Ümumxalq Hüzn Günü bölgələrimizdə qürurla yad edilib
Region

Ümumxalq Hüzn Günü bölgələrimizdə qürurla yad edilib

Müasir Azərbaycan tarixinin ən faciəli günlərindən biri olan, eyni zamanda xalqımızın qəhrəmanlıq, şərəfli səhifələrindən sayılan 20 Yanvar hadisələrindən 34 il ötdü. Faciə günü bütün bölgələrimizdə, şəhər və kəndlərimizdə, o cümlədən işğaldan azad edilən yerlərdə böyük mütəşəkkilliklə yad edilib. Şəhidlərimizin qəbirləri ziyarət olunaraq ruhlarına dualar oxunub, məscidlərdə ehsanlar verilib.

Gəncə

Gəncə şəhərində 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilib. Anım mərasimi şəhərin Şəhidlər xiyabanında təşkil olunub. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, general-mayor Vasif Kazımov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Doridze, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, universitet rektorları, şəhərdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və sakinlər iştirak ediblər.

Əvvəlcə, rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət edib, gül dəstələri düzüblər. Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və general-mayor Vasif Kazımov "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Aparıcı tərəfindən 20 Yanvar faciəsi ilə bağlı məlumat verilib. Daha sonra din xadimi şəhidlərin ruhuna dualar oxuyub.

Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhərdə nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib. Mərasimdən sonra Niyazi Bayramov rəsmilərlə birgə Gəncənin 20 Yanvar şəhidi Valeri Boqdanovun, o cümlədən Vətən uğrunda canlarını fəda edən digər şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüb.

Laçın

20 Yanvar faciəsinin 34-cü ildönümü bütün bölgələrdə, o cümlədən keçmiş məcburi köçkünlərin sıx yaşadıqları yeni qəsəbədə geniş qeyd olunub. Taxtakörpü qəsəbəsində torpaqlarımızın müdafiəsi və dövlətçilik uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleks laçınlıların ziyarətgahına çevrilib. Yanvarın 20-də abidə-kompleksin önündə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib. Rayon icra hakimiyyəti əməkdaşlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailəsi üzvlərinin, müharibə veteranlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə qəsəbədə ucaldılmış "Şəhidlərin Xatirə Kompleksi" qarşısında keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilərək ruhlarına dualar oxunmuş, əbədi məşəlin alovlandığı Xatirə kompleksi ziyarət olunaraq abidə önünə tər qərənfillər düzülüb.

İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu.

Mərasimdə çıxış edənlər bildiriblər ki, Vətən uğrunda canlarını qurban verən mərd, igid oğul və qızların uyuduğu Şəhidlər xiyabanı xalqımızın and yerinə, milli iradəmizin şanlı salnaməsinə çevrilib.

Lənkəran

20 Yanvar faciəsindən 34 il keçir. Qanlı Yanvar Lənkərandan da yan ötməyib. O müdhiş şənbə gecəsində Bakı şəhərində törədilmiş qırğınlarda lənkəranlı Telman Bağırov, Mircamal Əbülfətov, Asif Əsədullayev, Əflatun Kazımov və Azad Mirzəyev şəhidlik zirvəsinə ucalıb. Yanvarın 26-da isə rayonun Haftonu qəsəbəsində keçmiş sovet ordusunun desantçıları tərəfindən daha 6 nəfər azadlıq mücahidi xüsusi amansızlıqla qətlə yetirilib.

Ümumxalq Hüzn Günü ilə əlaqədar rayonun təhsil, səhiyyə, mədəniyyət ocaqlarında, idarə və müəssisələrdə silsilə tədbirlər keçirilib. Yanvar şəhidlərinin qəhrəmanlıqları haqqında yazılmış kitablar, rəsm əsərlərindən ibarət sərgilər və kompozisiyalar nümayiş etdirilib, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri Şəhidlər abidə-kompleksini ziyarət ediblər, abidənin önünə və şəhid məzarlarının üzərinə gül dəstələri düzüblər.

Qəbələ

Rayonun bütün ümumtəhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa, seminar və mühazirələr, rəsm sərgisi, idman yarışları, tarixi günə həsr olunmuş xüsusi dərslər keçirilib. Tədbirlərdə Qəbələ rayon təhsil sektorunun əməkdaşları, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər. Ulu öndər Heydər Əliyevin və faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə 20 Yanvar faciəsinin səbəblərindən, Azərbaycan xalqının azadlıq mübarizəsi diqqətə çatdırılaraq, həmin gün xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi barədə danışılıb.