Zəngibasar mahalı, “Zəngi
Digər xəbərlər

Zəngibasar mahalı, “Zəngi" çayı yolumuzu gözləyir

XX əsrin bəlası - Deportasiya

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış xalqımıza məxsus minlərlə tarixi-mədəni və yaşayış yerləri dağıdılıb viran edilmişdir.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər Qərbi Azərbaycanda öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. Erməni millətçiləri 1918-1920-ci illərdə havadarlarının, xüsusilə qatı millətçi Stepan Şaumyanın köməyi ilə Qərbi Azərbaycanın Göyçə mahalında, Zəngibasarda, İrəvan şəhərində, Amasiyada, Zəngəzurda və digər azərbaycanlılar yaşayan ərazilərdə bir çox terror hadisələri həyata keçirdilər, kütləvi qırğınlar törətdilər.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr, 1948-ci il 10 mart tarixli qərarları Azərbaycan xalqına qarşı növbəti cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşlar. Ali hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrin və SSRİ rəhbərlərinin siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.

1988-ci ildə ortaya atılan qondarma "Dağlıq Qarabağ" münaqişəsinin ilkin mərhələsində 300 minə yaxın soydaşımız öz dədə-baba torpaqlarından, Qərbi Azərbaycan ərazilərindən köçürüldü. Şübhəsiz ki, bu işin təşkilatçısı Moskvadakı ermənipərəst qüvvələr oldu. Köçürülmə zamanı Qərbi Azərbaycanda bir nəfər olsun belə soydaşımız qalmadı.

Bugünkü Ermənistan dövləti əzəli Azərbaycan torpaqlarında yaranıbdır. Bu, tarixi həqiqətdir. İrəvan xanlığında, Zəngəzurda, Göyçədə, Amasiyada, Zəngibasarda və digər ərazilərdə yaşayanların əksəriyyəti vaxtilə azərbaycanlılar olub. Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, böyük türk dünyasını parçalasınlar. Ancaq vaxt çatıb, çox tezliklə Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu ədalətsizliklər aradan qaldırılacaqdır.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və bir qrup Qərbi Azərbaycandan olan ziyalılarla görüşdü. Bu tədbirdə ölkə başçısı dedi: "Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi-dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər".

Tədbirdə vurğulandı ki, Qərbi Azərbaycan həqiqətləri öyrənilməli, dünya ictimaiyyətinə çatdırılmalı, erməni saxtakarlığı, erməni yalanları ifşa edilməli, haqq-ədalət zəfər çalmalıdır.

44 günlük Vətən müharibəsində Prezident Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti sayəsində 30 ilə yaxın erməni vandallarının işğalı altında olan torpaqlarımız azad olundu. Şuşanın alınması isə müharibə tariximizə qızıl hərflərlə yazıldı. Paşinyana və onun komandasına sarsıdıcı zərbələr vuruldu.

Qərbi Azərbaycan əsilli vətəndaşlarımız Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fəal iştirak etdilər. Bu gün əsas hədəf Qərbi azərbaycanlıların itirilmiş yurd yerlərinə qayıdışıdır. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanır.

1948-1953-cü illər deportasiyası bizim ailədən də yan keçməmişdir. Atam 1952-ci ildə deportasiya zamanı erməni şovinistləri tərəfindən Zəngibasar rayonunun Şöllü kəndini məcburən tərk edib, ağır işgəncələrə məruz qalıb. Həmin vaxtdan qaçqın kimi Vətən həsrəti çəkə-çəkə Bərdə rayonunun Kətəlparaq kəndində yaşayırıq. Biz köç karvanına qoşulub həsrətində olduğumuz Zəngibasar mahalına, Qərbi Azərbaycana dönəcəyimiz günü səbirsizliklə gözləyirik...

Ədalət ALLAHYAROV,

Bərdə Rayon İcra Hakimiyyəti

başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi.