“Zəif bənd”in iki və ya daha çox stulda oturmaq istəyi
Siyasət

“Zəif bənd”in iki və ya daha çox stulda oturmaq istəyi

"Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündəki çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, belə ölkələrə sözün əsl mənasında müstəqil ölkə demək olmaz. Bu ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

35 il Rusiyanın kölgəsinə sığınan Ermənistan hazırda təhlükəsizliyinə zəmanət verəcək yeni müttəfiq axtarışındadır. Namizədlərin siyahısı hələlik Fransa, ABŞ, Hindistan və İran ilə məhdudlaşır. Yeni "adaxlı"nın Azərbaycan-Türkiyə birliyi ilə münasibətləri də Ermənistan üçün vacib məsələdir. Fransanın Ermənistanın rəqib saydığı qonşuları ilə münasibətləri çox pisdir. Hindistan çox uzaqdadır. İran həm Türkiyə-Azərbaycan birliyinə qarşı zəif təəssürat bağışlayır, həm də Tehran son günlərdə Bakı və Ankara ilə əməkdaşlıqda daha maraqlı görünür. Bu halda münasib "adaxlı" namizədlərin arasında təkcə ABŞ qalır. ABŞ-ın həm Türkiyə, həm də Azərbaycan ilə münasibətləri bəzi fikir ayrılıqlarına baxmayaraq, normaldır. Üstəlik, bölgədə Rusiyaya müqavimət potensialı daha yüksəkdir. Deməli, İrəvanın onu seçməsi təsadüfi deyil.

Bu gün Qərb geosiyasi hiyləgərliklə Cənubi Qafqazı ələ almağa çalışır. Yalançı səlibçilər, "xristian dünyasının çempionları" Ermənistanı yalandan dəstəkləyir, onu qızışdırmaqla regionda yenidən ciddi münaqişə ocağı yaratmağa çalışırlar. Baş verən proseslərdə Cənubi Qafqazın ən zəif ölkəsi kimi görünən Ermənistanda əslində mövcud geosiyasi vəziyyət barıt çəlləyinə bənzəyir. Onun partlayışının nəticələrinin necə olacağını proqnozlaşdırmaq isə elə də çətin deyil. Bu partlayış sonunda Ermənistanın tamamilə yox olmasına səbəb olacaq. İndi Ermənistan Qərbin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə yaradır. Qarabağ işğalda olduğu müddətdə Qərb dairələrinin formalaşdırdığı belə bir rəy vardı ki, münaqişəni həll olmağa qoymayan Rusiyadır. Ancaq 44 günlük Vətən müharibəsində, habelə lokal antiterror tədbirləri zamanı, istər işğal dövründə, istərsə də Qarabağın azadlığından sonra gedişatdan aydın oldu ki, Qərb dairələri hansı ikiüzlü, saxta mövqedə dayanıb. Artıq Azərbaycan suverenliyini öz gücü ilə tam bərpa edib. İndi nə baş verir? ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr keçirilir! Bunun özü Amerika üçün biabırçılıqdır. Azərbaycanda, ümumiyyətlə "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur. ABŞ siyasətçiləri Azərbaycanın siyasi, coğrafi xəritəsini "öyrənməyiblər", eləcə saxta informasiyalara əsaslanır, yaxud da özlərini siyasi korluğa vururlar. Onları Qarabağın gələcəyi belə düşündürürsə, niyə 30 ildə kor olmuşdular?

Azərbaycan ərazilərinin işğal altında saxlanmasına Qarabağın ermənilər tərəfindən terror yuvasına döndərilməsinə, narkoplantasiyalar məkanına çevrilməsinə niyə susmuşdular? Ermənistan ABŞ və Fransa kimi qeyri-adekvat siyasət yürüdən dövlətlərin əlində oyuncaqdır. Hazırda Ermənistanın davranışları, Fransanın destruktiv rolu Qafqazda sülhü əngəlləyən faktordur. Fransa uzun illərdir Azərbaycana qarşı fitnəkarlıq mövqeyindədir və bu hallar gündən-günə genişlənməkdə, güclənməkdədir. Ölkənin prezidenti Emmanuel Makron başda olmaqla Fransa parlamentinin əksər deputatları, siyasi dairələri, merləri açıq-aşkar dövlətimizə qarşı düşmənçilik siyasəti yürüdür. Bütün bunlarda əsas məqsəd təcavüzkar Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirmək, qarşıdurmanı kəskinləşdirmək, müharibəni alovlandırmaq, Cənubi Qafqazda təhlükəsizliyi sarsıtmaqdır. Bütün bu reallıqlar fonunda elə Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən kənarda saxlanması motivləri başadüşüləndir. Bugünkü reallıq ondan ibarətdir ki, Fransa tam açıq, birmənalı şəkildə anti-Azərbaycan fəaliyyəti göstərir, Ermənistanın yanında yer alır. Bu da regionda sülhü təhdid edir. Amma Azərbaycanın Ermənistanın, onun havadarı Fransanın nazı ilə oynamaq niyyəti yoxdur. Ermənistan da görməlidir ki, Fransanın olduğu yerdə sülh mümkün deyil. Çünki Fransa açıq-aşkar tərəf tutur və ədalətli sülhün olmasına imkan vermir. Belə vəziyyətdən ən çox zərər görən isə elə Ermənistan özü olacaq. Azərbaycana qarşı atılan hər bir qərəzli addım Fransanın beynəlxalq siyasətdəki roluna və çəkisinə xələl gətirməklə nəticələnəcək.

Azərbaycan düşmənə layiqli cavab verməyə qadirdir. Bununla belə, möhtəşəm gücə sahib olan Azərbaycan yenə də sülh siyasətinə sadiq qalaraq Ermənistanı bütün mövcud məsələləri sülh yolu ilə həll etməyə çağırır.

Mustafa KAMAL,

"Respublika".