Yeni geosiyasi reallıqlar
Siyasət

Yeni geosiyasi reallıqlar

Regionda dayanıqlı sülh və təhlükəsizlik yalnız əməkdaşlıq yolu ilə bərqərar ola bilər

Azərbaycan regionun əsas siyasi mərkəzi olmaqla yanaşı, eyni zamanda, enerji mərkəzinə də çevrilib və Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Ölkəmizin həyata keçirdiyi xarici siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Dünyada təbii qaza olan tələbat Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin önəmini daha da artırıb. Cənub Qaz Dəhlizi layihəsi həm Azərbaycan, həm də Avropa İttifaqı üçün sülh və etibarlı iqtisadi əməkdaşlıq proqramlarının müasir Yol Xəritəsi hesab olunur.

Azərbaycanın beynəlxalq aləmdə əlaqələri getdikcə genişlənir və mövqeyi daha da möhkəmlənir. Ermənistan üzərində tarixi Qələbədən sonra respublikamız dünyada qalib ölkə kimi tanınır. Bu şanlı Zəfərdən sonra ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayı artmaqdadır. Həm Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, həm də ölkəmizə rəsmi səfərə gələn dövlət başçıları ilə görüşləri zamanı da bu məqamların şahidi oluruq. Beynəlxalq siyasi münasibətlər sistemində sürətlə dəyişən güclər balansı Azərbaycanı enerji təhlükəsizliyi sahəsində önəmli aktora çevirmişdir. Hazırda dünyada gedən siyasi proseslər fonunda Avropa İttifaqı ölkələrinin enerjiyə tələbatının artması Azərbaycanla əlaqələrin yeni mərhələyə keçidi üçün real şərait yaradıb. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

İyulun 18-də Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" bunun əyani sübutudur.

Azərbaycan Avropa İttifaqının iqtisadi tərəfdaşıdır və imzalanan bu tarixi sənəd əməkdaşlığın daha da güclənməsinə və inkişafına xidmət göstərəcək. Eyni zamanda bu Azərbaycanla Aİ-nin daha da yaxınlaşması istiqamətində böyük əhəmiyyət daşıyır. Bu baxımdan qeyd etməliyik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər yaratmışdır. Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım hesab olunur. Prezident İlham Əliyev Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərinin nəticələrini müsbət qiymətləndirdiyini iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. Dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqlar prosesinə toxunub və Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini deyib.

Sentyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşündə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd edib. Şarl Mişel bununla bağlı dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olunub. Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirib.

Xatırladaq ki, Brüsseldə Azərbaycan, Ermənistan və Aİ liderləri arasında üçtərəfli görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib ki, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Aİ Şurasının Prezidenti dəmiryol xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yolu əlaqələrinin də bərpası üçün effektiv həll yolları tapmağa təşviq edib. Avropa İttifaqı öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyənləşdirmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə əlaqələrin inkişafına dəstək verməyə hazır olduğunu vurğulayıb. Bütün bunlar belə deməyə əsas verir ki, indi Cənubi Qafqaz üçün sülh, təhlükəsizlik və sabitlik olduqca vacibdir.

Cənubi Qafqazda xüsusilə İkinci Qarabağ müharibəsindən sonra cərəyan edən hadisələrə diqqət yetirsək, ABŞ-ın regionda konstruktiv iştirakının sülh və iqtisadi inteqrasiyanın dəstəklənməsində mühüm əhəmiyyət kəsb edəcəyini söyləyə bilərik. Ümumiyyətlə, Vaşinqtonun bu bölgədə həyata keçirdiyi siyasət əsasən enerji məsələləri ilə bağlı olub. Söhbət Xəzər dənizinin enerji resurslarının dünya bazarlarına tədarükündən gedir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin regiona səfəri Vaşinqtonun Cənubi Qafqaza diqqəti artırmağa başladığını göstərir. Bidirib ki, ABŞ Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafını, həmçinin region xalqlarının sabitliyə, sülhə və çiçəklənən gələcəyə nail olmaq səylərini dəstəkləyir.

Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil edir. Ölkənin enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki, bunlardan daha vacib olan ikisini xüsusi qeyd etmək mümkündür. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə ilə bağlıdır. Bu baxımdan, həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması üçün yeni imkanların yaradılması böyük əhəmiyyət kəsb edir.

Bir sözlə, Cənubi Qafqazda yeni geosiyasi vəziyyət regional iqtisadi inteqrasiyanı zərurətə çevirir. Əlbəttə ki, regionda dayanıqlı sülh və təhlükəsizlik isə yalnız əməkdaşlıq yolu ilə bərqərar ola bilər.

M.Mustafayev,

"Respublika".