Yüksək məhsuldarlıq ərzaq təhlükəsizliyinin təməlidir
Region

Yüksək məhsuldarlıq ərzaq təhlükəsizliyinin təməlidir

Taxılçılıq

Ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası nəticəsində kənd təsərrüfatı məhsullarının ixracının artırılması və aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması ilə bağlı müvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyulub. İsmayıllı rayonunda 207372 hektar ümumi torpaq sahəsindən 114117 hektarı kənd təsərrüfatı təyinatlı torpaqlardır. Ondan 33130 hektarı əkinəyararlıdır.

Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, rayonda dəmyə şəraitində becərilən taxıl kənd təsərrüfatının əsasını təşkil edir, əhalinin tələbatını ödəməklə yanaşı, həm də heyvandarlıqda qüvvəli və qaba yem istehsalına təkan verir.

Qeyd edək ki, İsmayıllı rayonu öz taxılçılıq ənənələri ilə respublikamızda xüsusi yerlərdən birini tutur. Belə ki, son illərdə rayonda taxıl istehsalı 100 min tondan çox olub. Respublikamızda dəmyə şəraitində taxıl yetişdirən rayonlar arasında İsmayıllı yüksək məhsuldarlıq göstəricisi ilə fərqlənir. Lakin son iki ilin taxılçılığa dair müqayisəli iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, 2023-cü ildə əvvəlki ilə nisbətən taxıl bitkilərinin əkin sahəsi 799 hektar azalıb.

"Fazil" kəndli fermer təsərrüfatının rəhbəri Vahid İsayev söhbətində bildirdi ki, rayonun iqliminə görə əkinçilik dəmyə şəraitində aparılır. Məhsuldarlıq da iqlimə və qulluğa uyğun olaraq dəyişir. İxtisasca aqronom olduğumdan və uzun illər bu sahədə çalışdığıma görə deyə bilərəm ki, əkinlərə yaxşı qulluq edəndə məhsuldarlıq da yüksək olur. Əsas problemimiz isə qiymətlə bağlıdır. Hazırda satışda olan qiymət bizi qane etmir. Torpağın şumundan tutmuş, malalanması, disklənməsi, toxumun alınması, gübrə və biçinə qədər olan sərfiyyat xərclərini toplayanda taxılın alış qiyməti bizə heç cür sərf etmir. Bu səbəbdən də son bir neçə ildə mövsümü ziyanla başa vururuq.

Dövlət tərəfindən verilən subsidiyaya toxunan fermer qeyd etdi ki, bu əvvəllər yaxşı idi, 400 manat verilirdi və gübrələri də güzəştlə alırdıq. İndi isə arpaya və buğdaya 210 manat verilir. Bununla xərclərin öhdəsindən gəlmək olmur. Məlum məsələdir ki, 50-55 manata şum edilir, 30 manata səpin. Bu səbəbdən də təsərrüfatda işləyənlərin sayı getdikcə azalır. Fermerlərin üzləşdiyi bu çətin vəziyyətdən çıxış üçün təklif edirəm ki, ya gübrələrin qiymətinə güzəşt edilsin, ya da subsidiyanın məbləği artırılsın. Əgər bunları etmək mümkün deyilsə onda taxılın satış qiyməti bir kiloqram üçün 40 qəpik olsun. Belə olan təqdirdə fermerlər də işlərinin öhdəsindən həvəslə gələ bilərlər.

Təcrübəli fermer Vahid İsayev texnika sarıdan da çətinliklə qarşılaşdıqlarını bildirdi. Qeyd etdi ki, indiki halda texnikalar bizim üçün çox bahadır. Bu qədər xərcdən sonra 30 qəpiyə taxıl satıb normal texnika almaq mümkün deyil. Xərci hesablayanda görürəm ki, bu işə girişməmək daha yaxşıdı. Əkinçilikdə 200 hektar sahədən istifadə edirik. Bu torpaqların bir hissəsi şəxsi mülkiyyətimizdə, bir hissəsi isə bələdiyyələrdən uzunmüddətli icarəyə götürdüyümüz sahədir. Məhsuldarlıq isə iqlimə uyğun olaraq tənzimlənir. Belə ki, yaz yağışı olanda 35, 40 bəzən də 50 sentnerə qədər məhsul olur. Hətta elə il olub ki, məhsuldarlıq 50-55 sentner olub. Həmin illərdə bəzi problemlərimizi rahatlıqla həll edə bildik. Məhsuldarlığı artırmaq üçün yüksək reproduksiyalı toxum sortlarına da üstünlük veririk. İki il dalbadal əkdiyimiz sort qüvvədən düşdüyündən yeni sortlarla əvəz edirik. Yüksək reproduksiyalı toxum sortlarını əsasən Qobustan rayonunda fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarından alırıq.

 İsmayıllı rayonunda yetişdirilən taxılın bəzi keyfiyyətlərinin yüksək olduğuna toxunan fermer qeyd etdi ki, bu səbəbdən də dəyirmanlar rayonumuzun taxılını böyük həvəslə alırlar. Çünki onu Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən alınan taxıllara qatanda un istehsalında nəzərdə tutulan göstəricini təmin etmək olur. Bu səbəbdən də dəyirmanlar bizim taxıla daim üstünlük verirlər.

"Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Prezident cənab İlham Əliyevin imzaladığı 19 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə bağlı fermerlərlə aparılan müzakirələrə toxunan V.İsayev təkliflərinin taxılçılıqla məşğul olan fermerlərin fikri olduğunu deyərək bildirdi ki, taxılçılıqda yüksək məhsuldarlıq ölkəmizdə ərzaq təhlükəsizliyinə ən yaxşı töhfədir. Bunun üçün isə fermerlərin qarşılaşdığı mövcud problemlər peşəkarların iştirakı ilə təhlil edilməli və inkişafı yüksəltmək naminə ümumi qərar qəbul olunmalıdır.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".