Mingəçevir şəhərində səyyar qəbul
Region

Mingəçevir şəhərində səyyar qəbul

Əhalinin problemlərinin yerində öyrənilməsi məqsədilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Mingəçevir şəhəri, "Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək" İctimai Birliyinin akt zalında bu rayondan olan keçmiş məcburi köçkünlərlə səyyar qəbul-görüş keçirdi.

Rayon rəhbəri sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə "Zəfər salnaməsi" kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş Dövlət proqramlarından söz açdı. Çıxışında icra başçısı onu da vurğuladı ki, müstəqil Azərbaycan Respublikasının iqtisadi qüdrəti ilbəil artır, ölkəmiz dünya miqyasında özünəməxsus layiqli mövqe qazanır, bütün bu nailiyyətlər isə ulu öndər Heydər Əliyev siyasətini uğurla davam və inkişaf etdirən möhtərəm Prezident İlham Əliyevin müdrik fəaliyyətinin parlaq nəticəsidir. Həmçinin, qeyd olundu ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yetərincə yaxından öyrənilməsinə və operativ həllinə geniş imkan yaradır. Qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin, onları narahat edən şəxsi məsələləri rayon icra hakimiyyəti başçısının nəzərinə çatdırdılar.

Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürüldü, həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirildi.

Səyyar qəbul-görüşdən sonra Kamal Həsənov Kəlbəcər rayonu ərazisində minaya düşərək xəsarət almış polkovnik, Cəbrayıl rayonunun Sədi kənd sakini Vüqar Tofiq oğlu İsbəndiyarovu, müalicə olunduğu Gəncə şəhər hərbi hospitalında ziyarət etdi, hazırda stasionar müalicə alan polkovnikin səhhəti ilə maraqlandı.

Hərbi hospitalın həkimləri Vüqar İsbəndiyarovun aldığı xəsarətlərlə bağlı rayon rəhbərinə məlumat verib, polkovnikin vəziyyətinin stabil olduğunu bildirdilər.

Tofiq HÜSEYN,

"Respublika".