DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞANDAN PREZİDENT SEÇKİLƏRİNİN TARİXİ İLƏ BAĞLI QƏRAR

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin tarixi ilə bağlı qərar imzalayıb. “Report”un xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Qərara əsasən, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

Ərdoğan bildirib ki, şənbə günündən etibarən seçki mərhələsi başlayacaq: “Qərarın xalq və siyasi elita üçün uğurlu olacağına ümid edirəm. Seçkilərin mayın 14-də keçirilməsi ilə bağlı xeyli əvvəldən xalqa məlumat vermişdik. Seçkilərin iyunun 18-də keçirilməməsinin bir sıra obyektiv səbəbləri var. Bunlardan biri də iyunda Həcc ziyarətinin başlamasıdır. Ona görə də seçkilərin tarixini önə çəkdik”.

Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərini elan edərkən qeyd edib ki, seçkilərin tarixinin uzadılması siyasi böhranla nəticələnə  və zəlzələnin fəsadlarının aradan qaldırılmasına mane ola bilərdi.

Dövlət başçısının sözlərinə görə, Türkiyə  hazırkı məqamda vaxt itirə bilməz. “Biz yenidənqurma işlərini sürətlə davam etdirmək üçün seçkilər məsələsini ən qısa müddətdə geridə qoymalıyıq”, - deyə Ərdoğan əlavə edib.

 

ABŞ AVROPA İTTİFAQINA BU ADDIM QARŞILIĞINDA VERGİ GÜZƏŞTLƏRİ TƏKLİF EDİB

ABŞ Çinlə qarşıdurmaya qoşulmaq üçün Avropa İttifaqına (Aİ) vergi güzəştləri təklif edib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, Ağ Ev Aİ-yə mövcud ticarət mübahisələrini həll etməyi irəli sürüb. Belə ki, ABŞ rəsmiləri bəzi Avropa liderlərinə ötən il qəbul edilmiş iqlim qanunu çərçivəsində fəaliyyət göstərən vergi subsidiyaları və güzəştlərindən istifadə etmək imkanını vəd ediblər.

Bildirilir ki, bunun müqabilində Avropa ölkələri Çin bazarını tərk etməli idilər, buna isə Almaniya hazır deyil. Çünki Berlin və Pekin arasında sıx ticarət əlaqələri qurulub.

“Qarşılıqlı münasibətlər Çinin artan iqtisadi və hərbi gücünə necə reaksiya veriləcəyi ilə bağlı ABŞ və Avropa ölkələri arasında davam edən fikir ayrılıqlarını üzə çıxarıb”, - deyə nəşr vurğulayıb.

 

LUKAŞENKODAN MƏMURLAR ÜÇÜN ÖLÜM CƏZASINI NƏZƏRDƏ TUTAN QANUN

Belarus prezidenti Aleksandr Lukaşenko “Cinayət Məcəlləsinin dəyişdirilməsi haqqında” qanun imzalayıb. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Belarus Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya əsasən, sənədin imzalanmasında əsas məqsəd ekstremist (terrorçu) və dövlət əleyhinə cinayətlərə qarşı mübarizəni gücləndirməkdir.

Eyni zamanda, sözügedən qanun məmur tərəfindən dövlətə xəyanətə görə cinayət məsuliyyətinin vəzifə sahibi olan bütün şəxslərə şamil edilməsini nəzərdə tutur.

Bununla yanaşı, vəzifəli şəxs və ya hərbi qulluqçu tərəfindən törədilən dövlətə xəyanətə görə müstəsna cəza tədbirinin - ölüm cəzası qərarının verilməsi nəzərdə tutulur.

 

İLON MASK TEXASDA ÖZ ŞƏHƏRİNİ SALMAĞI PLANLAŞDIRIR

Amerikalı iş adamı İlon Mask ABŞ-ın Texas ştatının paytaxtı Ostin şəhərinin yaxınlığında yeni aldığı ərazidə öz şəhərini salmağı planlaşdırır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Mask və onun şirkətlərinin işçiləri sahibkarın ideyasını əməkdaşların işləyə və yaşaya biləcəyi Kolorado çayı boyunca bir növ Texas utopiyası kimi təsvir ediblər.

Qəzetin həmsöhbətləri bildiriblər ki, planlaşdırılan şəhər Texasda tikilən Maskın “SpaceX” və “Boring” şirkətinin məkanlarına bitişikdir. Artıq ərazidə bir qrup modul tipli evlər, hovuz, açıq idman meydançası və idman zalı tikilib.

Bununla yanaşı, İlon Maskın əsas köməkçilərindən biri, “Boring Company”nin prezidenti Stiv Devis iş adamının daha böyük planlarını, o cümlədən tamhüquqlu böyük şəhər salmaq barədə danışıb.

Məlumat üçün qeyd edək ki, Texas qanunvericiliyinə görə, bir şəhər yalnız ən azı 201 sakini olduqda qeydiyyata alına bilər.  İlon Maskın ehtimal olunan şəhərinin salındığı Bastrop dairəsinin nümayəndəsi isə bildirib ki, administrasiyaya nə sahibkardan, nə də onun təşkilatlarından müraciət daxil olmayıb.

 

Sİ CİNPİN YENİDƏN ÇİNİN SƏDRİ VƏZİFƏSİNƏ SEÇİLİB

Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXNK) deputatları cümə günü səsvermənin nəticələrinə əsasən yekdilliklə Si Cinpini üçüncü beş illik müddətinə yenidən Çinin sədri vəzifəsinə seçiblər. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, dövlət başçısının seçilməsi martın 10-da səhər ÜXNK-nın 14-cü çağırış birinci sessiyasının üçüncü plenar iclasında gizli səsvermə yolu ilə keçirilib.

Bildirilir ki, plenar iclasda 2952 deputat iştirak edib. Si Cinpinin yenidən Çin Xalq Respublikasının sədri seçilməsi ilə bağlı qərar yekdilliklə qəbul edilib. Çin parlamenti Si Cinpini, həmçinin, yenidən Mərkəzi Hərbi Şuranın rəhbəri vəzifəsinə seçib.

Məlumat üçün qeyd edək ki, Si Cinpin Çin tarixində üçüncü müddətə seçilən ilk sədr olub. Ölkənin hazırkı lideri ilk dəfə 2013-cü il martın 14-də ÜXNK-nın 12-ci çağırış sessiyasında ÇXR-in sədri seçilib, 17 mart 2018-ci ildə isə ÜXNK-nın 13-cü çağırış sessiyasında ikinci beşillik üçün sədr kimi yenidən təsdiq edilib.

 

NETANYAHU: İRAN DƏHŞƏTLİ NÜVƏ MÜHARİBƏSİNƏ SƏBƏB OLA BİLƏR

İrana nüvə silahı əldə etməyə icazə verilərsə, dünyada nüvə müharibəsi başlayacaq. “Report” agentliyinin “The Jerusalem Post” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.

“Dünya Tehranın nüvə silahı əldə etməsinə əngəl olmasa, dəhşətli nüvə müharibəsi başlayacaq. Bu, hamımız üçün problemə çevriləcək. Bu, dünyanı dəyişəcək”, - deyə baş nazir vurğulayıb.

Benyamin Netanyahunun fikrincə, İranın nüvə silahının ortaya çıxması bölgədə zəncirvari reaksiyaya səbəb olacaq, çünki belə bir təhlükəni anlayan digər rejimlər silahlanmağa tələsəcəklər.

Eyni zamanda, Netanyahu İrana qarşı savaşın başlayacağı təqdirdə nüvə müharibəsindən qorxanların şərhlərinə də cavab verib: “Əgər bunu etməsəniz, sizi müharibə, potensial olaraq dəhşətli nüvə müharibəsi gözləyir”.

Baş nazirin sözlərinə görə, sarsıdıcı sanksiyalar və həqiqi hərbi tarazlığın mövcudluğu İranın nüvə silahı istehsalını dayandırmağın tək yoludur.

 

İSTANBULDA EHTIMAL OLUNAN ZƏLZƏLƏYƏ GÖRƏ 1,5 MİLYON EV KÖÇÜRÜLƏCƏK

Türkiyənin hakimiyyət orqanları 17 milyonluq İstanbul şəhərində yeddi baldan yuxarı mümkün zəlzələ səbəbindən dağılma ehtimalı olan 1,5 milyon mənzilin beş il ərzində köçürülməsini planlaşdırır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “CNN Türk” telekanalı Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kuruma istinadla məlumat yayıb.

“Türkiyə ərazisinin 70 faizdən çoxu seysmik zonada yerləşir. Belə rayonlardan biri olan İstanbulda beş il ərzində 1,5 milyon mənzil köçürüləcək. Şəhərin Avropa və Asiya hissələrinin hər birində 500 min və söküləcək binaların yerində də bir o qədər yeni bina tikiləcək”, - deyə nazir vurğulayıb.

Türkiyənin Seysmologiya Xidməti Anadolu və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşən İstanbulda 7-7,5 bal gücündə zəlzələ proqnozlaşdırır. Belə zəlzələ 90 min evin dağılmasına, 260 min evin zədələnərək yaşamaq üçün yararsız hala düşməsinə, 4,5 milyon sakinin evsiz qalmasına səbəb ola bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.