Zəngəzur dəhlizində qlobal nəqliyyat-kommunikasiya xətləri birləşəcək
Digər xəbərlər

Zəngəzur dəhlizində qlobal nəqliyyat-kommunikasiya xətləri birləşəcək

10 noyabr üçtərəfli Bəyanatına əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməlidir. Təəssüf ki, Ermənistan tərəfi bədnam əməllərdən əl çəkmək niyyətində deyil. Törədilən təxribatlar bunu deməyə əsas verir ki, bu ilin sonuna qədər imzalanması nəzərdə tutulan sülh müqaviləsi hayların çirkin əməlləri fonunda ləngiyə bilər.

Tarixə nəzər salsaq görərik ki, 1918-1920-ci illərdə ingilislər və amerikanlar Naxçıvanın Ermənistana verilməsi üçün vasitəçilik edirdilər. Həmin dövrdə hayların iddiası Naxçıvanı blokadaya salıb onu işğal etmək idi. Ermənistan yazıçısı Zori Balayan da: "özümüzü ona görə günahkar sayırıq ki, biz hadisələrə Naxçıvandan başlamadıq. Yəni Qarabağdan deyil, hadisələrə Naxçıvandan başlamalı idik", - deyirdi. Ermənilərin əsas məqsədi Naxçıvanı tutmaq idi. Amma Qars müqaviləsi ilə Türkiyə Naxçıvanın qarantı funksiyasını öz üzərinə götürdüyündən bu, mümkün olmadı.

Əsas hədəf heç şübhəsiz Zəngəzur dəhlizinin ələ keçirilməsi idi ki, bununla türk dövlətlərinin quru yolla əlaqəsi kəsilsin və mövcud yükdaşımalardan Azərbaycanın əldə edəcəyi iqtisadi gəlirlərə maneçilik törədilsin. Bu gün Naxçıvanla Azərbaycanın Zəngilan rayonunu təxminən 40 kilometrlik məsafə ayırır ki, haqqında danışılan Zəngəzur dəhlizi də məhz həmin əraziləri birləşdirir. 44 günlük Vətən müharibəsindən sonra azad edilən ərazilərimizdə bərpa-yenidənqurma işləri ərəfəsində diqqət verilən infrastruktur layihələrindən biri də Zəngəzur dəhlizinə aparan yolun çəkilməsi olmuşdur. Belə ki, 2021-ci il 26 oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini atdılar. Azərbaycan-Ermənistan sərhədinədək uzanan avtomobil yolunun "Zəngəzur dəhlizi" kimi adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının daha sonra Ermənistan ərazisindən keçəcək hissə ilə birləşdirilməsi nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, XX əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  Meğridən keçən Naxçıvan-Bakı avtomobil yolu çəkilməyə başlamışdı. Lakin  Ermənistan KP MK katibi Dəmirçiyanın hay-həşirindən sonra bu layihə yarımçıq qaldı. İndiki halda regional lider olan Azərbaycan kommunikasiyların bərpası üçün əlindən gələni edir və bütün türk dünyasının xeyrinə olacaq bu layihənin icrası üçün əsaslı işlər gedir.

Orta dəhliz layihəsi və onun tərkib hissəsi olan Azərbaycanın logistik mərkəzə çevrilməsi ilə Zəngəzur dəhlizi dünya iqtisadiyyatı üçün də olduqca mühüm əhəmiyyət kəsb edəcək.

Əfsuslar olsun ki, Ermənistan və Rusiya arasındakı gərginlik, hayların törətdiyi süni maneələr bu yolun açılmasını ləngidir. Lakin heç bir maneə bu yolun önəmini və əhəmiyyətini kölgədə saxlaya bilməz. Söhbət tək Türkiyədən  Azərbaycana, oradan isə Xəzər dənizindən Orta Asiya türk dövlətlərinə açılan yoldan getmir. Yəni bu, məsələnin bir hissəsidir. Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin əsas elementinə çevrilə bilər. Və bu da regional oyunçular üçün sərfəli bir layihədir. Hətta Ermənistan üçün də sərfəlidir. Onlar sadəcə, öz ambisiyalarının qurbanına çevrilirlər. Çünki yeni dəhlizin açılması Ermənistan üçün də müxtəlif istiqamətlərdə dünya bazarına çıxmaq imkanlarını asanlaşdırır. Daha ucuz və daha tez zamanda dünya bazarlarına çıxmaq imkanları yaradır.

Zəngəzur dəhlizi ilə bağlı digər bir mühüm məqam da onun Cənubi Qafqaz regionu, eləcə də Uzaq Şərq, Mərkəzi Asiya və Avropa üçün əhəmiyyətli olmasıdır.  Bu dəhliz vasitəsilə Aşqabad müqaviləsi ölkələri Avropa ilə ticarət mübadiləsini daha da genişləndirəcək. Belə ki, Aşqabad müqaviləsi Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafı və digər nəqliyyat dəhlizləri ilə birgə fəaliyyətin təmin edilməsi məqsədilə imzalanıb. Bu ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bazarlarına çıxarılması Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafına böyük təkan verə bilər.

Çindən Avropaya yüklərin daşınmasında əsas seqment kimi  Azərbaycanın mövqeyi danılmazdır. Zəngəzur dəhlizinin açılması nəticəsində deyə bilərik ki, il ərzində 400 milyard dollardan çox yükün transportasiyası gerçəkləşə bilər. Azərbaycan da bu dəhlizin açılmasında  əlindən gələni edir. Yükdaşıma qabiliyyəti ilə yanaşı, Azərbaycanın bu beynəlxalq layihədəki mövqeyi eyni zamanda da türk dünyasının birləşməsində də önəmli rol oynayacaq. 300 milyon nəfərlik böyük bir coğrafiyanın tranzit ehtiyacının bu yol vasitəsilə ödənilməsi layihənin əhəmiyyətini bir az da artırır.

Zəngəzur dəhlizinin açılması qlobal güclərin də marağındadır. Və gərginləşən geosiyasi vəziyyətdə Rusiyadan yan keçməklə alternativ yolların axtarışı qlobal məsələdir. Azərbaycanın logistik mərkəzə çevrilməsi yolunda bu, ciddi bir addımdır. Bu vasitə ilə Azərbaycan Şərq, Qərb, Cənub, Şimal yollarının mərkəzində yerləşən ölkə kimi həm iqtisadi, həm də geosiyasi dividendlər qazanacaq.

Nurlan ABDALOV,

  "Respublika".