Cənubi Qafqazda yeni hərbi-siyasi toqquşmaya zəmin hazırlanır 
Siyasət

Cənubi Qafqazda yeni hərbi-siyasi toqquşmaya zəmin hazırlanır 

Aprelin 5-də keçirilməsi nəzərdə tutulan Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı bir daha göstərir ki, Cənubi Qafqazda beynəlxalq hüququn aliliyinin təmin edilməsində ehtiva olunan status-kvo ABŞ və Avropanı qane etmir və onlar regionda yeni münaqişəli vəziyyətin formalaşmasında maraqlıdırlar. Xüsusən, Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistanın təhlükəsizliyinə zəmanətin təmin edilməsinə dair paktın imzalanması planı sübut edir ki, Bakı və İrəvan arasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün real imkan yarandığı bir zamanda Qərb Cənubi Qafqazda yeni hərbi-siyasi toqquşmaya zəmin hazırlamaqdadır. 

Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurun işğala məruz qaldığı 30 il ərzində Qərb Azərbaycanı ərazi itkiləri ilə barışdırmaq üçün davamlı şəkildə sülh və xalqlar arasında etimad quruculuğunu təşviq edirdi. Lakin Vətən müharibəsi və antiterror tədbirlərində Zəfərimizdən sonra ABŞ və Avropanın açıq formada sülh qarşısında maneəyə çevrildiyini görməkdəyik. Bunun isə səbəbi var, Qərb imperializmi Cənubi Qafqazda maraqlarını "parçala və hökm sür" siyasəti üzərində quraraq Azərbaycan və Ermənistan arasında münaqişənin davamlılığına özlərinin regiondakı maraqlarının təmin edilməsi üçün ən yaxşı üsul kimi baxıb. Azərbaycanın 3 il ərzində Ermənistan və havadarlarını iki dəfə kapitulyasiyaya məcbur etməsi ilə planları pozulan Qərb Bakıya qarşı müxtəlif platformalarda, o cümlədən BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi təsisatlarda uğursuz qarayaxma kampaniyalarına başladı. Məsələn, ötən ilin aprelindən sentyabrına qədər "humanitar fəlakət" bəhanəsilə Azərbaycan və şəxsən Prezident İlham Əliyevə qarşı aparılan miqyaslı təzyiq kampaniyası buna misaldır. Lakin çoxsaylı hücumların fiaskoya uğraması və regionda məhz Bakının direktivlərinin reallaşması fonunda Qərb yaxşı başa düşür ki, Azərbaycan asan rəqib deyil. Təsadüfi deyil ki, istər Vətən müharibəsi, istərsə də antiterror tədbirlərində heç bir Qərb subyekti açıq formada Azərbaycanın qarşısında mövqe tuta bilmədi və onlar siyasi bəyanatlar və İrəvana vədlərlə kifayətlənməli oldular. Əlbəttə, Qərb bu reallığın fərqindədir və fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki tarixi çıxışında cənab Prezidentin də dediyi kimi: "Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir". Bu mənada, Brüsseldə keçiriləcək təcavüzkar mahiyyət daşıyan konfrans mahiyyətcə Ermənistanın təhlükəsizliyinin təmin edilməsi yox, onun revanşa hazırlaşdırılması ilə Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir. Üstəlik, bu dəfə təcavüzkar blok daha əhatəli plan üzrə hərəkət edir. Məsələn, ABŞ və Avropa Azərbaycanda qanunsuz maliyyələşmə ilə yaratdığı informasiya resurslarını daha da gücləndirərək hazır vəziyyətə gətirməyə çalışırdı. Lakin Bakının qabaqlayıcı tədbirləri faktiki olaraq Qərbi bu alətindən də müəyyən mənada məhrum etdi.

Nəticədə, daha da azğınlaşan Qərb artıq gizlin yox, açıq fəaliyyətə keçməklə güc nümayiş etdirmək niyyətindədir. Prezident İlham Əliyevin də dediyi kimi: "Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı".

Yəni ötən bir il ərzində Avropa İttifaqının Ermənistandakı missiyasının pensiyaçı hərbçilərdən ibarət "mülki" xarakteri ilə pərdələnən Qərb artıq regionda özlərinin hərbi mövcudiyyətlərini legitimləşdirmək niyyətini gizlətmir. Faktiki olaraq Avropa İttifaqı və ABŞ məqsədli formada Ermənistandakı revanşist dairələrdə yeni münaqişə başlayarsa, İrəvana hərbi dəstək verəcəyinə dair illüziya formalaşdırır. Bu isə Ermənistanı yeni münaqişəyə təşviq etməkdir. Belə olan halda, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da ifadə olunduğu kimi, Aİ və ABŞ bölgədə sabitliyi pozan hər hansı mümkün ssenariyə görə Ermənistanla birgə məsuliyyəti bölüşəcəklər. Üstəlik, Azərbaycan da prosesləri sükutla izləmək niyyətində deyil. Rəsmi Bakı hələlik "bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırır". Lakin qarşı tərəf daha da irəli getməyə çalışarsa, cənab İlham Əliyevin Prezident kimi səlahiyyətlərinin icrasına başlayan zaman elə ilk bəyanatında ifadə etdiyi kimi, "bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək".

Əlbəttə, imzalanacaq Brüssel Paktı Qafqazda ikinci Ukrayna ssenarisi və ikinci cəbhənin açılmasını hədəfləyir, bu baxımdan proses yalnız Azərbaycana yox, ümumilikdə region ölkələrinə, ələlxüsus Rusiya və İranın maraqlarına qarşı yönəlib. Lakin təəssüf ki, nə daim qırmızı cizgilər barədə bəyanatlar verməyi sevən cənub qonşumuz İran, nə də Qərbə münasibətdə barışmaz mövqe sərgiləyən Rusiya hələlik Qərbin açıq hərbi həmləsinə reaksiya vermir. Baxmayaraq ki, Qərbin Ermənistanda hərbi mövcudiyyəti, ilk növbədə, elə Moskva və Tehranın maraqlarına sarsıdıcı zərbə vuracaq.         

Bəhruz MƏHƏRRƏMOV,

millət vəkili.