GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

 “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

NASİR ŞAHBAZİ (AŞIQOĞLU)

Nasir Şahbazi ünlü aşıq Əhməd Şahbazinin oğludur.

1990-cı il avqustun 31-də Güney Azərbaycanın Ucan (Bostanabad) bölgəsinin Gülaxar kəndində doğulub.

1996-1997-ci illərdə atası Əhməd Şahbazi Qəzvin şəhərində ana dilini qoruyub saxlamaq məqsədilə qəhvəxana açır. İranın bütün şəhərlərindən aşıqlar gəlib burada oxuyar, şöhrət qazanardılar. Nasir Şahbazi uşaqlıqdan bu məclislərdə iştirak edirdi. Ona görə də bütün aşıqları tanıyırdı. Şeir və musiqiyə də maraq həmin zamanlarda yaranmışdır.

Nasirin Azərbaycanın bir sıra yerlərinin, şəhər, kənd, dağ və çay adlarının çevrilərək özgə dildə yazılmasına qarşı yazdığı kəskin etiraz ruhlu bir şeir böyük maraqla qarşılanıb və ölkənin bütün saytlarında yerləşdirilib… Həmin şeir şairin şah əsərlərindən biri sayılır.

 

Vətən

İgidlər yurdusan, qeyrət yurdusan,

Elmin varlığı, canısan vətən!

Səndən min il getsəm yorulmaram mən

Dilimin şöhrəti, şanısan, vətən!

 

Vətən xainini yoldaş bilmərəm

Özün satanları dildaş bilmərəm

Əslini atanı qardaş bilmərəm

Sən mənə şərafət yolusan, vətən!

 

Qəflət yuxusunda yatmamışam mən,

Haqqı batillərə satmamışam mən,

Türkəm öz əslimi atmamışam mən,

Qeyrətin damarı, qanısan vətən!

 

Sənsiz qalmaz bədəndə canım,

Güvənəm yolunda tökülsə qanım,

Müqəddəs torpaqsan Azərbaycanım,

Cənnətin seçilmiş bağısan, vətən!

 

ALMA MUĞANLI

1990-cı ildə Tehranda muğanlı ailəsində doğulub. İlk və orta təhsilini Tehranda alıb. Ali təhsilini Tehran Universitetində nüvə fizikası ixtisası üzrə davam etdirib.

Şeirləri "Yarpaq" qəzeti, "Yaşmaq" və "Dilmanc" jurnallarında dərc olunub. 2007-ci ildə "Bıçaqlanmış heyva" adlı şeir toplusu çapdan çıxıb.

 

Mən səni tanıdım və şair oldum

Mənim ürəyim genişdi və sənin gözlərin

sən beynindən dabanına qədər şeir qoxuyurdun

dırnaqların yerinə sözcüklər göyərirdi

gözlərindən damlayan yazılmamış şeirlərimdi

sən yaratdın bütün şeirlərimi

və mən hər şeirimdə yaratdım səni

Tanrı qısqandı məni,

və səni,

və qadınlığımı,

və şairliyimi!!

 

Folklor xalq həyatının əks-sədasıdır

(əvvəli 7, 8, 11 və 12 mart tarixli saylarımızda)

Oxşamalar, "nazlamalar", yaxud da "əzizləmələr" kimi adlanan qısa şeir parçaları laylalardan fərqli olaraq, uşaq yuxudan oyandıqdan sonra, onu bir növ yuxunun yaratdığı özündənqopma durumundan-yarıyuxululuqdan çıxarmaq, şənləndirmək və oynatmaq, əzizləmək, nazlandırmaq məqsədilə oxunan nəğmələrdir. Laylalarda həzinlik, aşağı ton üstünlük təşkil edir, oxşamalarda isə şən, ritmik olmaqla yanaşı, həm də zarafatyana ifadələr də olur. Nazlama, oxşama, əzizləmələrlə böyüyən körpələr ilk başdan səmimilik, şəfqət və mehribançılıq ruhunda, nənə-baba sevgisinə bələnərək fərəhli duyğular içində boya-başa çatırlar. "Dövlətdə dəvə, övladda nəvə" atalar sözünün də məhz nəvələrə bəslənən bu intəhasız, sərhədsiz sevginin sonunda yarandığı şəkksizdir. Çünki dəvə qədim dövrlərdə ailənin, ocağın ən böyük dövləti hesab olunurdu və imkanlı ailələr evinə ayaq basan ən əziz qonağın şərəfinə dəvə kəsirdi. Ailədə isə uşaqlardan da əziz nəvələr hesab olunur. Nəvələr, nəticələr baba-nənələrin həyatına təravət gətirir, qış çağını yaşadıqları ömür payına yeni ömür qatırlar. Bir vaxtlar övlad üçün yaşayan ata-analar ixtiyar çağlarında nəvələr üçün yaşayan baba-nənələr olurlar. Naxçıvandakı Ərəfsə kənd tam orta məktəbinin müəllimi Tərlan Nəcəfovanın yazdığı kimi, onların ürək çırpıntıları zaman-zaman şifahi xalq ədəbiyyatı nümunələrinə çevrilib. 

Güneydə oxşamalar ikilik, dördlük, bəzən hətta beşlik və altılıq şəklində də olur.

 

Balama qurban ağ atlar,

Balam haçan çay atlar.

 

Süd dibi, qaymaq dibi,

Qurbanın olsun bibi…

 

Şan bağlayan arılar,

Qonar, gülə sarılar,

Balama qurban olsun

Yaşı ötmüş qarılar…

 

Nazlamalar körpələri məhz əzizləmək, kiçik yaşlı uşaqları əməyə cəlb etmək, qızları ev işləri görməyə meyilləndirmək və onları gələcək həyata, ana, bir ocağın sahibi olmağa hazırlamaq baxımından düzülüb-qoşulub:

 

Dınqılı qızım, dur çay qoy,

Evimizi süpür, nahar qoy,

Öymüzə qonaqlar gəlir,

Yüftə dodaqlar gəlir.

 

Çaqqalalar gül açdı,

Mənim balam dil açdı.

Çaqqalalar calandı,

Mənim balam "Məlandı".

Hamı çıxıb gedəndi,

Balam mənə qalandı.

Mənim balam, naz balam,

Çiçək balam, düz balam.

 

Bu nazlamanın başqa bir versiyasında dolu, dopdolu mənasını verən və qızlara qoyulan adlardan olan "Məlan" isimli körpə əzizlənir və öncəki nazlamada Azərbaycanın Araz sərhədlərinə yaxın bölgələrində - Culfa, Qarakilsə, Naxçıvan, Ordubad, Şərur, Zəngilanda kal, yetişməmiş meyvələrə deyilən "çaqqala" kəlməsi (Ərix hələ çaqqaladı, dəymiyif (Zəngilan); Əriyi çaqqala yemə, qızdırarsan (Naxçıvan) "şaftalı" sözü ilə əvəzlənib:

Şaftalılar calandı,

Məlan mənim balamdı.

Esmira FUAD,

filologiya elmləri doktoru.