Vətəninə, xalqına müxaliflik olmaz
Siyasət

Vətəninə, xalqına müxaliflik olmaz

Bəzən edilən yanlışlıqların nəticəsi sonrakı nəsillərə baha başa gəlir. Vaxtilə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunmasına görə birbaşa məsuliyyət daşıyan və bu gün də antimilli mövqeyindən əl çəkməyən AXC-Müsavat cütlüyünün fəaliyyəti  kimi. Hələ 90-cı illərin əvvəllərində hakimiyyət hərisliyi ilə bütün yollara əl atan AXC-Müsavat cütlüyünün xəyanəti torpaqlarımızın işğal altına düşməsinə şərait yaratdı. Prezident İlham Əliyev dəfələrlə bu məsələyə toxunaraq deyib: "O vaxt problemlərimizdən biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti olmuşdur. Çünki siz gənclər təbii ki, o illəri xatırlamırsınız. Əlbəttə ki, bizim nəsil – o illəri yaşamış insanlar kimi biz o dövrü yaxşı xatırlayırıq. Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi. 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər". Həmin illərdə Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyən AXC təmsilçiləri regionlarda olan strukturların fəaliyyətini iflic hala salır, cəbhə bölgələrində döyüşən silahlı dəstələri nəzarətləri altına alır, lazımi anda həmin dəstələri öz maraqlarına uyğun şəkildə istiqamətləndirirdilər.

Şuşanın, Laçının və Kəlbəcərin işğal edilməsi də birmənalı şəkildə AXC-nin hakimiyyətə gəlməsi planının tərkib hissəsi idi. 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşməsi ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. AXC-Müsavat cütlüyü tərəfindən Qarabağın ermənilərə təhvil verilməsinin isə bir adı var – milli xəyanət.

AXC-Müsavat cütlüyünün günahları və xəyanətləri ucbatından ölkənin müstəqilliyi də təhdid altında idi. Bu məqsədlə xalq Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Yalnız Ulu Öndərin hakimiyyətə qayıtmasından sonra respublikada siyasi vəziyyət normallaşdı, AXC-Müsavat cütlüyünün növbəti xain planları fiaskoya uğradı. Xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçilən Heydər Əliyev ölkəni böhrandan çıxarmağa nail oldu. Beləliklə, Ümummilli Liderin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başlandı.

Ulu Öndər Heydər Əliyev deyirdi ki, "kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına müxalifətdə durmasın". Göründüyü kimi, elə məsələlər var ki, müxtəlif sosial qrupların, partiyaların və siyasi qüvvələrin birləşməsini tələb edir. Azərbaycanın mənafeyi məsələsində gərək bütün strukturlar vahid ideya ətrafında birləşsinlər. Necə ki, qardaş Türkiyədə bütün əsas siyasi partiyalar İkinci Qarabağ müharibəsi başlanan zaman  bizə öz dəstəyini göstərdi. Bununla yanaşı, İsrail-Həmas qarşıdurmasına görə İsrail parlamentində hazırda vahid birlik müşahidə olunur.

Radikal müxalifət öz keçmişindən, xalqın, dövlətin başına açdığı oyunlardan utanmaq əvəzinə, bu gün yenidən xəyanətkar əməllərini davam etdirir. Məlum olduğu kimi, sentyabr ayında Qarabağdakı xunta rejiminə son qoymaq üçün Azərbaycan lokal antiterror tədbirləri keçirdi. Məhz bu tədbirlər nəticəsində suverenliyimiz tam bərpa olundu. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar Ermənistanın Azərbaycanın Konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə dəstək bəyanatı qəbul etdilər. Bəyanatda siyasi partiyaların Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti dəstəklədikləri, ölkə başçısının ətrafında sıx birləşdikləri əks olunub. Həmin sənəddə imzası olan 23 partiya arasında yenə də öz xainliyi ilə seçilən Azərbaycan Xalq Cəbhəsi, Müsavat və REAL partiyalarının adı yox idi.

Xatırlatmaq lazımdır ki, AXCP və Müsavat partiyaları 2020-ci ilin iyulunda da Tovuz rayonunda ermənilər terror aktları həyata keçirən zaman 43 siyasi partiyanın imzaladığı "Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair" bəyanatını imzalamamışdılar. Xüsusi vurğulamaq lazımdır ki, İkinci Qarabağ savaşı zamanı bir neçə dəfə siyasi partiyalar bir araya gələrək beynəlxalq təşkilatlara Ermənistanın vandal hərəkətləri və dinc sakinlərin raket atəşinə tutulmasına etiraz əlaməti olaraq bəyanatlar, müraciətlər ünvanladıqları zaman da Müsavat və AXCP həmin müraciətlərə qoşulmamışdılar. Bundan başqa, Prezident Administrasiyasında siyasi partiyaların rəhbərləri ilə keçirilən görüşlərə də AXCP və Müsavat funksionerləri qatılmadılar, siyasi dialoq çağırışlarına əhəmiyyət vermədilər.

Nurlan ABDALOV,

"Respublika".