Yalan və iftiralar iflasa uğradı
Siyasət

Yalan və iftiralar iflasa uğradı

Ermənistan və havadarlarının BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə sənədin qəbul etdirilməsinə yönəlmiş səyləri növbəti dəfə iflasa uğradı və rəsmi İrəvan təhrikçi müdafiəçiləri ilə birlikdə yenə də rüsvayçı məğlubiyyətlə üzləşdi.

Ermənistanın artıq bir neçə aydır ki, erməni diasporu, lobbisi və ənənəvi himayəçiləri ilə birlikdə Azərbaycan əleyhinə məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmağa hazırlaşdığını qeyd edən Milli Məclisin deputatı Azər KƏrimli bildirib ki, "humanitar yük" şousu da daxil olmaqla, rəsmi İrəvanın son dövrlər həyata keçirdiyi bütün təxribatlar bu niyyətə xidmət edib.

Ermənistanın Azərbaycan ərazisinə kəşfiyyat-diversiya qrupu göndərməsi də bu təxribat zəncirinin son həlqəsi idi və təbii ki, Azərbaycanın qəhrəman əsgər və zabitlərinin sayıqlığı nəticəsində bu həlqə də qırıldı. Kəşfiyyat-diversiya qrupunun dişinədək silahlanmış bir üzvünün ələ keçirilməsi isə rəsmi İrəvanı növbəti dəfə çıxılmaz vəziyyətə saldı və xain planının ifşa olunmasına zəmin yaratdı.

Hər zaman olduğu kimi, bu gün də beynəlxalq hüquq, ədalət Azərbaycanın tərəfindədir və bu sıraya ölkəmizin beynəlxalq nüfuzunu da əlavə etsək, Ermənistan üçün tunelin sonunda işığın görünmədiyini söyləmək mümkündür. Rəsmi İrəvanın hər dəfə iflasa uğrayan cəhdləri nəticəyə varmasa da, sülh prosesinə zərbə vurur və bundan sonra Ermənistanın sülhdən hansı haqla və necə danışacağı bəlli deyil. Azərbaycan 30 ilə yaxın zaman kəsiyində sülh olmadan nəinki yaşaya, hətta regionun lider dövlətinə, qlobal proseslərin fəal aktoruna çevrilə bildi. İşğala son qoymaq potensialına malik ordu qurdu, regionun enerji və nəqliyyat habı olmaq missiyasına sahibləndi. Bu baxımdan, bizim sülh olmadan da yaşamaq, inkişaf etmək təcrübəmiz var. Amma Azərbaycanın getdikcə artan iqtisadi və hərbi gücü, eləcə də ölkəmizin müttəfiqlərinin regional və qlobal proseslərə yön vermək potensialı, bu potensialın yüksələn xətlə inkişafı perspektivi Ermənistanın bir dövlət olaraq, mövcudluğu üçün sülhdən başqa yol qoymur. Bu baxımdan, sülh olmayacaqsa, deməli, Ermənistan itirilən hər günün hesabını ödəməli olacaq.

Deputat qeyd etdi ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər də artıq reallıqları dərk etməli, separatçıların girovluğunda yaşamaqdan xilas olmalıdırlar. Azərbaycan cəmiyyətinə reinteqrasiyanın alternativi yoxdur. Bu, Qarabağda yaşayan erməni azlığı üçün yeganə seçim imkanıdır.

M.NƏRİMANOĞLU,

"Respublika".