Sağlam həyat
Maraqlı

Sağlam həyat

Əgər bu vərdişiniz varsa...

Amerikalı elm adamları belə qənaətə gəliblər ki, gecələr yemək  vərdişi olan insanlar digərlərinə nisbətən ruhi xəstəliklərlə daha çox üzləşirlər.

Bu fikir Pensilvaniya Universitetinin professoru Rebekka Piblsin rəhbərliyi ilə aparılan sınaqda 1600 tələbənin müayinəsindən sonra  təsdiqlənib. Mütəxəssislərin fikrincə, “gecə qəlyanaltısı” sindromu olan insanlarda təkcə axşam və ya gecə yemək istəyi deyil, həm də yeməksiz yata bilməmə və səhərlər yemək  istəməmə vərdişləri  olur. Belə  vərdişi olan insanlar adətən  avtomatik olaraq gecənin ortasında oyanır, daha sonra isə bəzən  heç nə yemədən  yatırlar.

Tədqiqatçılar müəyyən ediblər ki, gecələr yemək istəyi həmişə insanın ac olmasından irəli gəlmir. Belə ki, araşdırmalar zamanı məlum olub ki, anoreksiya, diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu gecə yeməkləri ilə birbaşa əlaqəlidir. Alimlərin fikrincə, gənclər və tələbələr bu sindromdan daha çox əziyyət çəkirlər. Belə ki, 2008-ci ildə aparılan araşdırma nəticəsində belə tələbələrin depressiyaya düşdüyü və özlərinə zərər verdiyi məlum olub. Bu yaxınlarda aparılan bir araşdırma isə gecə qəlyanaltısı sindromunun insan psixikasına mənfi təsirləri ilə bağlı fikirləri daha da gücləndirib. Odur ki, əgər belə bir vərdişiniz varsa, mütləq mütəxəssisə müraciət edin.

 

Yaddaş itkisi olanlara müjdə

Alzheimer xəstəliyinin sirrini açmaq üçün çalışan tədqiqatçılar, demans riski altında olan insanları qorumaq üçün əhəmiyyətli bir ipucu tapıblar. Belə ki, Harvard Universitetinin alimləri Alzheimer xəstəliyinə tutulma riskini azaltmaq üçün genetik modifikasiyanın verdiyi məlumatdan istifadə edilə biləcəyi qənaətinə gəliblər.

Alimlərin fikrincə, 40-50 yaşlarında genetik yaddaş itkisi olması ehtimal edilən insanlarda bu hal baş verməyibsə, gələcəkdə həmin şəxslərdə yaddaş itkisi riski az olur. Bunun üçün nadir bir gen dəyişikliyi baş verməlidir.

 Sözügedən gen dəyişikliyi sinir hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasına imkan verən zülalın funksiyasını yaxşılaşdırır. Genetik dəyişikliklərin beyni necə qoruduğunu anlamağa çalışan elm adamları, insanları Alzheimer xəstəliyindən qorumağa kömək edəcək üsulu tapmağa cəhd göstərirlər.

Məlumata görə, yeni Alzheimer dərmanı "donameab" xəstəliyin gedişatını yavaşıdır. Belə ki, ABŞ-ın bir əczaçılıq şirkəti tərəfindən hazırlanmış eksperimental Alzheimer dərmanının beyində amiloidi azaltdığı sübut edilib.

Həkimlər eyni zamanda, Alzheimer xəstələrinin beynində toplanan beta amiloid və tau adlı iki zülalın çox olduğunu da müəyyən ediblər. Həmçinin məlum olub ki, qoxu itkisi beyində dəyişikliklərin mühüm xəbərçisidir. Antioquian ailəsində presenilin-1 (PSEN1) kimi tanınan mutasiyaya uğramış genin nəsildən-nəslə ötürüldüyünü təsbit edən tədqiqatçılar, PSEN1 daşıyıcıları üçün çox gənc yaşda Alzheimer xəstəliyinə tutulma riskinin yüksək olduğunu bildiriblər.

Tədqiqatın nəticələri “Nature medicine” elmi jurnalında dərc olunub.

 

Gündə nə qədər meyvə-tərəvəz yeməliyik?

ABŞ və Çin alimləri orqanizmin vaxtından əvvəl qocalmasının qarşısını almaq  üçün gün ərzində bitki tərkibli qidaların istehlakının miqdarını açıqlayıblar. Oxşar tədqiqatlar əvvəllər də aparılıb, lakin bu dəfə alimlərin fərziyyələri real təcrübələrlə təsdiqlənib.

Sözcü veb saytının yaydığı xəbərə görə, London Universitet Kollecinin işçilərinin fərziyyəsinin əksinə olaraq, orqanizmə ən böyük faydanı gündə 7 yox, 5 pay meyvə və tərəvəz istehlakı verə bilər.  Bu qənaətə Çin və ABŞ-ın Harvard Xalq Sağlamlığı Məktəbinin alimləri gəlib.

Onlar dünyanın bir çox ölkəsindən, ümumilikdə 800 mindən çox könüllünün iştirak etdiyi 16 araşdırmanın məlumatlarını təhlil ediblər, lakin iştirakçılardan 56 min nəfər təcrübə dövründə dünyasını dəyişib.

Nəticələr göstərib ki, ürək-damar xəstəliklərinin qarşısının alınması üçün gündə 5 dəfə 77 qram tərəvəz və 80 qram meyvə istehlak etmək kifayətdir. Bu qədər pors infarkt və insult riskini 5 faiz azaldır.  

Ona görə də nəzərə alın ki,  çox meyvə-tərəvəz yeməyin faydası yoxdur, çünki insan orqanizmi yalnız məhdud miqdarda qida qəbul edib həzm edə bilər.

 

Sirkə bu xəstəliyin çarəsi imiş...

Fransa, Venesuela və ABŞ-dan olan tədqiqatçılar sirkənin tərkibindəki aktiv maddənin vərəm mikobakteriyasını məhv edə bildiyini söyləyirlər.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Cenevrə Universitetinin alimləri araşdırma zamanı vərəmə səbəb olan mikobakteriyaların yoluxmuş hüceyrələrdə necə qidalandığını öyrəniblər. Alimlər belə qənaətə gəliblər ki, sirkə sözügedən turşusu təhlükəli xəstəliklə, eləcə də davamlı mikobakteriyaların yaratdığı digər patologiyalarla mübarizə aparmaq üçün ucuz və toksik olmayan agent kimi istifadə edilə bilər.

İndiyə qədər sirkənin mikobakteriyaları öldürmə qabiliyyəti uzun təcrübələr və araşdırmalar nəticəsində sübuta yetirilmişdir. Lakin aparılan son tədqiqatın nəticələri göstərib ki, 6 faizli sirkə turşusu 30 dəqiqə ərzində belə vərəm mikobakteriyalarını məhv etməyə kifayət edir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".