UNİVERSİTETDƏ
Elm və təhsil

UNİVERSİTETDƏ "MƏZUN GÜNÜ"

Lənkəran Dövlət Universitetinin tədris korpusunun qarşısında "Məzun günü" keçirilib. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Sonra Dövlət Himni səsləndirilib.

Universitetin rektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov təhsil ocağının uğurlarından danışıb. Bildirib ki, son illər universitetin maddi-texniki bazasının müasirləşdirilməsi, yeni tədris korpusunun və yataqxananın tikilməsi, təhsil mühitinin inkişaf etdirilməsi, kadr hazırlığının təkmilləşdirilməsi, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, kollektivin sosial-iqtisadi vəziyyətinin, rifah halının daha da yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb.

Universitetin 30 illik yubileyinin təntənəli şəkildə qeyd edildiyini vurğulayan rektor Prezident İlham Əliyevin Sərəncamı ilə kollektivdə 5 nəfərin fəxri ad və medalla təltif olunduğunu bildirib. Bu il bakalavriat səviyyəsində 30 ixtisas üzrə 880, magistratura səviyyəsində isə  25 ixtisaslaşma üzrə 145 məzunun təhsilini başa vurduğu bildirilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəran Dövlət Universitetində iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksəkixtisaslı mütəxəssislərin, vətənpərvər gənclərin hazırlandığını vurğulayaraq təhsil ocağının Lənkəranın beynəlxalq səviyyədə tanıdılmasında, bölgənin sosial və mədəni inkişafında rolunu yüksək dəyərləndirib.

Milli Məclisin üzvü Rüfət Quliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, 9 saylı uşaq bağçasının müdiri Ülkər Nuriyeva, valideyn Elmira Nəzirova, məzun Zəhra Əhədova məzunlara təbrik sözlərini, xoş arzularını çatdırıblar.

Tədbirdə qabaqcıl məzunların bir qrupuna fərqlənmə diplomları və Lənkəran Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub. "Məzun günü" tələbələrin hazırladığı konsert proqramı ilə yekunlaşıb.

Əlisəfa HƏSƏNOV,

"Respublika".