“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; 2018, № 12 (I kitab), maddə 2503; 2019, № 3, maddə 381, № 8, maddə 1382; 2020, № 5, maddə 521, № 9, maddə 1137, № 11, maddə 1322; 2021, № 3, maddə 212; 2022, № 1, maddə 9; Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 655-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.0.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.15 – 2.0.17-ci maddələr əlavə edilsin:

“2.0.15. işsizlikdən sığorta fondu – dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu;

2.0.16. sərbəst vəsait – işsizlikdən sığorta fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq;

2.0.17. investisiya gəliri – investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərq.”.

2. 20-ci maddə üzrə:

2.1. 20.2-ci maddəyə “olunur” sözündən sonra “(bu Qanunun 20.3-cü maddəsində nəzərdə tutulan fəaliyyət istisna olmaqla)” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 20.3-cü və 20.4-cü maddələr əlavə edilsin:

“20.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) işsizlikdən sığorta fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.

20.4. İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”.

3. 22.1-ci maddənin birinci cümləsi çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 mart 2023-cü il