Siyasət

"Ermənidən çox erməni olmaq" uğrunda yarış gedir

30 ilə yaxın bir müddət ərzində Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında saxlanılan zaman beynəlxalq ictimaiyyət, Ermənistanın havadarları bu problemin sülh yolu ilə həllinə dəstək vermədilər. Xüsusilə də ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri bölgəyə dəfələrlə "turistik" səfərlər edərək problemin dondurulmasına, sonradan isə Ermənistanın xeyrinə qərarların çıxarılmasına daha çox meyil göstərdilər. Nəticə etibarilə problemin sülh yolu ilə həlli mümkün olmadı.

Azərbaycan Ermənistanın havadarlarının bütün planlarını və oyunlarını pozdu və 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Ermənistanın Azərbaycana qarşı soyqırımı, hərbi cinayətlər, terror törətməsinə baxmayaraq müharibədən sonra ölkəmiz Ermənistana sülh əlini uzatdı və regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasında maraqlı tərəf kimi çıxış etdi və bu mövqeyini qoruyub saxlamaqdadır. Ancaq təəssüflər olsun ki, Ermənistanın havadarları sülh müqaviləsinin imzalanması və iki ölkə arasında münasibətlərin normallaşması üçün müsbət addımlar atmadılar. Hər dəfə sülhə yaxınlaşdığımız bir məqamda Ermənistan tərəfindən təxribatlar törədildi. Sentyabrda lokal antiterror tədbirləri ilə Azərbaycan öz suverenliyini tam bərpa etdikdən, separatçılığın, qondarma rejimin fəaliyyətini ləğv etdikdən sonra Ermənistanın havadarları yenidən aktivləşməyə başladılar.

Fransanın Ermənistana silah verməsi ilə bağlı anlaşmanın imzalanması bu təxribatların növbəti mərhələsidir. Bu yolla onlar Cənubi Qafqazdakı maraqlarını reallaşdırmağı güdürlər. Fransa tanış sima olsa da, biz getdikcə anti-Azərbaycan blokunun genişləndiyini görürük. Artıq Fransa ilə yanaşı, Kanada da bu prosesə qoşulub və açıq şəkildə Ermənistanın mövqeyini dəstəkləyir. Burada hər kəsə aydındır ki, erməni lobbisinin birbaşa iştirakı, onların payladığı pullar hesabına bu mövqe sərgilənməkdədir. "Ermənidən çox erməni olmaq" uğrunda hazırda yarış gedir. Nəticə etibarilə isə region çox böyük təhlükə və təhdid altında qalır.

 İstənilən halda nə Fransanın, nə Kanadanın insan haqlarından danışmağa haqqı yoxdur. Onlar daxildəki etnik qrupların hüquqlarının müdafiəsinə nəzər yetirsinlər, diqqət ayırsınlar. Yaxşı olar ki, müstəmləkəçilik, soyqırımı, xalqlara qarşı etnik təmizləmə ilə dolu keçmiş tarixlərini nəzərdən keçirsinlər. Əgər hayların havadarları Ermənistanı həqiqətən də sevirlərsə, ermənilərə öz ərazilərində yer ayırsınlar, yeni bir erməni dövləti qursunlar, yaratsınlar və onlara xoşbəxtlik bəxş etsinlər. Görünən odur ki, kilometrlərlə uzaqda yerləşən bu dövlətlərin belə bir istəyi yoxdur. Yalnız və yalnız onlar erməni lobbisinin təsiri altında bu addımları atırlar. Eyni zamanda, Cənubi Qafqazdakı mövqelərini qoruyub saxlamaq, təsir mexanizmlərini gücləndirmək də bu planın bir parçasıdır.

Azərbaycanın mövqeyi bəllidir. Ölkəmiz beynəlxalq hüquq və konvensiyalara söykənərək, beynəlxalq humanitar hüquq qaydalarına tam əməl edərək ədalətli və ləyaqətli müharibə apardı. Ümid edirik ki, tezliklə sülh əldə olunacaq və Ermənistana dəstək olan, qızışdıran, cəsarətləndirmək istəyən qüvvələrin istəkləri baş tutmayacaqdır. Onlar gec-tez anlayacaqlar ki, bu regionda, bölgədə onlara yer yoxdur. Azərbaycanın və Cənubi Qafqazın daxili işlərinə qarışmaqdansa, digər məsələlərlə məşğul olsalar daha yaxşıdır. Çünki hazırda regionda söz sahibi olan, yeni reallıqlar yaradan və problemlərin həllində maraqlı olan güclər, qüvvələr və dövlətlər var.

Naqif Həmzəyev,

Milli Məclisin deputatı.