Ölkəmiz etibarlı enerji təminatçısına çevrilir
Siyasət

Ölkəmiz etibarlı enerji təminatçısına çevrilir

Azərbaycan qazı 2020-ci il dekabrın 31-də Avropa qitəsinə çatdırıldı

XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən - "Şahdəniz Mərhələ-2", Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan evsahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. 2021-ci ildə toplantı pandemiya səbəbindən videokonfrans formatda keçirilsə də bu dəfə müvafiq  şərtlərə əməl etməklə Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri Bakıda bir araya gəldilər.

Azərbaycan Prezidenti İlham Əliyev toplantıdakı çıxışında demişdir: "...Qeyd etmək istəyirəm ki, Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlər əldə edilmişdir. Hər il biz müəyyən nailiyyətlər haqqında məlumat verirdik. Biz çox şadıq və özümüzü təbrik edə bilərik ki, bu dəfə biz Cənub Qaz Dəhlizinin uğurla tamamlanması haqqında məlumat verə bilərik. Biz çox şadıq ki, 2020-ci ilin sonuncu günü - dekabrın 31-də, yeri gəlmişkən, bu, dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür, - azərbaycanlılar üçün mühüm olan bu gündə biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdik".

Bəli, bununla da Azərbaycanın mavi yanacağı Avropaya çatdırıldı...

Trans-Adriatik (TAP) qaz boru kəməri Azərbaycan qazının Avropaya nəqlini təmin edir və region üçün böyük əhəmiyyətli layihədir. TAP-ın tikintisi, eləcə də İonik-Adriatik Qaz Kəməri layihəsinin həyata keçirilməsi enerji səmərəliliyi təhlükəsizliyinin artırılması, enerji sektorunun inkişafına dəstək olacaq. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Cənub Qaz Dəhlizi - Cənubi Qafqaz qaz boru kəmərinin, (Bakı-Tbilisi-Ərzurum) həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisinin və Avropada TAP qaz kəmərinin genişləndirilməsi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kubmetrdən artıq boru kəmərləri vasitəsilə çatdırılır. Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Cənub Qaz Dəhlizinin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. "Şahdəniz" layihəsinin tammiqyaslı işlənilməsinin ikinci mərhələsi olan "Şahdəniz Mərhələ 2" layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə olmaqla, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, enerji təhlükəsizliyini artıracaq. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən birgə Bəyanat imzalayıb. Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 2019-cu il noyabrın 30-da TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının Avropa bazarına tədarükünə isə 2020-ci il dekabrın 31-də başlanılıb.

Azərbaycandan  Avropaya ixrac olunacaq qaz Albaniya ərazisindən də keçəcək ki, bu da Albaniya ilə gələcəkdə enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni fürsətlər yaradır. 2022-ci il fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısında çıxış edən  Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Beləliklə, bizim gördüyümüz işlərin çox sayda müsbət nəticələri var. Bir daha qeyd edim ki, biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşuq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək".

Prezident həmin çıxışında həmçinin, Cənub Qaz Dəhlizinin iştirakçıları olan dövlətlər - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya hökumətlərinə də minnətdarlığını bildirib.

Albaniyanın infrastruktur və energetika nazirinin müavini İlir Bejtja bildirib ki, Albaniya enerji təchizatının təhlükəsizliyi və yerli tələbatın qarşılanması ilə bağlı ciddi problemlərlə üzləşib. O deyib ki, qazın digər fosil yanacaq mənbələri ilə müqayisədə daha təmiz enerji mənbəyi olduğunu nəzərə alaraq qaz sektorunun inkişafı gündəliyimizdə mühüm yer tutur. Cənub Qaz Dəhlizi Albaniya, eləcə də enerji mənzərəsinin yaxın və uzunmüddətli gələcəyi üçün çox mühüm alternativdir. Biz bu yenilikləri dəstəkləyəcək, ortaq plan və layihələrimizin icrasına sadiq qalacağıq.

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz isə deyib ki, Cənub Qaz Dəhlizinin reallaşması kommersiya qazının Avropaya nəqli üçün mühüm addımdır. Dəhliz vasitəsilə nəql olunacaq qazın həcmini artırmaq üçün bizə əlavə ehtiyatlar və əlavə resurs ölkələri lazımdır. Bu baxımdan biz regionumuzun rifahı naminə Azərbaycan və Türkmənistanla əməkdaşlığımızı daha da inkişaf etdirməyə hazırıq.

ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsiziliyi üzrə baş müşaviri Amos Hokştayn Birləşmiş Ştatların Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri təqdir etdiyini bildirib.

Toplantıda digər çıxış edənlər də Cənub Qaz Dəhlizinin işə salınmasını yüksək dəyərləndirmiş, Azərbaycanın Avropa bazarı üçün etibarlı təbii qaz ixracatçısı olduğunu və regionlararası iqtisadi əməkdaşlığa, enerji mənbələri və marşrutlarının şəxaləndirilməsinə sanballı töhfələr verdiyini qeyd etmişlər. Beləliklə, Azərbaycan qazı Avropa qitəsinə çatdırılıb.

Zümrüd QURBANQIZI,

"Respublika".