Xocalının Malıbəyli kəndi doğma sakinlərini qarşılamağa hazırlaşır
Sosial həyat

Xocalının Malıbəyli kəndi doğma sakinlərini qarşılamağa hazırlaşır

Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi Xocalı rayonunun Malıbəyli kəndində də geniş bərpa-quruculuq işləri həyata keçirilir. Malıbəyli kəndi 32 il əvvəl didərgin düşmüş doğma sakinlərini bu il qoynuna almağa hazırlaşır.

"Bakı Abadlıq Xidməti" MMC-dən bildirilib ki, hazırda Malıbəyli kəndidə 123 fərdi evdə və çoxmənzilli yaşayış binalarında bərpa-tikinti işləri aparılır. Kəndin ərazisində həmçinin təmizlik-abadlıq işləri də davam etdirilir. Fərdi evlər və çoxmənzilli binalarla yanaşı kəndin infrastrukturu da yenidən qurulur, qaz xətləri çəkilir.

Şirkətin mühəndisi Nəcəf Kərimov bildirib ki, onlar fərdi yaşayış evlərinin bərpasını və yenidən tikintisini həyata keçirirlər.

"Hazırda sıfır səviyyəsindən tikinti işləri ilə yanaşı təmir işləri də davam etdirilir. Təmir-bərpa olunan evlərdə suvaq vurulur, dam örtükləri dəyişdirilir, köhnə konstruksiyalar yenisi ilə əvəzlənir. Fəxr edirəm ki, bir inşaatçı kimi işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında mənim də əməyim var", - deyə N.Kərimov vurğulayıb.

Malıbəyli kənd sakini Xuda Məmmədov isə doğma kəndlərinin bərpasında və abadlaşdırılmasında böyük ruh yüksəkliyi ilə iştirak etdiklərini bildirib: "Malıbəyli kəndində aparılan bərpa-yenidənqurma və təmizlik işləri bizi sevindirir. Biz Malıbəyli kəndinin sakinləri olaraq kəndimizin bərpasında, abadlaşdırılmasında böyük həvəslə iştirak edirik. Burada işlə təmin olunmuşuq və böyük ruh yüksəkliyi ilə kəndimizdə çalışırıq".

Digər həmsöhbətimiz Seymur Əsədov da tikinti-bərpa işlərində sevinclə iştirak etdiyini qeyd edib: "Çox sevinirik ki, torpaqlarımız işğaldan azad olunub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Qarabağımızın qurulmasında fəxrlə iştirak edirik. İnşallah bərpa-tikinti işləri yüksək səviyyədə başa çatar və bütün qarabağlılar öz doğma yurd-yuvalarına qayıdarlar".