dövlətlər Komissiyaya təqdim edilən Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini dondurduqlarını bəyan edib.
Ukraynaya vurduğu zərərin əvəzini Rusiyanın ödəməli olacağına diqqət çəkən K.Viqand bu mövzuda işlərin intensiv şəkildə davam etdiyini bildirib.
Xatırladaq ki, Qərb ölkələrində Rusiya Mərkəzi Bankının ümumilikdə 300 milyard dollar olan bank aktivi Rusiya-Ukrayna müharibəsi səbəbindən dondurulub.
UKRAYNAYA 65 MİLYARD DOLLARLIQ HƏRBİ YARDIM
ABŞ və Ukraynaya dəstək üzrə təmas qrupunun digər ölkələri bu birliyin mövcud olduğu dövrdə rəsmi Kiyevə ümumilikdə 65 milyard ABŞ dolları dəyərində hərbi yardım göstərməyi öhdələrinə götürüblər. “Report” agentliyinin məlumatına görə, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin təmas qrupunun iclasında çıxışı zamanı bildirib.
Müdafiə naziri vurğulayıb ki, gələcəkdə Kiyevə hərbi yardımı davam etdirmək üçün daha çox səy göstərməli, silah istehsalı gücünü artırmaq üçün yaradıcı yollar axtarmalı olacaqlar.
Eyni zamanda, Pentaqon rəhbəri ABŞ və tərəfdaşlarının hələ də Ukraynaya yardımı davam etdirməkdə qərarlı olduqlarını diqqətə çatdırıb.
Lloyd Ostin həmçinin ukraynalı pilotların “F-16” qırıcılarını idarə etmək üçün təlimə yaxın həftələrdə başlaya biləcəyinə ümid etdiyini bildirib.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.