Bölgə xəbərləri: Ağcabədi
Region

Bölgə xəbərləri: Ağcabədi

Ağcabədinin dəyərli təhsil ənənələri olub,  bu qədim diyar Azərbaycan elminə görkəmli alimlər,  elm xadimləri bəxş edib. Rayonda qabaqcıl təhsil ocaqları fəaliyyət göstərir və həmin məktəblərdə həm təhsilin məzmunu,  mahiyyəti,  məqsədləri,  səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Qədim tarixi olan və şərəfli yol keçmiş Kəhrizli kənd orta məktəbin 110 illik yubileyi qeyd edilib. 

Tədbirdə Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəbin direktoru Xatirə Məmmədova çıxış edərək 110 ildir ki,  fəaliyyət göstərən təhsil ocağının tarixi,  qazanılan uğurlar,  tanınmış ziyalıları və məzunları haqqında məlumat verib.

Qeyd edək ki,  Kəhrizli kəndində ilk məktəb dövrünün görkəmli ictimai xadimi,  xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşirin təşəbbüsü ilə tikilib.  Məktəbin fəaliyyət göstərməsi üçün Həmidə xanıma həyat yoldaşı,  böyük mütəfəkkir yazıçı Cəlil Məmmədquluzadə yaxından kömək göstərib,  20 ədəd skamya və sinif lövhəsi düzəltdirib. O,  bu fədakar xanımla bərabər,  lazım olan müxtəlif dərs ləvazimatı toplayıb, həmçinin məktəbin ilk müəllimi kimi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olub. Həmidə xanım özü də həmin məktəbdə müəllimlik edib.  Burada dərslər ana dili ilə bərabər,  rus dilində də tədris olunub. Hazırda 110 yaşını qeyd edən Kəhrizli məktəbi Cəlil Məmmədquluzadənin adını daşıyır.  19 sinifdən ibarət olan təhsil ocağında 358 şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur.                     

***

Alın təri, halal zəhməti ilə ucalan insan... Həmyerliləri Famil Quliyevi  belə tanıyırlar.  Hələ gənclik illərində Ermənistanın hərbi təcavüzünə məruz qalıb, yerli özünümüdafiə dəstələrinin tərkibində xain düşmənə qarşı döyüşüb, həmkəndlilərini müdafiə edib. Həyat yolu hamar olmayıb.

1992-ci ildə doğulub boya-başa çatdığı doğma Xocavənd rayonunun Əmirallar kəndini tərk etməyə məcbur olub. Erməni işğalından sonra ailəsi ilə birlikdə Ağcabədi şəhərinə pənah gətirib, məcburi köçkün həyatı onları nə qədər sıxsa da, ruhdan düşməyib, köhnə peşəsinə qayıdıb, bir müddət sürücü işləyib,  ailəsinin dolanışığını təmin edib. Taleyin sərt imtahanından alnıaçıq çıxıb,  övladlarını da əməyə məhəbbət ruhunda tərbiyə edib.  Bekar dayanmayıb,  heç kəsdən yardım ummayıb, sübh tezdən axşam düşənə kimi işləyib, halal zəhmətilə yaşayıb. Rayonda qabaqcıl fermer kimi tanınır.

Ötən il fermer təsərrüfatında vaxtında həyata keçirilən aqrotexniki tədbirlər sayəsində 95 hektar əkin sahəsindən 450 tondan çox pambıq tədarük olunub,  hər hektarın məhsuldarlığı 46,7 sentner  olub. Fermer cari təsərrüfat ilində də uğur əldə edib.  O,  icarəyə götürdüyü torpaqla birlikdə 120 hektarda 545 tondan çox "ağ qızıl" istehsal edib. Hər hektardan məhsuldarlıq 45,4 sentner təşkil edib. Qazandığı uğurlara görə Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 3 noyabr tarixli Sərəncamı ilə fermer Famil Quliyev lll dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Salman ALIOĞLU,

"Respublika".